Məsihi yaşamı İsəviliyin öyrətdiyi kimi yaşamağa çalışmaq və bu çalışmaq cəhdlərindən doğan sonucdu. Məsihi yaşamı bir prosesdi.
Məncə bunu qeyd etmək artıqdır ki, Tanrıya inanan və inancını da yaşamının ortaçına çəkən insan həmin inanca, onun öyrətdiyinə uyğun yaşamağı qəbul etmiş olur. Məsihiliyi çox sıx yaşamaqdan tutmuş, ara-sıra, yıxıla-qalxa kimi də yaşamaq mümkündü və məncə hər insan İlahiylə münasibətinə dayanaraqdan, Müqəddəs Ruhun təsiriylə öz yolunu seçir.
Ancaq Məsihiliyi hər necə yaşamağımızdan asılı olmayaraq bəzi ritualllar, ayinlər, təkrarlanması gərəkən praktikalar vardır ki, onlar İsəvi yaşamanı gəlişdirir, bizi ayaqda tutur və kimliyizi Tanrı işığında həm özümüz, həm də başqaları üçün aydınlatır. Bu cür, ritual və praktikalar sadəcə Məsihiliyə aid deyil, bütün inanc sistemlərində, özəlliklə də uzun tarixə malik, gəlişmiş, zəngin dinlərdə görülür. Aşağıda bir çoxlarınıza başqa inanclardan tanış olan və Məsihilikdə də rast gəlinən bu praktikalardan, inanclı yaşam cəhdlərindən bəzilərini sadalayacam.
1. Dua. Başqa dinlərdə olduğu kimi, Tanrı ilə münasibətə girmənin bir şəkli olan dua bizə İlahi ilə münasibətdə kim olduğumuzu xatırladır və bizi İlahi ilə ünsiyyətdə yetişdirir.
2. Oruc. Xristianlıqda da bu və ya digər qidadan ruhi məqsədlə müəyyən müddətə imtina etmək var. Həm İsa Məsihin, həm də ondan sonrakı dönəmlərdə bu belə olub.
3. Kollektiv Tapınış (ibadət). Tanrıya ibadət inanclı birisi üçün ən önəmli özəllikdi. Bütün həyat özlüyündə tapınış kimi yaşana bilər, ancaq bundan başqa bir də içtimai-sosial, rituallaşmış və sistemləşmiş, institutlaşdırılmış tapınış şəkli var. Məsihilər bunu hər həftə müxtəlif icmalarda bir araya gəlib İlahiyə tapınmaqla yaşayırlar.
4. Qutsal Kitabı (inanclı kimi) oxuma. Müqəddəs Kitabı və ya Bibliyanı inanclı kimi oxumaq onu İlahi Açılımın təzahürü şəkli kimi anlamaq və bu baxış bucağından da onu oxumaq, ona dəyər vermək, onunla dialoqa girmək deməkdi. Qutsal Kitabı istəsəniz ateist gözüylə də oxuyarsınız, ancaq belədə oxunuş yanaşması İlahiyə yaxınlaşmaq üçün elə də böyük önəm daşımır. Bir inançlı Qutsal Kitabı bir çox baxış bucaqlarından oxuya bilməlidir, ancaq bunların arasında ilküstünlük (prioritet) inanc nöqteyi-nəzərindən oxumaq və anlamaqdı.
5. Meditasiya. Bu sözü eşidəndə ilk ağla gələn yəqin ki, Buddizmdi. Ancaq meditasiya bir çox din və mədəniyyətlərdə fərqli formalarda rast gəlinən bir təcrübədi. İslamda, yəqin ki, zikr meditasiyaya yaxın və ya bənzər anlayışdı. Məsihilikdə də meditativ təcrübələr, müxtəlif üsullar var. Latın Qərbinin İsəviliyində Lectio Divina, Pravoslavlıqda isə Hezixazm meditasiyanın İsəvilikdə rast gəlinən şəkillərindən biridi.
6. İçaçma və bağışlanma. Bu sözlərdən biri (içaçma) azacıq qəribə gələ bilər, ancaq hər ikisinin arxasında duran ideyalar oxucuya tanışdı. Məsihilikdə önəmli praktikalardan biri etirafdı. Ancaq etiraf sözü dünyəvi anlamda ümumiyyətlə bir şeyi, gizlətdiyin, açmadığın bir şeyi ətrafdakılara anlatmağa deyilir. Xristianlıqda isə etiraf məhz bir əməlini günah kimi dəyərləndirməkdən, peşmançılıqdan və bunu bağışlanılmaq məqsədilə açıqlamaqdan qaynaqlanır. Yəni Xristianlıqdakı içaçmada əxlaqi dəyərləndirmə və inanc elementi var. Odur ki, bunu içaçma adlandıraq. İçaçma öz günahını bağışlanmaq üçün etiraf etməkdi. Mən tövbə sözünü bilərəkdən işlətmirəm, çünki sözün islami çaları var.
Bu praktikaların hamısı biri-birilə sıx bağlıdı və onlar arasında heç də həmişə kəskin sərhəd yoxdu. Məsələn, içaçma və bağışlanma tez-tez dua ilə müşaiyət olunur. Ümumbəşəri kilisə uzun əsrlər boyu hər bir praktika ilə bağlı zəngin təcrübə toplayıb və onları öyrənib yararlanmaq bütün inanclılar üçün xeyirlidi.
No comments:
Post a Comment