Azərbaycanda teoloji düşüncə ölgündü. Bunun bir sıra səbəbləri var, mən onlardan üçünə toxunacam. Birincisi, Azərbaycanda teoloji düşüncə, həmişə İslam dininə dayanıb, onun ideyaları üzərində gəlişib. Arada başqa dinlərlə, inanclarla, ideologiya və s. ilə bir görüşmə, alış-veriş olmadığına görə bu ilahiyyatçılıq düşüncəsi cırlaşmağa başlayıb. Doqmaları nə qədər dönüb-dolaşıb təkrarlamaq olar? İkincisi, Azərbaycanda Sovetin təsiri ilə ilahiyyatçılıq düşüncəsi və dərin ilahiyyatçılıq ənənəsi demək olar ki, ölüb. Əslində Sovet hökumətindən öncə də çox ciddi, dərin bir şey yox idi, çünki Azərbaycan İslam dünyasının qırağındadı dərin ilahiyyatçılıq axınlarından uzaqdaydı, bundan başqa İslam ilahiyyat düşüncəsi özü bir çöküş dönəminə girmişdi və indiyə qədərdə bu belə qalmaqdadı. Sovet hökumətinin sistematik təsiri ilə olan-qalan ənənə də zəiflədi.
Üçüncüsü, İslam ilahiyyatında və İslam ilahiyyatçılıq təhsil sistemində radikal və yeni dövrün (moden və post-modern) gətirdiyi çətinliklərlə açıqca dialoqa girmək, ondan öyrənmək, alıb-vermək, öz qüsurlarını tanımaq və bunu aradanq aldırmağa çalışmaq kimi bir yanaşma ya yoxdu, ya da çox zəifdi. Bəsit bir misal: Qurani Kərimin tənqidi araşdırılması əsasən Qərb ölkələrində baş verir. Bu tənqidi araşdırmayla məşğul olan müsəlman alimlərin oxuyucuları da əsasən Qərbdəki təhsilli təbəqədi. Onların çoxu İslam dünyasından qaçıb çünki həyatlarına təhlükə var və oxucuları azdı. Qısacası, Azərbaycandakı ilahiyyatçı düşüncənin ölgünləşməsində daxili-yerli və xarici-regional-universal səbəblər var.
Ancaq Tanrıcıllıq düçüncəsi gəlişdirilməsi gərəkən bir düşüncə tərzidi və bundan toplum yararlanar. Tanrıcıllıq düşüncəsi burada Azərbaycanlıların ideya, mənəviyyat dünyasında İlahi, fövqəltəbii varlıq, onun sosial-içtimai həyatda görülməsi və iştirakı ilə bağlı (bir neçə) inanc baxış bucağından yürüdülən bütün dərin düşüncəni anladır. Tanrıcıllıq düşüncəsinin gəlişdirilməsi üçün də İlahiyə inanan, ancaq çağdaş fəlsəfəni, müxtəlif mənəviyyat və inanc axınlarını, sosial elmləri, təlimlərini bilən insanlara onların yazıb-pozmasına, toplumda iş görməsinə gərək var. Tanrıcıllıq düşüncəsi toplumda dini qaragüruhun yayılmasını zəiflədər, inancını dərinləşdirmək istəyən kəsimə barışcıl inanc düşüncəsi alternativi verər və ölkədəki ateizmə, fundamentalizmə tarazlaşdırıcı fikir yaradar.
No comments:
Post a Comment