Müqəddəs
Kitabın maraqlı özəlliklərindən biri onun çoxsəsliliyidi. Çoxsəslilik
(polifoniya) birdən çox səs, ton, mövqe, yanaşma anlamına gəlir. Deyilə bilər
ki, çoxsəslilik hər yerdə və bir çox nəsnələrdə var. Burası doğrudur. Birisinin
bir problemə, işə, insana münasibəti zamanla dəyişə bilər. Amma çoxsəslilik
zamanla dəyişən münasibəti yox, bir məsələyə eyni bir zamanda bir neçə münasibətin,
fərqli yanaşmanın olmasını ifadə edir.
Bibliyadakı çoxsəslilik hamısı bir arada
və bir neçə təməl məsələyə münasibətdə mövcuddu. Çoxsəslilik ziddiyyət kimi
görünə bilər və yəqin ki, bir yerə qədər ziddiyyətlərin mənbəyi elə çoxsəslilikdi.
Ancaq ziddiyyətlə çoxsəslilik arasında fərqlər var. Bibliyada çoxsəsliliyə
nümunə kimi bir çox misallar çəkmək olar. Məsələn, bir yerdə Allah çox sərt,
başqa bir yerdə çox yumşaq təsvir edilirsə, bu çoxsəslilik kimi görülə bilər.
Əski Ətiqin bəzi yerlərində İsrail ağsaqqallarının Sinay dağında Allahla üz-üzə
görüşmələrindən bəhs edir, başqa bir yerində isə Allahı görmənin mümkünlüyü qəbul
edilmir.
Çoxsəslilik
o zaman problem olur ki, müqəddəs kitabdakı qeyri-müəyyənliyi, tapmacalılığı qəbul
etmək insan üçün çəkilməz hala gəlir. Xüsusən də həyatı ağ-qara görmək istəyən,
həyatın qeyri-müəyyənliyini birmənalı qaydalarda itirməyə çalışan insanlar üçün
çoxsəslilik çətin və çəkilməz problemdi. Ancaq təbii ki, bir çoxsəsliliyin bir də özündən qaynaqlanan kəs üçün çətin
yönləri var. Çoxsəslilik bəhs edilən məsələnin birmənalı və hamı üçün keçərli şəkildə
həllinə imkan vermir.
Bununla
belə, çoxsəslilik həm də mətnə, həyata bir yaradıcı gərginlik gətirir. Ziddiyyətlər
və gərginlik yaradıcılığın, yeni yanaşma axtarışlarının mənbəyidi və o, elə həyatın
özü kimi anlaşılmazdı. Mətndə çox mövqenin, səsin olması, onu həyata
yaxınlaşdırır, onu birmənalı, sadəcə bir zamana və məkana sığan yazı olmaqdan
çıxarır. Bu mənada, çoxsəslilik İlahini anlamaqda bir yol, mənbə kimi, həm də
Onu anlamaqda bir hədd kimi görülə bilər.
No comments:
Post a Comment