Bibliyada
keçən maraqlı hekayələrdən biri padşah, peyğəmbər və şair (ənənənin doğru söylədiyini
qəbul etsək) Davudun günahkarlığı, loru dillə desək, oğraşlığı və əclaflığı
haqqındadı.
Davud
tarixi şəxsiyyət olub. İsrailliləri öz ətrafında birləşdirib güclü dövlət
qurmağı bacarıb, Bibliyaya görə, şeirlər-ilahilər yazıb, hələ musiqi alətləri də
icad edib. Davud həm də qorxmaz olub. Bibliyaya görə, Davud heç kimin təkbətək
döyüşməyə cürət etmədiyi nəhəng Qoliyatı öz sapandı ilə öldürüb. Davud
hamımızın adını eşitdiyi Süleyman peyğəmbərin (və padşahın) atasıdı. Davud Rəbbin
seçdiyi bir insanmış.
Amma
Davud həm də bütün insanlar kimi günahkar olub. Dərinə getmək istəyən özü
oxuyar, mən qısaca və ümumi şəkildə nəql edim. Davudun bir vəfalı döyüşçüsü
varmış. Həmin döyüşçü Davudun ordusu ilə səfərdəykən Davud padşahın bunun
arvadına, Batşebaya, gözü düşür (detallarını Bibliyadan oxuyun). Arvadı yanına gətirir, yatağına salır, üstündən
bir müddət keçəndən sonra Batşeba buna hamilə qalması xəbərini göndərir. Bəs
Davud nə edir?
Qoşun başçısına xəbər göndərir, həmin döyüşçünü geri gətizdirir, ona qulluq
edir, sonra da evinə göndərir ki, döyüşçü dincəlsin, arvadının qoynuna girsin,
bir az rahatlansın. Başqa sözlə zibilinin ört-basdır etməyə çalışır. Ancaq
döyüşçü padşahın ona bu qədər etimadından, hörmət göstərməsindən sonra evə gedə
bilmir, minnətdarlıq hissi onu necə çulğalayırsa, elə sarayının qapısı ağzında
yatır. Davud təkidlə onu evinə göndərməyə çalışır, ancaq döyüşçü də cavab verir
ki, hər kəs döyüşdəykən mən evdə yata bilmərəm. Davud da eləmə tənbəllik ordu
başçısına möhurlü məktub yazır və həmin məktubda da sərkərdəyə tapşırır ki, bu
döyüşçünü savaşın ən qızğın yerinə göndərin və sonra da onu orda yalnız
buraxın, qoy düşmənləri öldürsün. Sonra da həmin məktubu elə o döyüşçünün öz əliylə
ordu sərkərdəsinə göndərir. Uzun sözün qısası, Davudun dediyi kimi edirlər və həmin
döyüşçü savaşda öldürülür. Bundan sonra Davud Batşebanı evinə gətirir və özünə
arvad edir. Davudun ondan bir oğlu olur.
Davudun
bu əməli Allahın xoşuna getmir. Rəbb
Natan peyğəmbəri göndərib onu qınayır və cəza kimi uşağın həyatını alır.
Davud
bütün günahlarına baxmayaraq İlahini sevən birisi olub və bizə bəlli olmayan səbəblərə
görə, İlahi də onu bərəkətləndirib. Bu hekayət ürəyiniz istəyən qədər sual
çıxarır. Allah Davudu niyə seçsin ki? Davudun öldürtdüyü döyüşçünün haqqı necə
oldu bəs? Bu
sualları uzatmaq olar, cavab tapmayacaqsınız, arxayın olun.
Bu
hekayətən nə nəticəyə gəlmək sizə qalıb, ancaq hər kəsi günahına görə
qınayanda, Allahla insan arasındakı münasibətin düzünəqulu olmadığını da
xatırlayın. Ürəkləri bilən sadəcə Odur.
No comments:
Post a Comment