Monday, February 6, 2012

İsəvilikdə İsa Məsih və ya Nəriman Qasımoğlu Nələri Gözdən Qaçırdır 2




Əhdi Cədid İsa Məsih haqqında nə deyir.

Əhdi Cədidin İsa Məsih haqqında yazdıqlarına baxaraqdan, onun həm insani, həm də İlahi özəlliklərə malik olması haqqında nəticəyə gəlmək mümkündü. Tarixən Xristianlıq İsa Məsihin ilahi və insani təbiətə malik olduğunu irəli sürmüş və bu da belə bir düşüncədən qaynaqlanır ki, İsa Məsih İlahinin mükəmməl surəti və kamil məbədidi. İlahi, daha doğrusu Rəbbin əbədi və əzəli Sözü -Oğlu (Müqəddəs Üçlüyün ikinci üzvü) sıravi bir insanda mümkün olmayacaq qədər çox və güclü, dərin və içdən, unikal bir şəkildə Nazaretli İsa Məsidə təcəlla edib, bədən alıb, cismaniləşib. O həddə ki, İsa Məsihə Rəbb deyə ibadət etməyə əsas və haqq var. Odur ki, İsa Məsih yalnız və yalnız insan (İslamın təqdim etdiyi kimi) deyil, o, həm insan, həm də İlahidir (İsəviliyin mövqeyi). Bu mövqenin kökündə Bibliyadan gələn müəyyən mülahizələr, hekayətlər, onların İbrani və Yunan dünyagörüşündən qaynaqlanan bir sıra metafizik konseptlər əsasında, sevgi və inancla şərhi dayanır. Aşağıda mən, həmin bu cür baxışa əsas verə bilən bəzi bibləvi mülahizələri vurğulamaq istədiyim nəsnələr barədə qeydlərlə nəzərinizə çatdırıram.   
    
 Romalılara 9:5
‘Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin  üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun. Amin.’
Bu cümlədə əcdadlar deyildikdə qədim yəhudilər nəzərdə tutulur. Həvari Paulos yəhudilərin seçilmişliyindən və onun necə qavranılması gərəkdiyindən bəhs edir. Diqqət edin ki, həvari Məsihin ümumiyyətlə deyil, məhz cismən yəhudilərdən gəldiyini söyləyir. Deməli, İsa Məsihin qeyri-cismi, yəni ruhi yönü də var. Daha sonra isə həvari İsa Məsihi hər şeyin üzərində olan Allah (orijinalda “teos”) adlandırır.

Filipililərə 2:5-9
‘Məsih İsa necə düşündüsə siz də elə düşünün. Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün’
Baxdığımız cümlə bir neçə məsələni vurğulayır. Bir tərəfdən deyilir ki, İsa Məsih Allahın surətindəydi və insan şəkli alıb insan kimi yaşadı. Deməli, İsa Məsih Allahın surətində (orijinalda; “morfe teu”. Hərfən; Allahın formasında) olmasına baxmayaraq o insan şəkli ala bilir və insaniləşir, yəni o insandan daha çoxdu, insandan daha üstündü (ona görə də insan şəkli almaq özünü aşağı tutmaq kimi verilir.) ancaq bu haqqından istifadə etməyərək insaniləşir və bir növ təvazökar davranır. Bir tərəfdən də Allahla İsa Məsih arasında fərq qoyulur, deyilir ki, Allah ona ad verdi və bütün varlıq onun önündə diz çökəcək. Burdan ən azı belə nəticəyə gəlmək olar ki, Xristianlıqda Allahla İsa Məsih arasındakı münasibət İslamın göstərdiyi kimi düzünəqulu Yaradan-yaradılmış, Allah-peyğəmbər münasibəti deyil. Əksinə, daha dəyişikdi və mürəkkəbdi və Məsihilər də bu dəyişiklikləri İsa Məsihin ilahiliyi inancında ifadə ediblər.   

Kolossalılara 2:9
‘Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.’
Bü cümlə İslamda olmayan bir neçə konsepti işlədir. Bunlardan birisi bütövlük və ya dolmuşluq (orijinalda; “pleroma”), ikincisi, bədən alma özəlliyi (orijinalda; “somatikos”), üçüncüsü ilə ilahilikdi (orijinalda; “teotetos”). Mətndə işlədilən Allahın tam bütövlüyü daha hərfi tərcümədə belə olar; ‘çünki İlahinin doluluğu bütövlükdə bədəncə Məsihdə yaşayır.’ “Pleroma” sözü koyne (Əhdi Cədidin yazıldığı ümumi yunan dili, klassik yunan dilini əvəzləmiş dil) yunancadan dilimizə ‘dolduran bir şey’ (qabı dolduran su kimi), ‘doldurulan’ (doldurulmuş su qabı kimi), ‘dolmuşluq’ kimi tərcümə edilə bilər. Bizim baxdığımız cümlədə spesifik olaraq söz həm də ‘cəm’, ‘məcmu’, ‘aşıb-daşma’ kimi çevrilə bilər. (daha əvalə bilgi üçün bax; A Greek-English Lexicon of the New Testament and Other Early Christian Literature. Third Edition. 2000). Başqa sözlə, bu cümlədə deyilir ki, İlahi İsa Məsihdə su qabı dolduran kimi mövcudmuş həm də aşıb-daşarcasına İsa Məsihdəymiş. Bu cümlə bir daha göstərir ki, Məsihi baxış bucağıdan baxdıqda İsa Məsihlə İlahi arasındakı münasibət yaradan-yaradılmış münasibətlərinə sığmır və yalnız həmin kateqoriyaları tətbiq edərəkdən tam anlaşıla bilməz.

Yuhənnanın İncili 1:1-3
‘Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı.’
 Yuhənnanın İncilində də İlahi, Onun Sözü haqqında maraqlı mülahizələr var. Bunlar da sübut edir ki, Xristian baxış bucağından Allah, İlahilik, İsa Məsih və bunlar arasındakı münasibət İslamın iddia etdiyi kimi sadə və düzünəqulu deyil. Kəlam sözü orijinalda Loqos sözüylə verilir. Loqos bizim dilimizə tərcümədə söz deməkdi, ancaq həm də onun Stoisizmdən qaynaqlanan və İncillərdə işlədilən fəlsəfi çaları var. Loqos qədim Yunan Stoa fəlsəfəsində hər şeyin kökündə duran prinsip, əql, yaradılışın harmoniyası kimi açıqlanırdı. Yuhənna burda sözdən danışarkən, İsa Məsihdə bədən almış yəni cismaniləşmiş İlahi sözünə (əzəli prinsipə, harmoniyaya) istinad edir. Həmin bu İlahi sözü Xristianlığa görə elə İlahidi (İlahinin sözü İlahinin özüdü), ancaq həm də İlahi ilə onun arasında bir fərq var (Bir söz nə qədər bizi anladırsa və nə qədər bizdən fərqlənirsə ona bənzər bir şəkildə). Əgər hər şey Xristianlığa görə İlahinin sözüylə yaradıbsa (İslamdakı “‘kun’ və yəkun” kimi), onda Məsihilik iddia edir ki, həmin o söz materiya alıb, cismaniləşib, insaniləşib və İsa Məsih olub. Bu anlamda Məsihiliyə görə, İsa Məsih özü Allahın Sözüdü və İlahinin sözünü öyrədirdi.

Yuhənnanın İncili 8:48-59.
Bu uzun bölümü hərfi-hərfinə verməmək üçün qısaca onun nəqlini verib sonra da önəmli məsələyə diqqət yetirək. Həmin bu bölümdə deyilir ki, yəhudilər İsa Məsihdə cin olduğunu iddia edirlər və deyirlər ki, o, Samariyalıdı (Samariyalılar yəhudilərlə qeyri-yəhudilərin izdivacından törəmiş etnik qrupdu və yəhudilər onları əsil yəhudi hesab etmirdilər. Birisinə Samariyalısan demək onun qeyri-yəhudi və deməli qeyri-peyğəmbər olduğunu deməkdi.). İsa Məsihsə öz Atasına hörmətindən danışdıqdan sonra (İsa Məsih İlahiyə Atam deyə müraciət edirdi), deyir ki, mənim sözümə riayət edən ölməyəcək. Yəhudilər isə ona cavab verirlər ki, atamız İbrahim öldü, başqa peyğəmbərlər də öldü, bəs sən özünü kim sayırsan. İsa Məsih onlara cavabında deyir ki, İbrahim mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi. Yəhudilər yenə ondan soruşurlar, deyirlər sənin heç əlli yaşın yoxdu, İbrahimi necə görmüsən. İsa isə onlara deyir ki, “...İbrahim olmazdan qabaq Var Olan Mənəm.” Daha sonra onu dinləyənlər İsanı daş-qalaq etmək üçün yerdən daş götürürlər. İsa isə gizlənir və məbəddən çıxır. Bu hekayə bütövlükdə İsa Məsihin özü ilə İlahi arasındakı münasibəti necə görməsindən bəhs edir. Onu dinləyənlər İsa Məsihi ona görə daşlamaq istəyirlər ki, İsa Məsih Var Olan Mənəm deyəndə o, Əhdi-Ətiqdəki Çıxış kitabının 3:14-cü cümləsinə dolayısıyla istinad edir. Çıxış kitabında İlahi Musa peyğəmbərlə yanan koldan danışır və ona özünü “Var Olan Mənəm” kimi təqdim edir. İsa Məsih də həmin adı özü üçün işlətməklə dolayısıyla İlahi olduğuna istinad edir. Bunu anlayan yəhudilər də onu daş-qalaq etmək istəyirlər çünki eynilə İslamda olduğu kimi, özünün İlahi olduğunu iddia edən hər bir şəxs ölümlə cəzalandırılırdı. Ancaq işin ən maraqlı cəhəti budur ki, özünün İlahi olduğunu iddia edən İsa Məsih sonra da gizlənir. İstər-istəməz sual çıxır, İsa Məsih İlahi idisə niyə gizlənirdi? Gizlənirdisə, niyə İlahi olduğunu dolayısıyla da olsa iddia edirdi? Bəlkə o sadəcə məcazi mənada danışırdı? Ancaq Allahın mömin peyğəmbəri bu cür ciddi məsələdə necə cəsarət edib məcazi mənada özünün Allah olduğunu deyə bilərdi? Məgər İslamı öyrətdiyi kimi, o, bunun günah olduğunu bilmirdi?         

Yalnız az bir qismini verdiyimiz bu istinadlar göstərir ki, İsa Məsih və İlahi arasındakı münasibət Xristianlıqda daha dəyişikdi və bunun da Müjdədən qaynaqlanan əsası var. Bu münasibətin mürəkkəbliyi və İslamdakı yaradan-peyğəmbər modelinə sığmaması o qədər açıqdır ki, hətta Xristianlıqdakı bəzi sapmalar belə onun insandan daha çox olduğunu açıqlamış və onun Yaradanla yaradılış arasındakı üçüncü bir cins, şey olduğunu iddia etmişlər (“tertium kuid” - üçüncü şey, nə yaradan, nə də yaradılmış, ikisinin ortasında bir şey). İsa Məsihin ilahiliyə iddiası və ya İlahi ilə özü arasında bir iç-içəlik münasibətinin olduğunu iddia etməsini onu çarmıxa gərdirən fəriseylər də gözdən qaçırmırlar. Fəriseylərin ona qarşı irəli sürdüyü küfr ittihamı ona dayanırdı ki, İsa Məsih özünün Allahın Oğlu olduğunu söyləyirdi. Yəhudilər onu buna dayanaraq ittiham edirlər: “Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır”.

No comments:

Post a Comment

gündəlikdə axtarış