Tuesday, January 24, 2012

İsəvilikdə İsa Məsih və ya Nəriman Qasımoğlu Nələri Gözdən Qaçırdır

I

Bir neçə gün bundan öncə 525-ci qəzetin veb-səhifəsində proqressiv düşüncələrinə və şəxsiyyətinə hörmətlə yanaşdığım Nəriman Qasımoğlunun ‘İsa Məsih’ adlı məqaləsini görəndə sevindim. Sevindim ki, nəhayət maraqlı və ənənəvi düşüncə tərzindən kənara çıxan, mülahizələriylə diqqətimi cəlb edən  şərqşünas ziyalımızın məni çox maraqlandıran məsələlərdən biri barədə yazısını oxuyacam.
Ancaq məqaləni oxuduqca müəllifin məsələyə daha çox ənənəvi İslami nöqteyi-nəzərdən yanaşdığını görmək məni təəccübləndirdi. Məqaləni bitirəndə təəccübümə həm də bir təəssüf əlavə olundu, çünki müəllif üzərinə işıq tutduğu problemin digər tərəfinə yetərincə bələd olmadığını və ya barmaqarası yanaşdığını da yazısıyla ortaya qoyurdu. Həmin bələdsizlikdən doğan anlaşılmazlığı və ya birtərəfliliyi aradan qaldırmaq üçün elə Nəriman bəyin yazısı həcmində (bəlkə daha uzun) bir yazı yazmaq istədim.


Nəriman bəyin məqaləsində Xristian baxış bucağı nəinki İslamın İsa Məsihə münasibəti içərisində əriyir, həm də bir yerə qədər yanlış açıqlanır. Mən həmin bu yanlışlığı Məsihi perspektivindən aydınlatmaq və beləcə məsələni bir az daha açıqlığa qovuşdurmaq iddiasındayam. Yeri gəlmişkən, burada sadəcə ən önəmli hesab etdiyim yanlışlıqları açıqlayacam. Bəri başdan belə qəbul edək ki, bizi İncillərin doğru-yanlış yazılması, onların saxtalaşdırılması məsələsi yox, İncillərin ümumiyyətlə İsa Məsihin ilahiliyi  haqqında dolayı ya düzünə nə deməsi maraqlandırır. 

İsa Məsih Xristianlığın baxış bucağında

İsa Məsih haqqında Məsihiliyin nə dediyini anlatmaq üçün sadəcə Nəriman bəyin etdiyi kimi, Bibliyaya, daha doğrusu İncillərə istinad etmək və onları bir müsəlman ilahiyyatçısı, şərqşünas alimi perspektivindən şərh etmək yetməz. 
Birincisi ona görə ki, İslamla Xristianlıq arasında müəyyən konseptual fərqlər var və həmin konseptual fərqlər nəzərə alınmazsa, Xristianlığın İsa Məsih haqqında mövqeyi nəinki heç bir anlam vermir, əksinə anlaşılmaz, əlaqəsiz mülahizələr yığını kimi görünür. Məsələn, İsəvilikdə təbiət (İlahi, ruhi, bəşəri), təkliyin çoxluqda və çoxluğun təklikdə açılması, vəfadar və fədakar İlahi sevgisi (ibranicə; ‘Hesed’ – təmənnasız sədaqət, yunanca; ‘Aqape’ – təmənnasız, fədakar sevgi), Qurtuluş (soteria), Əhd (Berit), bədənləşmə və cismaniləşmə (yunanca; ensarkosis, latınca; inkarnasiya) konseptləri var və bunlarsız İsa Məsihi Xristian mövqeyindən anlatmaq tam mümkün deyil. Nəriman bəy bunları nəzərə almadığı üçün yazısında Xristianlığın İsa Məsih haqqındakı mövqeyi tam, dolğun və sərrast açıqlanmır.

İkincisi, Nəriman bəy İncilləri şərh edərkən hermenevtik və ya şərh yanlışlığına yol verir. Klassik Məsihilikdə Nəriman bəyin yol verdiyi yanlışlığa eyzegezis deyilir. Eyzegezis ekzegezisin əksidi. Ekzegezis Qutsal kitabın tarazlaşdırılmış, biri-birinə tərs düşən mülahizələrinin hamısını nəzərə alaraq, mətnin kanonik və social-tarixi kontekstlərini, linqvistik və ədəbi-bədii, janr özəlliklərini göz önündə tutub onu Hippolu Avqustinin öyrətdiyi kimi sevgi prinsipinə dayanaraqdan şərh etməkdi. Eyzegezis, yəni Nəriman bəyin etdiyi, qutsal kitabdan yalnız bizim dediyimizi təsdiqləyən, bizim fikir və ideyalarımızla üst-üstə düşən mülahizələri seçib, onları geniş tarixi və teoloji kontekstdən təcrid edib bizim mülahizələri təsdiqləməyən ayə və fikirləri gözardı edərək fikrimizi əsaslandırmaqdı. Birisi eyzegezis edəndə kitabın öz-özlüyündə nə öyrətdiyi açıqlanmır, əksinə, mənbə ya kitab onu birtərəfli şərh edən şəxsin dediyini təsdiqləyən funksional və ikinci dərəcəli vasitəyə çevrilir. Deyək ki, mən Qurani-Kərimdəki əl kəsməkdən, arvad döyməkdən, kafir öldürməkdən bəhs edən ayələrin hamısını bir araya gətirib, insanlara mərhəmətdən, bağışlamaqdan bəhs edən, dində məcburiyyəti rədd edən ayələri isə gözardı edib bir fikir formalaşdırmağa çalışsam, Qurani-Kərim çox qəddar bir kitab kimi görünəcək. Ancaq bu cür yanaşma yanlışdı, çünki Qurani-Kərimdəki fərqli mövqe sərgiləyən bütün ayələri (sərt və yumşaq) nəzərə almır və Qurani-Kərimin bütövlüyünə sayğısız davranır. Nəriman bəy məhz belə bir səhvə yol verir. O, İncillərdə İsa Məsihin insani təbiətindən danışan mülahizələri seçir, fikirlərini onun üzərində qurur və bununla da İncillərdə İsa Məsihin dolayı ya düzünə İlahiliyindən danışan fikirləri susdurur. Nəticədə isə məhz Nəriman bəyin görmək və göstərmək istədiyi sonuc alınır. Ancaq axı, Əhdi-Cədid sadəcə İsa Məsihin insanlığından danışmır, həm də onun ilahi özəlliklərindən və İlahiliyindən bəhs edir. Bəs bu fikirlərin kontekstində həmin o insaniliklə bağlı mülahizələr necə görünür? İsa Məsihin insaniliyindən bəhs edən fikirlər onun ilahiliyindən bəhs edən mülahizələrlə birlikdə ümumiyyətlə İsa Məsih haqqında nə deyir? Gəlin birlikdə dolayı ya düzünə İsa Məsihin ilahiliyindən bəhs edən Bibləvi mülahizələrin bəzilərinə də göz ataq. Onları İsa Məsihin insanlığından bəhs fikirlərlə bir araya gətirməyi və bütövləşdirməyi mən oxucunun öhdəsinə buraxıram.

No comments:

Post a Comment

gündəlikdə axtarış