İnancınızın necəliyinə bağlı olmadan istənilən hər hansı istiqamətdə ifrata varmaq məncə yolverilməzdi. Ola bilsin, Allaha, Tanrıya sizdən çox inanan yoxdu yer üzündə, ancaq bu inancınız sizi başqalarına düşmən edirsə, adamlara yuxarıdan aşağı baxmağa haqq verirsə, gec-tez çirkaba yuvarlanacaqsınız. Ola bilsin, Allaha, Tanrıya inancınızda gerçəkliyi, dəyişən zamanı göz önünə alırsınız, o qədər ki, sizdən daha yaxşı inancını ortama, dövrə görə yaşayan da yoxdu. Amma bu cür liberal yanaşma maraqlarınıza uyğun yeri gələndə öz inancınıza etinasız davranmağa əsas verirsə, inancınız da sözdən uzağa getmirsə, yenə gec-tez çirkaba yuvarlanacaqsınız.
Nə inancının şiddətində, nə də onu yerə-zamana uyğunlaşdırmaqda ifrata varmaq bir yerə gətirib çıxarmır. İfratçılıq sizi Allahın adından danışan, onun adından hamını mühakimə edən birisinə çevirə bilər. İfratçılıq sizin inancınızı önəmsiz, dəyərsiz bir oyuna çevirə bilər. İfratçılıq sizi sektarian, təriqətçi, dardüşüncəli birisinə çevirməyin ən yaxşı yoludu.
Məncə ifrata varmaqdan yayınmanın ən yaxşı yolu budur: 1) İnancınız sevgi, mərhəmət, bağışlama və təvazökarlıq kimi əxlaqi keyfiyyətlərə dayanmalıdı. 2) İnancınız qeyri-müəyyənliyə, müxtəlifliyə, ziddiyyətlərə, İlahinin əsrarəngizliyinə və nə sizin nə də başqalarının söylədiklərinə, bildiklərinə, iddia etdiklərinə sığmayacaq qədər böyüklüyünə açıq olmalıdı. 3) Birdəfəlik başa düşməliyik ki, İlahi hamının İlahisidi. Sizin sevmədikləriniz də (ateisti, bütpərəsti və s.) Onun yaratdıqlarıdı və istər mükafatını, istərsə də cəzasını bizdən yaxşı o bilir. Onun yaratdıqları üzərində bizim ondan çox haqqımız yoxdu.
Bir də hər şeyi kontektsə görə dəyərləndirmək lazımdı. Məncə, dardüşüncəli, inancı eqoistik təbiətini gizləmək üçün qalxan olan insandansa təvazökar, səmimi bir ateistlə dost olmaq daha yaxşıdı.
Siz necə düşünürsünüz?
No comments:
Post a Comment