Düzən axtarışında
Əziz dostlar, yəqin fərqinə varırsınız ki, artıq getdikcə bloqa az yazı yerləşdirirəm və yazıların yerləşdirilməsindəki düzən-ardıcıllıq da əvvəlkitək dəqiq deyil. Bunun artıq qeyd etdiyim kimi bir sıra səbəbləri var və son aylar göstərir ki, bloqdakı müntəzəmliyi minimumda dərəcədə saxlamaq da gedərək çətinləşir. Odur ki, bundan sonra bloqa yalnız vaxtım olanda yazmağı düşünürəm. Təxminən ayda bir dəfə və ya hər bir aydan bir yazı yazmaq yəqin mümkün olacaq. Ən azından yaxın altı-yeddi ay üçün əvvəlki müntəzəmliyi bərpa etmək imkanım yoxdu. İndiliksə aşağıdakı yazını bloqa yerləşdirirəm.
Tanrıcıl Düşüncə
Tanrı və ya İlahi haqqında düşünməyin bir neçə şəkli var. Bunları şiddətinə, müntəzəmliyinə, prinsiplərinə, bu və ya digər din(lər)ə olan münasibətinə görə qruplaşdırmaq olar. Tanrı qavramına olan münasibətimizə bağlı olaraq, Tanrı haqqında inanaraq və inanmayaraq düşünmək mümkündü. Tanrı barədə ona inanmadan, onun varlığını ciddi qəbul etmədən düşünməyə ateist və ya ateistik-satirik ədəbiyyatda rast gəlinir. Bu cür düşüncə, əslində Tanrının özü haqqında yox, insanların Tanrı, fövqəltəbii varlıq qavramları haqqında düşüncədi, çünki fövqəltəbii başlanğıc ateist düşüncə tərzində bizdən asılı olmayan özəl obyektiv gerçəklik kimi mövcud deyil. Buna görə də son nəticədə bir ateistin Tanrı haqqında düşüncəsi əslində olmayan, sadəcə insanların düşüncələrində mövcud olan bir fikir, ideya, qavram, qorxu haqqında düşüncələrdi. Tanrı haqqında inanaraq düşünmək, onun gerçək olduğuna inanaraq fikirləşməyi içinə alır. Bu cür düşüncəyə müxtəlif dinlərdə rast gəlinir və düşünən şəxs üçün emosional komponentə bağlı olaraqdan fərqli nəticələr verir. İnanaraq düşünmək özüylə dilemmalar, şəxsən yaşanan narahatçılıqlar, sevinclər gətirir, çünki son nəticədə inanan birisi gerçəkdən var olan fövqəltəbii haqqında düşünür.
Şiddətinə bağlı olaraqdan emosional və etinasız düşüncəni ayırmaq olar. İlahi haqqında etinasız düşüncə, onun varlığı haqqında heç bir hiss, emosiya yatırımı etmədən, özümüzlə onun arasında maksimum məsafə qoyaraqdan düşünməkdi. Bu cür etinasız düşüncə sizə Tanrı haqqında insanların nə düşündüyü barədə çox şeylər öyrədər, ancaq sizi Tanrıya yaxınlaşdırmaz. Əksinə, emosional, hissi yatırım edərəkdən tanrı haqqında düşünmək çox maraqlıdı və sizi müxtəlif istiqamətlərdə götürə bilər. Əgər İlahi haqqında kinlə, nifrətlə, acıqla, davamlı narazılıqla düşünürsünüzsə, bu cür düşüncə tərzi (əgər inanan insansınızsa) sizi İlahidən uzaqlaşdırır və ya belə bir uzaqlaşma üçün potensial hazırlayır. Əksinə, Rəbb haqqında sevgi, ümid və səmimiyyətlə və özünü ona təslim edərəkdən, gözəl düşünürsünüzsə, onda Tanrıya yaxınlaşma ehtimalınız artır, çünki həm ürəyiniz, həm də düşüncələriniz Rəbbə açılır.
Hər bir düşüncə tərzinin öz yeri var. Hətta tənqidi düşüncənin də öz yeri var. Ən önəmlisi sizin üçün ən uyğununu tapmaqdı. Ancaq Tanrıya inanan birisinizsə, onda təbii ki, nə qədər gözəl düşünsəniz, bir o qədər də İlahiyə yaxınlaşarsınız.
No comments:
Post a Comment