Bibliyanın önəmli özəlliklərindən biri İlahi ilə insanlar arasındakı əlaqələri nüansları ilə ifadə etməsidi. Bir çoxlarımız Allah haqqında şikayəti, incikliyi adətən güncəl həyatda İlahiyə inanmayanların dilindən eşidərik və belə olması gərəkdiyini düşünərik. Sanki Tanrıya inanan adam İlahidən inciyə bilməz və ya onların inancı şikayətlənmələrini önləyir. Ancaq iş burasındadı ki, həyat bizim görmək istədiyimiz kimi deyil. Çox inanclı, gerçəkdən səmimi insanların da bəzən Allaha şikayət etmələri, daha doğrusu Allahın özünə, Allahın özündən şikayət etmələrinə rast gəlmək mümkündü. Bibliya həm də bu cür səslərə yer verir, onları tanıyır və onları insanla Yaradan arasındakı münasibətlərə gətirir. Şəxsən mən özüm şikayətlənməyi sevməsəm də, ara-sıra bütün inananlar kimi mən də suallar qarşısında çaşıram, gerçəkliyin ağır paradoksları məni də əzir. Haqsız gördüyünüzü, İlahinin ədaləti haqqında inancla barışdıra bilmirsiniz, ancaq sualı, parakdoksu gözardı etmək də mümkün olmur. Mən bu cür şikayətləri “uman yerdən küsərlər” baxış bucağından və ya Füzulinin dediyi kimi, “sənə yar, səndən yar şikayətim var” şəklində qavrayıram. Aşağıda bu cür nisgil sərgiləyən məzmurlardan (Məzmur 22:1-15) bir örnək verirəm (azerincil.net səhifəsindən alınıb).
1. Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən? 2. Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur. 3. Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən! 4. Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin. 5. Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar. | |
| 6. Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır. 7. Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir: 8. «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin». 9. Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən. 10. Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən. | |
| 11. Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur. 12. Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb. 13. Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar. 14. Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi. 15. Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin. |
No comments:
Post a Comment