Hərdən düşünürəm ki, dünyanın ən müxtəlif dinlərini, inanc sistemlərini, ümumiyyətlə fövqəltəbii dünyayla bağlı olan bütün təlimləri nə birləşdirir. Bütün bunları nəyin birləşdirdiyini deyə bilməsəm də məncə, İbrahim ənənəsindən qaynaqlanan inancları birləşdirən ən önəmli bir şey onların İlahi haqqında nə qədər çox şeyi bilmədiklərini etiraf etmələridi. Musəvi, İsəvi və İslamı birləşdirən şey əslində tək Allaha inanmaq, peyğəmbərlik, vəhy konseptlərindən daha çox onların hər birinin Tanrının nə qədər bilinməz olduğunu etiraf etmələridi. Bizim hamımızı o birləşdirmir ki, biz Rəbb haqqında nəsə bilirik. Bizim hamımızı o birləşdirir ki, biz Rəbb haqqında nə qədər sonsuz, ucsuz-bucaqsız və dibsiz şeyləri bilmirik. Bizi birləşdirən Allah haqqında bildiyimiz deyil, bilmədiklərimizdi.
İbrahimdən qaynaqlındığı söylənən hər üç inanc onu iddia edir ki, Rəbb bizim bildiyimizdən daha çoxdu, daha dərindi, sonsuzdu. Bu inancların hamısı razılaşır ki, İlahini tam dərk etmək insan əlində olan bir şey deyil. Son nəticədə İlahi dərkedilməzdi.
Bu, çox maraqlı bir məsələni ortaya çıxarır. Bəs əgər Rəbb, fövqəltəbii haqqında bilmədiyimiz bildiklərimizdən müqayisəyə gəlməz dərəcədə daha çoxdursa, dərindirsə və önəmlidirsə (1) və əgər həmin bilmədiklərimiz sferasında olanlar, Rəbb haqqında bildiklərimiz sferasında olan və biri-biriylə uyuşmayan bilgilərdən fərqli olaraq İlahini daha çox xarakterizə edirsə (2) onda necə olsun? Ola bilməz mi ki, fövqəltəbii varlıq haqqında bilmədiyimiz sferada Tanrının özəllikləri bizim bildiyimizi iddia etdiyimiz və bildiklərimiz sferasına girən fərqli bilgilərdən daha önəmlidirsə, bu bizim ayrılıqlarımız üçün nə anlama gəlir?
Məncə, belə bir vəziyyətdən çıxaracağımız bir nəticə Tanrı və ya fövqəltəbii varlıq haqqında bütün tərəflərin (Musəvi, İsəvi, İslam) biliklərinin yarımçıqlığı və buna görə də əslində hamısının eyni durumda olmasıdı. Başqa sözlə, sözünü etdiyim üç dinin heç biri Tanrıya münasibətdə bilmədiklərimizin sonsuzluğu və önəmi kontekstində digərindən daha çox bilgi vermir.
Bu, əlbəttə, ilk baxışda belədi. Gerçəklikdə isə hər üç din biri digərindən fərqli, bəzən biri-birinə ziddiyyətli bilgilər ortaya qoyur və hər üçündə vəhyin unikal elementlərinin olması onların Tanrı haqqında bilmədiklərimiz kontekstində insanlığa verdiyi bilgilərlə bağlı dəyərləndirməni çətinləşdirir.
Açığı, mənim üçün önəmli olan nə fərqləri gözardı etmək, nə də bizi birləşdirənləri şişirtməkdi.
No comments:
Post a Comment