Süleymanın Məsəlləri kitabında (8:13) deyilir ki, Allah qorxusu pisliyə nifrət etməkdi. Sözün düzü, nifrət etmək heç vaxt ürəyimcə olan bir şey deyil, ancaq hər halda pislikdən xoşlandığımı da deyəmmərəm. Yəqin ki, pisliyə nifrət ümumiyyətlə şər, pislik kimi şeyləri həm əqli, həm də emosional rədd etmək anlamına gəlir. Görən niyə pisliyə, şərə nifrət önəmlidi? Yuxarıdakı örnəkdən bəlli olur ki, Tanrı qorxusu laqeydliyi rədd edir. Bu mənada pislikdən, şərdən nifrət etmək həm də Allah qorxusunun bir parçasıdı. Görünüydü kimi, Allah qorxusu Allahdan qaçıb gizlənmək deyil, şərdən, pislikdən uzaq olmaqdı. Allah qorxusu da önəmli özəllik olduğuna görə, Tanrıcıl çəkingənliyi (və ya Allah qorxusunu) əldə etmək istəyən insan həm də pislikdən, şərdən uzaq olmalıdı və ya buna can atmalıdı. Nəzərə alaq ki, pisliyə nifrət (və ya Allah qorxusu) şər, pislik adı altında sadəcə əxlaqi sferadan danışmır, həm də ədalətsizlikdən danışır, ona görə ki, şər olan, pis olan həm də ədalətsiz olandı.
Ədalətlilik pis ola bilməz. Ədalətsizlik də yaxşı kimi qiymətləndirilə bilməz. Odur ki, Allah qorxusu, şərə-pisə nifrət kimi həm də ədalətsizliyi rədd etmək anlamına gəlir, çünki ədalətsizlik hər zaman şər və ya pis kimi dəyərləndirilir. Ədalətsizlik əxlaqsızlığın, pisliyin bir parçasıdı. Tanrıcıl çəkingənlik pisliyə, şərə, dolayısıyla da ədalətsizliyə nifrəti ehtiva edir. Əksinə, ədalətsizliyə, pisliyə qarşı etinasızlıq, laqeydlik, sevməmiz gərəkən halı, İlahini, insanları, münasibətləri sevmədiyimizi anladır. İnsan pisliyə, ədalətsizliyə etinasız qalırsa, onun sevdikləri üzərində təsirinə də etinasızdı. Bu, dolayısı ilə insanın sevgisindəki naqislikdən xəbər verir.
Eyni kitabda (9:10) Tanrıcıl çəkingənlik (Allah qorxusu) yəni pisliyə, şərə, ədalətsizliyə nifrət hikmətin və ya biliyin başlanğıcı kimi verilir. Bu mənada hikmət-bilik əxlaqi-sosial-siyasi ölçüm qazanır. İlahini gerçəkdən tanıyan insan gerçəkliyə laqeyd, etinasız qalammaz, çünki bunların arasında bir əlaqə var – o pisliyi və ya ədalətsizliyi rədd edir. Bu mənada, Allah qorxusu – Tanrıcıl çəkingənlik bizi ədalətsizlik etməkdən çəkindirir (Süleymanın Məsəlləri 16:6). Ədalətsiz etməkdən çəkinəni yəni şərə, pisliyə nifrət edəni də İlahi sevir (Məzmur 97:10).
Maraqlıdır ki, Süleymanın Məsəlləri kitabı həm də Rəbbin özünün bəzi şeyləri yumşaq desək sevmədiyindən danışır (6:16). Deyilir ki, İlahi təkəbbürlə baxan gözlərə, yalan danışan dilə, günahsız qan tökən əllərə, hiyləgər planlar cızan ürəyə, pisliyə qaçan ayağa, yalandan şahidlik edən şahidə, ailədə nifaq salan birisinə nifrət edir. Bütün bu özəllikləri bir araya qoysaq bəlli olur ki, İlahi ədalətsiz-əxlaqsız özəlliklərə neytral deyil, əksinə onlara nifrət edir, onları rədd edir. Bu və buna bənzər şeylərdən uzaq olan insan İlahiyə götürən yola qədəm qoyar. Əlbəttə, İlahinin insan kimi nifrət etdiyini söyləmək olmaz, yəni o insandan fərqlidi və onun pisliyə, ədalətsizliyə münasibətini ifadə edən söz kimi nifrət sözünün işlənməsi Onun elə insanlar kimi emosional olması anlamına gəlməz. Ancaq hər halda bu inkaredilməzdi ki, pislik və şər, ədalətsizlik Rəbbi qəzəbləndirən, onun dönmədən rədd etdiyi özəlliklərdi.
Məncə bütün örnəklərdən belə bir sonuca varmaq olar. Tanrı özü pisliyə, ədalətsizliyə laqeyd olmadığı kimi onunla doğru münasibətə girən insanların da bunlara laqeyd olmaması gərəkir. Bu şəkildə insan gerçəkliyə münasibətdə İlahini məmnun edən bir yanaşmanı alır.
No comments:
Post a Comment