Monday, January 24, 2011

Bizim Dilimiz və Onların Dili


Yəqin mətbuatı ara-sıra izləyənlər yazıçı Əli Əkbərin Azadlıq radiosuna müsahibəsində işlətdiyi “dilimiz naqis dildi” sözünü oxuyublar və sonra onun ətrafında dönüb dolaşan söhbətlərdən də eşidiblər. Mən dilimizin naqis olub-olmadığını bilmirəm, ancaq dilimizin bir sıra dillərlər müqayisədə, məsələn, İngilis, Rus və s. dillərlə qarşılaşdırdıqda söz ehtiyatı baxımından kasad olduğunu şəxsi təcrübəmdən bilirəm. Bir dilin digər bir dilə nisbətən daha az ya çox sözə malik olması faktdı. 

Məsələn, Afrikanın Amazoniyanın cəngəlliklərində yaşayan bəzi kiçik tayfaların dillərində say sistemi beşdən-altıdan o tərəfə keçmir. Beşdən çox əşyanı saymaq üçün o dillərdə olan sayıların kombinasiyasına ehtiyac var. Ancaq gəlin onları buraxaq bizim bildiyimiz dillərə keçək. İngilis dili bizim dilimizdən söz ehtiyatı sarıdan zəngindi. Bu, o demək deyil ki, bizim dildə olan bütün sözlərin ingiliscədə qarşılığı var. Əlbəttə belə deyil. Hər bir dil öz kontekstinin ən yaxşı ifadəçisidi və o dilin formalaşdığı konteksti o dildən yaxşı ikinci dil anlada bilməz. Ancaq bu, sözlərin sayından yox, həmin dildəki sözlərin anlam dairəsindən, semantikasından xəbər verir, söz ehtiyatının zənginliyindən yox. Məsələn, bizim dilimizdə halal sözü var. Bu sözün ingiliscə qarşılığı yoxdu. Ancaq ingilis dilində də eyewitness sözü var və o kəlimənin dilimizdə qarşılığı məncə olmamalıdı. Eyewitness şahid deməkdi, ancaq eşidib şahid olanı, ya ikinci əldən şahid olanı yox, gözüylə görən şahidi bildirir. Bir bu sözə dayanaraqdan İngilis dilinin bizim dildən söz baxımından daha zəngin olması haqqında nəticəyə gəlmək olmaz, ancaq nəzərə alaq ki, İngilis dili böyük bir imperiyanın dili olub onun bir çox başqa dillərdən aldığı sözlər var və günümüzdəki bir çox texniki-elmi sözlər də həmin dildən gəlir. Bu mənada İngilis dili bizim dilimizə görə söz ehtiyatı baxımından daha zəngindi. Ancaq bizim də dilimiz deyək ki, böyük ehtimalla Xınalıq dilinə görə söz ehtiyatı baxımından daha zəngindi.
Bundan başqa dilimiz naqis dildi demək faktdan daha çox bir faktın dəyərləndirilməsini anladır. Belə bəlli olur ki, Əli Əkbər dilimizin söz ehtiyatı baxımından bir sıra dillərlə müqayisədə (Azadlıq radiosuna müsahibəsində o türkcəylə müqayisə edir) kasad olmasını naqislik kimi görür. Başqa sözlə desək, dilimiz naqis dildi demək faktın qiymətləndirilməsidi. Əgər yazıçı bunu nəzərdə tutursa, mən onunla müəyyən qeyd-şərt çərçivəsində razıyam. Dilimiz əlbəttə İngilis, Rus və bir sıra dillərlə müqayisədə naqisdi. Ancaq dilimizin deyək ki Xınalıq dilinə münasibətdə naqis olması inandırıcı deyil.

No comments:

Post a Comment

gündəlikdə axtarış