Soru yaranır: Nəyə görə Davud öz dünyəvi və birbaşa maraqları üçün əlverişsiz seçənəyi seçir və bundan nə öyrənə bilərik? Davud özü soruya cavab verir: ““Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?” Davud yenə dedi: “Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq.”” Davud verdiyi cavabla Abişayın padşah Şaulu öldürməsinə imkan vermir, ancaq Abişay sadəcə icraçıdı. Padşah Şaulun ölümü ya yaşamı əslində buna qərar verən şəxsə, qulluqçu Davuda bağlıdı. Davud da bu öldürmək təklifini-seçənəyi rədd edir.
Düzünə açıqlanan nədən budur ki, Rəbbin seçdiyi, məsh etdiyi müəyyən imtiyaz tanıdığı birisini öldürən Rəbbin önündə günahkar olur. Başqa sözlə, Davud iki seçənəkdən birini seçərkən özünün səbəblərini və maraqlarını seçiminin İlahi ilə münasibətlərinə təsiri baxış bucağından dəyərləndirir. Məncə, Davudun əməli bizə aşağıda sadalayacağım fikirlərə gəlməyə əsas verir. Birincisi, Tanrı ilə münasibətə seçimin təsirini (belə bir ehtimalı) düşünmək ilküstündü (prioritetdir). Davud bunu göz önünə alıb seçənəkləri dəyərləndirir. Bu halda Davudun inancınca, padşah Şaulu öldürmək onunla Tanrı arasındakı ilişkiyə mənfi təsir edir – o, konkret şəxsi-məsh edilmişi öldürməklə günahkar/müqəssir olar. Mətndən bəlli olur ki, bu inanc Davudun seçimlərinin təməl şərtidi və o, bütün seçimlərini bu inancın ətrafında qurur. Davud Şaul padşahı yaşatmaqla, onu öldürməyi seçdiyi halda ortaya çıxacaq daha ağır və arzuolunmaz nəticənin baş verməsi ehtimalını ortadan qaldırır. Əlbəttə, belə bir seçənəyi seçməsi üçün Davudun gözündə Tanrı ilə münasibətlərin səmimiliyi və günahsızlığı öz təhlükəsizliyindən və hakimiyyətdən daha önəmli olmalıydı.
Bəs əgər bu məsh edilmişi Davudun əleyhinə Rəbb özü qaldırsa necə olsun? Yəni, bir tərəfdən Davud daha çox günaha batmamaq üçün məsh edilmişi öldürməməyi seçir, digər tərəfdən də əgər məsh edilmişi onun əleyhinə elə inandığı Tanrı qaldırıbsa, daha onun əlindən qaçmağa çalışmaqla siçan-pişik oynamağın nə anlamı var? Belədə, əksinə, Şaul padşahı öldürmək daha cəlbedici görünə bilər: onu öldürməklə Davud hər nə qədər Tanrı ilə münasibətlərini yaralasa da heç olmasa bu oyunu müvəqqəti qazanır. Davud, onun üçün əsas meyar kontekstində, necə reaksiya verməlidi? Davudun bu variantı da düşündüyünü mətndən görmək mümkündü. Əgər belədirsə Davud yenə də seçimini özü və Tanrı ilə münasibətləri baxış bucağından, həmin münasibətlərin gəlişdirilməsinə fürsət verən imkan kimi və Tanrıya güvənərəkdən şərh edir. Davuda görə onda padşah Şaulu yaşatması İlahiyə təqdim (nəzir?) olar. Necə ki, Davud padşah Şaulu yaşadır və ona qıymır, mətnin sonunda biz görürük ki, Davud da sanki dua edirmiş kimi Rəbbdən onun həyatına qıymamasını istəyir. Göründüyü kimi, Davud bütün hallarda şərhinin və seçiminin ortancına Tanrını gətirir.
İkincisi, seçimdə Tanrıyla münasibətləri ilküstünləşdirmənin yanısıra, həm də konkret gerçəkliyin alternativ (bu halda sırf dünyəvi, İlahiyə hər hansı aidiyyəti olmayan) mahiyyətli ola biləcəyini nəzər almaq, bu ehtimala uyğun şərh etmək, bunu Rəbblə münasibətin ilküstünlüyü baxış bucağıdan dəyərləndirmək və buna cavab-reaksiya hazırlamaq lazımdı: belə bir ehtimalı da düşünmək gərəkir ki, ola bilsin bu, İlahinin işindən daha çox, qısqanc, paxıl insanların padşah Şaulu Davudun əleyhinə qaldırmasıdı. Bəs belədə Davudun seçimi və seçənəyi nədir və ya o artıq seçimini belə olan halda necə şərh edir? Digər iki seçim və seçənəkdən fərqli, onun belə olan halda seçənək və seçimi açıqca ifadə edilməyib. Ancaq Davudun bunu düşündüyünü yenə də sözlərindən görmək olar. Davud Şaul padşahı onun əleyinə qaldıran insanları lənətləyir. Belə lənətləmə üçün Davud belə insanların ola bilməsi ehtimalını və deməli Rəbbdən daha çox, insanların Şaul padşahı ona qarşı qaldırmasının mümkünlüyünü düşünməliydi. Bəs bu ehtimal konkret gerçəkliyin mahiyyətidirsə, Davud nə etməlidi? Hekayəyə görə, qulluqçu Davud bu ehtimalın doğru olduğu halda gətirəcəyi arzuolunmaz nəticəni aradan qaldırmaq üçün padşah Şaula güvənməməyi, ona yaxınlaşmamağı, onunla barışmamağı seçir. Ancaq Davudun bu seçənəyi də onun Tanrıya güvəncinə dayanır. Əks təqdirdə o, Tanrının hər kəsə şəxslərin sədaqətinə və salehliyinə görə davrandığını söylməzdi. Padşah Şaul Davuda oğlum deyərək geri qayıtmağı təklif edir (1 Şamuel 26:21). Bu Davuda verilən bir seçənəkdi. Bəs Davudun seçimi nə olur? Davud bu dəvəti gözardı edir, əvəzində padşah Şaulun əşyalarını özünə qaytarır və “öz yolu ilə” gedir.
No comments:
Post a Comment