İstənilən bir hekayəni müxtəlif şəkillərdə şərh etmək və ondan dəyişik məqsədlərlə, müxtəlif baxış bucaqlarından bir çox şeylər öyrənmək olar. Odur ki, hardan vurub hardan çıxacağımı öncə bir azcıq açıqlayım. Məni sözügedən hekayədə (1 Şamuel 26) ən çox maraqlandıran seçim konsepti və onun necə işlənməsidi. Elə hekayənin önəmli ortanc qavramlarından biri də budur. Seçim, seçmək, seçimin ortamı və s. bu kimi mövzuları ələ almaqla mən inanc və inanclının – İsəvinin seçiminə göz atacam. Göz atmaqda niyyət ümumiyyətlə hekayənin elmi-ədəbi və ya hər hansı akademik analizi-araşdırılması deyil. Hekayəni seçimlə bağlı xırdalamaqda məqsəd inanc (teoloji) baxış bucağından güncəl yaşamımıza gətirə biləcəyimiz bir-iki şey öyrənməkdi.
İşlədəcəyimiz əsas terminləri sadalayaq. Dilimizdə ən azı iki obyektdən, haldan, birini digərinə münasibətdə ayırmaq-götürmək qavramıyla bağlı seçmək, seçim seçki, seçici sözləri var. Mən bu sözlərdən seçmək, seçimi götürəcək, seçənək, seçəri sözlərini dilimizə qoşacam. İndilik bunlardan ikisini aydınlaşdıraq. Seçim şəxsin subyektiv qərar qəbul etmək - seçmək prosesini bildirir, seçənək isə seçmin üzərində gerçəkləşdirildiyi mümkün obyektiv, konkret imkanları, obyektləri ifadə edir. Məsələn, imtahana girən şəxsin önündəki testdə A, B, C, D seçənəkləri var. Əgər şəxs A-nı götürürsə, deməli həmin seçənəyi seçir. İndi hekayəyə baxaq.
Hekayə özü sözügedən qavramları təməl götürərəkdən ələnə bilər. Mən, bu qavramları işlədərəkdən hekayədəki bəzi önəmli seçimlərə və seçənəklərə göz atacam. Padşah Saul hekayəyə görə Davudu təqib etməyi seçib. Bir dəfə təqib edib, Davudun onu öldürmək imkanı olsa da Davud, bunu etməyib. İkinci dəfə öz keçmiş dostu və xidmətçisi Davudu təqib etməklə padşah Saul öz seçimində nə qədər ciddi olduğunu nümayiş etdirir. Birisinin onu bir dəfə öldürməyib əlindən buraxan adamı yenidən təqib etməsi, həmin şəxsin qətiyyətindən danışır. Padşah Saul öz seçimlərində ardıcıldı və istəyinə (Davudu öldürmək), maraqlarına (padşahlığı itirmək ehtimalına sona qoymaq) uyğun davranır. Onun hekayədə görülməsi mümkün maraqları, istəyi və əməli arasında bir ziddiyyət yoxdur.
Davudun seçənəkləri bir az dəyişikdi. Onun önündə konkret şəraitə görə iki seçənək var: 1) öldürmək (yaşatmamaq), 2) öldürməmək (yaşatmaq). Hekayəyə geniş kontekstdə baxsaq, görəcəyik ki, sırf dünyəvi və dünyəvi-əqli baxış bucağından, içində olduğu duruma görə birinci seçənək - öldürmək onun maraqlarına daha çox xidmət edir. Padşah Şaulu öldürməklə, həm hakimiyyəti ələ keçirmək ehtimalı çoxalır, həm də, hər şeydən öncə, canına olan təhlükə və və gizlənmək ehtiyacı aradan qalxır. Ancaq xidmətçi Davudun hekayə çərçivəsində mümkün dünyəvi-əqli marağıyla, istəyi və əməli arasında bir ziddiyyət var. Bir oxucu kimi, yəqin ki, çoxlarımızın baxış bucağımızdan, ağlı başında olan şəxs öldürməyi seçib bütün bu problemlərə son qoya bilərdi. Ancaq Şaul padşahı yaşatmağı seçməklə xidmətçi Davud dolayısıyla öz əleyhinə işləyən seçənəyi seçir və bununla da mümkün status-kvoya razılaşır: o yenə gizlənməli və Şaul da onu təqib etməlidi.
No comments:
Post a Comment