Tamam, “genəşik” sözünü oxuyub qaşlarınızı çatmazdan, dodaqlarınızı büzməzdən və “bu nə farmazonluqdu” düşünməzdən öncə, deyim bu nədi. Genəşik, dilimizdəki genəşmək felinindən gəlir, birisi ilə məsləhətləşmək, anlamındadı. Özü də necə lazımdı öz sözümüzdü. Millətçilərimizə muştuluq aparın, ay oxucular!:)
Genəşmək sözündən genəşik yəni məsləhət sözünə çıxmaq üçün çox farmazonluq eləməyə də ehtiyac yoxdu. Elə sözün kökündən də göründüyü kimi (gen+əş+mək daha doğrusu genəş – mək), ən az iki adamın qarşılıqlı münasibətə girib biri-birilərinin dünyasını sözlə, biliklə, hisslə genişlətməsi və daralmışlıqdan qurtarması genəşik ünsiyyətində baş verir. Bunun ən geniş yayılmış şəkli sözlədi. Hər hansı haqq-hesab üçün sözlə bilgi-hiss alış-verişinə girməyin başqa adı məsləhətləşməkdi.
Söz oyununu burda qoyaq, keçək pastoral genəşiyin nəliyinə. Pastoral genəşik pastorluğa çağrılmış insana Qutsal Ruhun verdiyi bir işdi. Bu iş pastorla məsləhətləşməyi, pastorla şəxsin və ya şəxslərin (ailə, kiçik qrup) danışmasını və bilgi, dəstək, alış-verişini bildirir.
Pastoral genəşik psixoloji seansa bənzəyir ancaq ondan fərqləri də var. Bunlara bir az yaxından göz ataq.
Psixoloji seansda psixoloq-ekspert şəxsə-kliyentə bu və ya digər məsələlər haqqında psixoloji biliyinə dayanaraqdan məsləhət verir, şəxsin problemlərini həll etməyə çalışır.
Pastorlar üçün psixologiyanı bilmək, psixoloji metodlardan genəşikdə yararlanmaq çox yaxşıdır. Lakun bu mərkəzi özəllik deyil. Pastoral genəşikdə ortac özəllik şəxsi fəal dinləmək və eşitmək bacarağıdı. Pastor diqqətlə, söz kəsmədən, mühakimə etmədən, emfatik şəkildə və səbrlə dinləməyi bacarmalıdı. Bu mənada, insanlar başqaları ilə bölüşə bilmədiklərini və ya bölüşməyə adam tapa bilmədikləri şeylər gəlib pastorla paylaşa bilərlər, çünki o dinləməyi və eşitməyi bacarır. Pastor bu halda içini boşaltmağa adam tapa bilməyən insana qulaq yoldaşı olan, onunla öz təcrübəsini bölüşmən birisidi.
Pastor həm də inanc baxış bucağıdan şəxsə ümid verməli, onun istədiyi məsələləri sayğı və sevgiylə dəyərləndirməlidi. Buna görə də pastoral genəşiyin mərkəzində inanca və mərhəmətə dayanan insani münasibət durur – peşəkarlıq pis deyil, ancaq mərkəzi də deyil. Pastor mütəxəssis, insan isə mütəxəssis yardımına ehtiyacı olan xəstə deyil. Pastor onunla fikrini paylaşan insana bərabər olan, onunla birlikdə ideya, fikir tapmağa, formalaşdırmağa çalışan insandı. Bəzən heç məsləhət almağa-verməyə də ehtiyac yoxdu. Sadəcə şəxsi dinləmək, onun dərdinə şərik olmaq yetər.
Bundan başqa, pastoral genəşiyin kökündə duran və münasibətləri cilallayan əsas ideyalar, inanc, Bibliyadan qaynaqlanır. Pastoral genəşikdə dua etmək, Müqəddəs Kitabın baxılan məsələ haqqında öyrətdiklərini birlikdə araşdırmaq, qarşılıqlı sorğu-suala çəki(li)b Müqəddəs Ruhdan gələn ilhamı aramaq, əxlaqi və dini qavramları işlətmək, konkret həmin şəxs, həmin situasiya, həmin məsələ üçün bir məqsədlə ritual icad edib onu yaşa(t)maq və/və ya təcrübədən keçirmək rast gəlinən elənişlərdi. İnsanlar pastorlara günahlarını etiraf etmək üçün, birlikdə dua üçün, başqasının soruşdurulmasına nail olmaq, barış(dırıl)maq üçün, sadəcə ürəyini boşaltmaq üçün, məsləhət vermək üçün, bu və ya digər məsələyə Qutsal Kitabın yanaşmasını anlamaq və s. üçün gəlirlər. Pastor da onlarla pastor-icma üzvü, inanclı-inanclı kimi münasibətə girir. Pastoral genəşik, psixoloji yardım xidmətindən fərqli olaraq müştəri-xidmət göstərən münasibətlərindətək pul ödənişini içərmir. Pastoral genəşik üçün maddi yardım uman pastor Qutsal Ruha sayğısızlıq edir. Belə pastor Qutsal Kitabın öyrətdiyi kimi, İsa Məsihi yenidən çarmıxa çəkir.
Pastoral genəşiyi psixoloji seansa bənzədən özəlliklər də var. Bu özəlliklərdən biri həm pastorun, həm də psixoloqun dərinə getmələri, araşdırmalarıdı. Psixoloji seansda olduğu kimi, pastoral genəşikdə də tərəflər biri-birinə dərin, başqalarına hec vəchlə söyləmədikləri bilgiləri etibar edir və bu bilgi, informasiya, hiss hər nədirsə o, güvənc istəyir. Buna görə də icmada güvənilir insan kimi tanınan pastorlar qısa vaxtda sirr dağarcığına çevrilirlər.
Bütün bu özəlliklər mənə pastoral genəşiyin incə, asan görünsə də asan olmayan, yaşam təcrübəsi və səbr istəyən iş olduğunu anladır. Bəs sizə necə?
No comments:
Post a Comment