Thursday, March 18, 2010

İbadət etməyin



İbadət etməyin. Ibadət sözüylə “ibad”, yəni “qul” sözü arasında əlaqə var. İbadət edən qul(luq)luğunu qəbul edir. Türkcədə isə ibadət anlamında həm də “tapınmaq” sözü işlədilir. Niyazi Mehdi bu sözün tapmaq sözündən yarandığını yazmışdı bir dəfə və həm də çox maraqlı bir fikir söyləmişdi: tapınmaq yəni ibadət etmək, Allah tərəfindən tapılmaq deməkdi. Tanrı sizi tapır tapındığınız zaman. Məncə ikinci sözü işlətmək daha yaxşıdı.
Allahın qulu olmağına hamımız Allahın quluyuq, buna söz yox. Ancaq Məsihilikdə bir də Allahın övladı olmaq vurğulanır. Tanrı bizi İsa Məsihdə həm də öz övladı kimi qəbul edir, bizim daha bir mərtəbə ona yaxınlaşmamız üçün İsa Məsihdə yol-yer hazırlayır. Yəni, biz hər nə qədər Allahın qulu olsaq da Tanrı bizi öz uşağı kimi görməyə və bizimlə belə davranmağa açıqdı. Tanrının övladı olmaqla tapınmaq arasında nə əlaqə?

Tanrıya ibadət etdiyinizdə Onun qulu kimi davranırsınız – sizə Məsihdə açılan övladlıq qapısından içəri keçmirsiniz. Tanrıya tapındığınız zaman isə o qapıdan Tanrının Səltənətinə keçirsiniz və Tanrı sizi, yəni öz övladını tapır. Tanrıya tapınmaq onun sizi öz övladı kimi tapmasını, ona övlad olmaq şərəfini və məsuliyyətini ürəyinizə sindirdiyinizi etiraf etmək deməkdi. Biz hamımız günah dolu yollarımızda azmışıq. İsa Məsihdə geriyə - Tanrıya dönüşü tapırıq. Tapırıq və tapınırıq. Tapınırıq və Tanrı bizi tapır. Tanrının bizi tapması onun bizi milyonlarla insanın arasından fərqləndirməsi deməkdi. Tapınmaq Tanrıya doğru hər zaman daha bir addım ata biləcəyimizi anladır: qul olmaqdan övladlığa doğru.

İbadət ərəb sözüdü. Malayziyada radikal müsəlmanların “Allah” sözünü işlətmələrindən dolayı isəvilərə bomba qoyub partlatdıqlarını yəqin oxumusunuz. İbadət sözündən ötrü də biri-gün sabah partlatmağa başlayacaqlar. Sözləri qalsın özlərinə. Biz Tanrıya tapınarıq, bu yetər.

İbadətdən tapınmağa bir də ifadə fərqi var. İbadət edən, başını yerə qoyar, qalxar, əlləri ya köksündə çarpaz –bağlanmış kimi, ya da yanında, başıaşağı duasını edər. Tapınan daha sərbəstdi. Tapınan oxuyar, oturar, qalxar, ayaq üstə, istəsə hətta rəqs edər – Tanrı sevgisindən və bağışlamasından, Tanrı övladı olmasından ötrü rəqs etməyib daha nə edəcək ki. Əllərini havaya qaldırar, əl çalar, istəyər oturar. Lap belə ürəyi istəyər dizüstə çöküb dua edər, ürəyindən keçsə üzüstə yerə düşüb sözünü söylər. Tanrı bizlə qul kimi deyil, övladı kimi davranmağa açıqdı – bunu daha ibad olub ibadətlə qəbul və ifadə etmirlər ki. Bunu Tanrı məbədi olub, Onun Oğlundan Ruh almaqla onun Atalığını və bizim də övladlığımızı kəşf etməklə tap(ın)ırlar.

İbadət etməyin, əziz məsihilər.

Tapının. Bir addım... daha bir addım, addım-addım, atın...

No comments:

Post a Comment

gündəlikdə axtarış