Liturgik təqvim kilisə ibadətinin bu və ya digər yönlərini vurğulayan və ya ümumbəşəri Kilisə, Məsihilik tarixindəki önəmli hadisələrin qeyd edilməsini ifadə etmək üçün ayrılmış zaman kəsimidi. Bu təqvim istifadə etdiyimiz zaman təqvimi ilə üst-üstə düşməyə bilər və zamanın axışını bildirmək üçün istifadə edilmir. Sözünü etdiyimiz təqvim sadəcə kilisə tarixindəki hadisələrin ibadətdə təntənəli qeyd edilməsini anlatmaq üçün yararlıdı. Gündəliyimizin daimi oxucuları liturgik təqvimdəki hadisə-aylardan biri ilə, Milad bayramı ilə tanışdırlar. Milada bənzər kilisə təqvimində ya liturgik təqvimdə bir sıra belə qeyd ediləsi şeylər var. Bu cür bayramlar, hadisələr, simvolik matəmlər həm də bir çox kilisələrdə özəl ibadət elementləriylə, bir xristianın ibadət və davranışında həmin zamana həsr olunmuş dəyişikliklərlə xarakterizə edilir.
"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Friday, March 11, 2011
Sunday, March 6, 2011
Önyarğılar Dünyasında
Hamımızın önyarğıları var. Birincisi ona görə ki, önyarğısız və ya stereotiplərə dayanan mühakimə olmadan yaşamaq qeyri-mümkündü, ikincisi, ona görə ki, yaşadığımız dünyada bol-bol arzuolunmaz, təhrifedici, mənfi informasiyaları qəbul edirik, üçüncüsü ona görə ki, özümüz mükəmməl deyilik. Niyə insanları stereotiplərə dayanaraqdan mühakimə edirik sualının cavabını istədiyiniz qədər uzatmaq olar, buna nədən görmürəm.
Tuesday, March 1, 2011
Şeirlərdən Nə Boylanır
Bu keçiddəki birinci şeiri oxuyun. Görən, Azərbaycan şairlərini, yazıçılarını Məsihiliklə bağlı ya Məsihiliyə istinad edən mövzulardan yararlanmağa vadar edən nədi? Bir dəfə yazmışdım bu barədə. İndiyə qədər də mətbuatda bu cür yazılar gedir. Məncə pis deyil.
Friday, February 25, 2011
Xocalı Faciəsi
Xocalı faciəsini qeyd etməyə dəyər ancaq bundan ötrü özümüzü qurbanlıq qoyuna çevirməyə dəyməz. Viktim psixologiyası insanı əzən, onun özünəgüvəncini itirməsinə səbəb olan bir düşüncə tərzidi. İllərlə bu düşüncə tərzini ruhuna hopdurmuş insanlarda kin-küdurət, özündən və başqalarından xroniki narazılıq yaranır.
Saturday, February 19, 2011
Yəqubun Məktubu 3:13-18
Monday, February 14, 2011
Tanrıcıl Zənglinlik
Bibliyada zənginlik, yəni varlı olmaq və əməlisalehlik/möminlik arasında qəribə bir ilişki var. Bu münasibət birmənalı deyil. İstər Əhdi-Ətiqdə, istərsə də Əhdi-Cədiddə bir çox varlıların daha çox Tanrı qəzəbinə gələcəyi, əldə etdikləri var-dövlətin onlar üçün Tanrı önündə bir yük olacağına dair bir çox mülahizələr var. Bu azmış kimi, bir də Qutsal Kitabda kasıblıq, daha doğrusu var-dövlətdən kasad olmaq zənginliyə nisbətən ümumilikdə üstün görülür söylənə bilər. Bununla belə, Qutsal Kitabda varlılığın birmənalı olaraq pislənməsi və kasıblığın da birmənalı üstün tutulması kim bir yanaşma görülmür. Bibliya var-dövlətdən həm də Tanrının verdiyi nemət, bərəkət kimi bəhs edir. Elə isə İlahidən bərəkət kimi var-dövlət almış əməlisaleh insanları var-dövləti özünə yük olan ədalətsiz insanlardan nə ayırır? Bu yaxınlarda bir məqalə oxudum. Müəllif bu suala cavab verməyə çalışır. Onun yazdığına görə əməlisahel zənginləri belə səciyyələndirmək olar:
Wednesday, February 9, 2011
İnanc. Şübhələndiklərinizdəndirmi?
Şübhəsiz yaşamaq mümkün deyil. İnanc məsələlərində də insanların şübhəsi olur. Şübhə nədir? Şübhəni üç ana elementlə xarakterizə etmək olar. 1) Şübhə bildiyimizin məzmunu haqqında qərarsızlıq, yəni bildiyimizin bildiyimiz kimi olmaması və ya bilmədiyimizin bildiyimiz kimi olması ilə bağlı düşüncələr və bu düşüncələrdən törəyən qeyri-müəyyənlik. 2) Güvəncsizlik. 3) rahatsızlıq. Hər üç elementi birləşdirsək məncə şübhəni əldə edirik. Şübhə ancaq o zaman ortaya çıxır ki, konkret məsələdə qeyri-müəyyənliyin mövcudluğunu anlayırıq və bu qeyri-müəyyənliyi aradan qaldırmaq bizim üçün önəmli olar. Şübhə o zaman başlayır. Bilmədiyiniz və necəliyini dəqiq anlamadığınız ancaq bundan dolayı rahatsız olmadığınız şeylər şübhə yaratmaz və ya onların törətdiyi əqli-hissi hallar şübhə kimi xarakterizə edilməz.
Thursday, February 3, 2011
Ekzegetika və Eyzegetika
Ekzegetika Bibliyanın bu və ya digər bir parçasının, hekayəsinin, müəyyən cümlələrinin daha dərindən, daha hərtərəfli anlaşılması üçün araşdırılmasına deyilir. Ekzegitka Məsihi Hermenevtikasının və Məsihi şərhinin təməl sənətlərindədi. Bir şəxsin ekzegetika ilə məşğul olması üçün ən azından qədim İbranii və Yunan dillərində mətnlərlə işləməsi, üzərində işlədiyi mətni diqqətlə və yaxından oxuyub analiz etməsi, sözügedən mətnlə bağlı başqalarının araşdırmaları ilə tanış olması, mətnin yazıldığı dönəmi və s. öyrənməsi, mətnin ədəbi, linqvistik özəlliklərini ələ alması gərəkir. Ekzegetika teoloji şərhin, vəəzin, homiletikanın mühərriki kimi anlaşıla bilər. Ekzegetikasız Bibliyanı oxuyub anlamaq, ruhi gəlişmə üçün ondan yararlanmaq mümkündü, ancaq mətnin dərinliyinə enmək, onu bir neçə baxış bucağından araşdırmaq, mətnin belə deyək, tapmacalarını tam anlamaq mümkün deyil. Bibliyanı oxuyan hər kəs şərh səviyyəsində az-çox ekzegetika ilə tanışdı. Ekzegetikada məqsəd Müqəddəs Kitabın sizə verəcəyi mümkün anlamları tapmaq, onları görməkdi.
Saturday, January 29, 2011
Tanrıcıl Çəkingənlik Pisliyə-Ədalətsizliyə Nifrət Kimi
Süleymanın Məsəlləri kitabında (8:13) deyilir ki, Allah qorxusu pisliyə nifrət etməkdi. Sözün düzü, nifrət etmək heç vaxt ürəyimcə olan bir şey deyil, ancaq hər halda pislikdən xoşlandığımı da deyəmmərəm. Yəqin ki, pisliyə nifrət ümumiyyətlə şər, pislik kimi şeyləri həm əqli, həm də emosional rədd etmək anlamına gəlir. Görən niyə pisliyə, şərə nifrət önəmlidi? Yuxarıdakı örnəkdən bəlli olur ki, Tanrı qorxusu laqeydliyi rədd edir. Bu mənada pislikdən, şərdən nifrət etmək həm də Allah qorxusunun bir parçasıdı. Görünüydü kimi, Allah qorxusu Allahdan qaçıb gizlənmək deyil, şərdən, pislikdən uzaq olmaqdı. Allah qorxusu da önəmli özəllik olduğuna görə, Tanrıcıl çəkingənliyi (və ya Allah qorxusunu) əldə etmək istəyən insan həm də pislikdən, şərdən uzaq olmalıdı və ya buna can atmalıdı. Nəzərə alaq ki, pisliyə nifrət (və ya Allah qorxusu) şər, pislik adı altında sadəcə əxlaqi sferadan danışmır, həm də ədalətsizlikdən danışır, ona görə ki, şər olan, pis olan həm də ədalətsiz olandı.
Monday, January 24, 2011
Bizim Dilimiz və Onların Dili
Yəqin mətbuatı ara-sıra izləyənlər yazıçı Əli Əkbərin Azadlıq radiosuna müsahibəsində işlətdiyi “dilimiz naqis dildi” sözünü oxuyublar və sonra onun ətrafında dönüb dolaşan söhbətlərdən də eşidiblər. Mən dilimizin naqis olub-olmadığını bilmirəm, ancaq dilimizin bir sıra dillərlər müqayisədə, məsələn, İngilis, Rus və s. dillərlə qarşılaşdırdıqda söz ehtiyatı baxımından kasad olduğunu şəxsi təcrübəmdən bilirəm. Bir dilin digər bir dilə nisbətən daha az ya çox sözə malik olması faktdı.
Subscribe to:
Posts (Atom)