Kimliyindən,
necəliyindən, hardalığından, nəvaxtalığından asılı olmadan bütün insanlar,
heyvanların bir çoxu da daxil olmaqla, təqlid edərək, biri-birindən görüb-götürərək
öyrənirlər və yaşayırlar.
Bir
körpə ata-anasını təqlid edər. Uşaqkən oynadığımız oyunlar belə təqlid edərəkdən
öyrənmənin bir şəklidir. Bir aslan balası, anasının ovlamasını müşahidə edərək,
onu yamsılayaraq öyrənər.
Oxşamaq,
oxşatmaq, yamsılamaq, təqlid etmək universaldı. Toplumlar biri-birinin nailiyyətlərini
təqlid edərlər. Bütöv hərəkatlar bir ya bir neçə şəxsin, qrupun yaşam tərzini təqlid
edərlər. Bu,
istəsək də istəməsək də belədir. Bilmədən, fərqində olmadan təqlid etmək və ya
yamsılamaq da olur.
Böyüdükcə,
yaşa-başa çatdıqca təqlid etdiyimiz, yoluyla getdiyimiz insanları yarı-şüurlu,
yarı-irrasional olaraq seçirik.
Böyük
bir siyastəçidən ilham alıb ona bənzəmək istəyən, o bənzəmə istəyinin yaratdığı
ehtirasla siyasəti özünə yol seçən adamlar görmüsünüz.
Həyat
yollarında bir deyil, onlarla insanı, varlığı, heyvanı, hadisəni, içimizdəki modeli
təqlid edirik. Bəzən bu cəhdlər içimizdə və ya münasibətlərimizdə münaqişələr
yaradır.
Riyaziyyatçı
yetənəyi olmasa da təsirləndiyi bir riyaziyyatçıya bənzəmək istəyən insan
görmüsünüzmü?
Və ya
cizmən zəif, tənbəl birisinin baxdığı bir-iki filmə görə Brus Li kimi
atılıb-düşdüyünü necə, görmüsünüzmü?
Oxşamaq,
oxşatmaq, təqlid etmək bütün inanclarda var.
İslamda
Məhəmməd peyğəmbərə bənzəməyə, onun kimi olmağa çalışırlar. Həzrət Əli, Həsən,
Hüseyn, Əl-Qəzali, İbn-Sina, Üsamə Ben Laden kimi olmaq istəyənlər də olur.
Məsihilikdə
İsa Məsih kimi olmağa çalışırlar. Təbii ki, Həvari Pavlosa, Hippolu Avqustinə, inkvizitorlara, ku-kluks-klan üzvlərinə bənzəməyə çalışanlar da olur.
Bənzəməyin, təqlidin də hədləri var. İslamın peyğəmbərinə bənzəmək istəyən
şəxs Qurani-Kərim yaratmır. İsa Məsihə
bənzəmək istəyən şəxs, çarmıxa gərilməyə məcbur deyil.
Məsih
İsanı təqlid etmək necə olur?
Əgər
siz acıq çıxmaqdan, qisas almaqdan çox bağışlamağa çalışırsınızsa, aqressivliyə
mərhəmət və sevgiylə reaksiya verirsinizsə İsa Məsihə təqlid etməyə
yaxınlaşırsınız deyilə bilər. Əgər siz başqalarının əzablarını bölüşürsünüzsə,
onların iztirabları yüngülləşsin deyə təmənnasız və sevdiyiniz üçün həmin
iztirabları çəkməyə çalışırsınızsa onda siz İsa Məsihin çarmıxına
yaxınlaşırsınız deyilə bilər.
İlk
baxışdan baxdıqda bu cür yaşamda bir sado-mazoxizm tapmaq olar. Amma Məsih
inancının kökündə, sado-mazoxizmdə olduğu kimi əzabdan zövq almaq və bu zövqlə
öz tələbatımızı ödəmək durmur. Sado-mazoxizmdə gizlin bir eqotizm, eqodan
qaynaqlanan bir hedonizm var. Məsihilikdə isə nifrətə-nifrətlə, qəzəbə-qəzəblə,
kinə-kinlə cavab vermək kimi qapalı və günah dolu, məhvedici münasibətlər dairəsindən
çıxmaq üçün özünü fəda etməyə, həm də sevgidən, təmənnasız fədakarlığa bir dəvət
var. Başqa sözlə, başqasını özündən önə, üstə, yuxarıya qoymaq kimi bir yanaşma
var.
Bu əlbəttə, sadəcə Xristianlıqda
belə deyil. Buddanı təqlid edənlər də onun kimi Orta Yolda olmağa, onun kimi hər
şeyə sakit, qəzəbsiz reaksiya verməyə çalışırlar.
Ancaq Buddanın yolunda
bağışlama, İlahinin Lütfü deyilən bir yanaşma yoxdu. Buddanın yolunda əzab
illüziyalarla, qanmazlıqla bağlıdı. Məsihilikdə isə əzabın ontoloji və ya
ekzistensial statusu var və bu yanaşma insanlardakı qırılmışlığı, günahkarlığı
vurğulayır.
Deyəsən,
çox uzatdım. Nəsə...gedim
çay içim... .
No comments:
Post a Comment