Həvari
Pavlos tarixi şəxsiyyət olub. Xristianlıqda dərin iz buraxıb, bu inancın istər
yayılmasında, istərsə də bir sıra təlimlərinin ərsəyə gəlməsində onun böyük
rolu var. Onun yazdığı məktublar Əhdi-Cədidin önəmli parçasını təşkil edir.
Ancaq həvari
Pavlos həmişə məsihi olmayıb. Özünün öyrətdiyi kimi, İsrailin Benyamin
tayfasından çıxıb, doğulduqdan sonra səkkizinci gün sünnətlənən, fərisi kimi təhsil alan və yəhudi
dini qanunlarını qüsursuz yerinə gətirən Pavlos, Musəvilik üçün o qədər içdən və
şövqlə çalışırmış ki, İsa Məsih üçün ilk şəhid olaraq adı tarixə keçmiş
Stefanos daşlandığı zaman onu öldürməyə gedən insanlar öz pal-paltarlarını
baxması üçün onun yanında buraxıblarmış.
Hələ bu
azmış kimi, Pavlos, xristianlıqdan öncəki adıyla Saul, məsihiləri yaxalayıb cəzalandırmaq
üçün Yerusəlimdəki dini rəhbərlərdən özəl icazə alır və Dəməşqə gedir.
Dəməşqə
yaxınlaşarkən onun başından keçən hadisə Saulun həyatını kökündən dəyişir və
beləcə yazılarıyla iki min ili aşıb bizə məsih düşüncəsini öyrədən insan
doğulur.
Əhdi-Cədidin
nəql etdiyinə görə, Saul Dəməşqə yaxınlaşanda parlaq bir işıq onun gözlərini
qamaşdırıb onu yerə vurur və sonra da bir səs ona “Saul, Saul, mənə niyə əziyyət
verirsən?” deyir. Saul səsdən kim olduğunu soruşanda səs ona İsa Məsih olduğunu
söyləyir. Bu hadisədən sonra Saulun gözləri tutulur. Onunla olsa da heç bir şey
eşitməyən və görməyən yol yoldaşları Saulu Dəməşqə gətirirlər.
Bundan
o tərəfəsini mən sizə deməyim, istəyən “Həvarilərin Əməlləri” kitabında ətraflı
oxuya bilər.
Məni bu
hekayətdə maraqlandıran Tanrının insanları, bu halda həvari Pavlosu, kəskin bir
şəkildə və qəfildən özünə döndərməsidi. Yəqin, İlahi hər kəsə həmin şəxsin şəxsiyyətinə,
kimliyinə uyğun bir şəkildə müraciət edir. Birinə qəfil, dramatik bir səs kimi,
ikincisinə təkrarlanan yuxu kimi, üçüncüsünə intuisiya, dördüncüsünə, ilham
vasitəsilə, beşincisinə sadə bir təsadüflə. Kim bilir, bəzilərinə bir yanlışlıq
vasitəsilə də Rəbb müraciət edər. Və ya həvari Pavlosun öyrətdiyi kimi Rəbb bizə
öz ruhumuz vasitəsilə, içimizdən, dərindən gələn həsrətlə də özünü aça bilər.
Qutsal
Olanın çağrışına cavab verən həvari Pavlos öyrətdiyi kimi də yaşayıb. Bir neçə
dəfə daşlanmaqdan qurtulan, dəfələrlə döyülən, qamçılanan, bir neçə dəfə həbs
edilən bu insan özünü tamamən inanca vermiş bir həyatın müccəsəməsidi. Qurduğu
kilisələrə yük olmamaq üçün öz əliylə çadır tikib satan və yaşayan, Yerusəlimdəki
kasıb məsihilərə yardım etmək məqsədilə Roma imperiyasının başqa yerlərindəki
kilisələri ayağa qaldıran, ittiham edildiyi zaman önünə çıxarıldığı hökmdara
özündən daha çox İsa Məsihdən danışan, Afinada olduğu zaman o vaxtın elmlər
akademiyasına gedib orda Müjdəni tanıtmaq üçün bu günkü dillə desək, mühazirə
oxuyan birisi idi həvari Pavlos.
Rəbb hər
kəsi bir cür çağırır. Rəbb hər kəsə qaldıra biləcəyi qədər şiddət, sevgi verər,
firavanlıq, ağrı-acı verər. Birisinə, eynilə həvari Pavlos kimi, ağrı-acı dolu,
keşməkeşli bir həyat verər. Başqasına nisbətən sakit, yumşaq bir xidmətçilik həyatı
verər. Daha başqasını çağırdığında İlahi ona öz övladıyla gizlənqaç oynayan ana kimi davranar: gizlənər və onu tapması üçün övladının rast gələcəyi işarətlər qoyar. Sonra çağırar, sonra görünər, sonra bir daha gizlənər.
Bütün
bu çağrıların hamısında ən önəmli olan, İlahinin səsini eşitmək, onu tanımaq və
onu qəbul etməkdi. Musaya yanan koldan danışan İlahini eşitmək, duymaq üçün
açıq olmağa ehtiyac var.
Bəs sizə
necə, Alfa və Omeqa necə müraciət edir?
No comments:
Post a Comment