Monday, December 17, 2012

Bağışlayan və Sevən




Bir duada deyildiyi kimi:

Κύριε Ἰησοῦ Χριστέ, Υἱὲ τοῦ Θεοῦ, ἐλέησόν με τὸν ἁμαρτωλόν.

"Rəbb İsa Məsih, Allahın Oğlu, mən günahkara mərhəmət eylə!"


Lukanın nəql etdiyi müjdə: 15:1-7

1."Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. 2.Fariseylər və ilahiyyatçılar isə "bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir" deyirdilər.
3.Amma İsa onlara bu məsəli çəkdi: 4."Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? 5.Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. 6.Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: "Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!" 7.Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq."

(Müqəddəs Kitab. Əhdi Ətiq və Əhdi Cədid. Bakı - 2009. Müqəddəs Kitab Şirkəti.)




Bir-iki qeyd.
Fəriseylər İsa Məsihi zamanında mövcud olmuş Musəvi təriqətlərindən biri idi. İfrat şəriətçilikləri, daxildən daha çox zahirə diqqət ayırmaları, dini ənənəyə aludəçilikləri ilə tarixdə qalıblar. Mətndə ilahiyyatçı kimi gedən söz əlsində bizim anladığımız mənada ilahiyyatçı yox, mirzə, katib, yazan kimi verilməlidi.
Günahkarlar deyildikdə Əhdi-Ətiqin tələblərinə riayət etmədən yaşayan insanlar, fahişələr, dilənçilər, xəstələr nəzərdə tutulur. Qədim Musəvilikdə xəstəlik qavramı bu gün olduğu kimi sadəcə bioloji bir halı anlatmırdı, həm də sosial status, münasibətlərlə bağlı idi. Xəstə olmaq, Fəriseylərə görə, Allahın günahkara verdiyi cəza idi.  Buraya vergiyığanlar da aid edilirdi. Vergiyığanlar milliyyətçə yəhudi olan, ancaq işğalçı Roma imperiyası üçün yerli xalqdan vergi yığan bu verginin bir hissəsini mərkəzə verən, digər hissəsini öz qazançı kimi tutan insanlara deyilirdi. Vergiyığanlar xəyanətkar, özünü və xalqını satmış kimi görülürdü. Bu cür insanlarla ağlı başında olan, cəmiyyətdə hörməti olan normal bir yəhudinin münasibətə girməsi ağlasığmaz idi, o ki qaldı İsa Məsih kimi din xadiminin münasibətə girməsi ola. Fəriseylər İsa Məsihin xarkaterini soruşdururlar, yəni bu İsa Məsih Allahın əmrlərini yerinə gətirirsə, daha niyə günahkarlarla əlaqəyə girir, ətrafına günahkarlar yığışır. İsa Məsih onlara yuxarıdakı məsəli çəkməklə cavab verir.
 

No comments:

Post a Comment

gündəlikdə axtarış