Dilimizdə
doqma və doqmatik sözünün mənfi çaları var. Bir qayda olaraq, köhnə, daşlaşmış,
rigid bir fikri, və ya belə düşünən birisini anlatmaq üçün istifadə edilir. Xristianlıqda
doqma bu və ya digər inancı ifadə edən formal dil, formula, ümumqəbulolunmuş rəsmi
ifadə tərzi kimi anlaşıla bilər.
Doqma, inanc həqiqətinin, inanc mistikasının
yarımçıq insan dilində ala-babat, qeyri-mükəmməl ifadəsidi. O, inancı, həqiqəti
anladır, ancaq bütün həqiqətin ona sığdığını düşünmək öz inancını tam anlayan
inanclı üçün yanlış addımdı. Doqmanın əsas məqsədi hamının anladığı və
razılaşdığı dillə inancı ifadə etmək, kilisənin və xristianların tarixi ilə bu
günü və gələcəyi arasında bir körpü salmaqdı.
Götürək
Müqəddəs Üçlük doqmasını. Elə bilirsiniz bu doqma hər şeyi izah edir və onda
heç bir ziddiyyət yoxdu? Əlbəttə, elə deyil. Doqma ən yaxşı halda az-çox
rasionaldı, ancaq onun tamamən məntiqiliyini, hər zaman rasional olacağını
düşünmək yanlışdı. Doqma məntiqi olmaya da bilər. Doqma dəqiqdi, o, Bibliyadakı
ayrı-ayrı mülahizələrin, öyrətilərin sistemləşdirilmiş, distillə edilmiş,
az-çox rasionallaşdırılmış ifadəsidi. Həqiqət isə doqmaya sığmır. Həqiqətin
ancaq bir qismi, İlahi mərhəmətinin işığında bizə əta edilən parçası doqmalarda
az-çox əks olunur. Günəş şüaları bir prizmadan keçəndə necə sınarsa, İlahinin əsrarəngiz
dərinliklərindən gələn həqiqətlər də insan dilindən, əqlindən, doqmasından keçəndə
eləcə sınar, bölünər, parçalanar.
Doqma anlaşılmazı anlatmaq və bu cəhdi əqləsığarlaşdırmaq cəhdindən
başqa bir şey deyil.
Doqmatik teologiya mənim ən çox sevdiyim teologiya sahələrindədi.
No comments:
Post a Comment