Həyata
oyun kimi baxsanız nə görərsiniz¿ Bütün oyunlarda olduğu kimi, müəyyən məqsəd(lər),
oyunçular, öncədən müəyyənləşdirilmiş qaydalar, həmin qaydalar əsasında gedişlər,
strategiya, taktika və zər və ya təsadüfün, bəxtin oyuna gətirdiyi fürsətlər,
uduzan, udan. Əlbəttə, bu siyahını uzatmaq olar. Məsələn, bəzi oyunlarda müəyyən
şərtlərə dayanaraq oyunçulardan biri oyunun müəyyən qaydalarını dəyişə bilər.
Sizin həyat oyununuzda qaydaları kim müəyyənləşdirir və kim dəyişdirir¿
Əslində
həyata bir oyun kimi baxmaq çətindi. Yaşamın axıcılığı, qeyri-müəyyənliyi onu
oyunların şahınamı deyim, oyunlar oyununamı deyim, makrooyunamı deyim, nəsə
buna bənzər bir şeyə çevirir. Ancaq həyata, insanların münasibətlərinə oyun kim
baxanlar və ya müəyyən bir oyun anlayışını tətbiq edərək insanın müəyyən iş sahələrini
öyrənməyə çalışanlar var. Məsələn, riyaziyyatda oyunlar nəzəriyyəsi deyilən bir
sahə var. Düzdür, həmin sahənin mənim bu sözü işlətdiyim mənada oyunlarla
(şahmat, nərd, domino, kompüter oyunları və s.) bir elə əlaqəsi yoxdu ancaq hər halda iqtisadi
münasibətlərə tətbiq edərəkdən, sözünü etdiyim oyunları nümunə kimi ələ
alaraqdan insan həyatına göz atmaq yeni bir şey deyil.
Həyatda
bütün oyunların elementləri var. Odur ki, həyata yalnız bir oyun kimi baxmaq
mümkün deyil. Bir şahmatçı üçün yaşam bir şahmata bənzər. Bir nərd həvəskarı
üçün həyat nərdi xatırladar. Bəs görəsən yaşam kiməsə Tetris ya gizlənqaç oyununu xatırladırmı¿
Görəsən
yaşamı şahmata bənzətdiyinizdə nə görərsiniz¿ Öncədən yeri məlum və dəyərləri və
ya statusları dəyişməyən fiqurlar-insanlar, əl-qolunu bağlamaq istədiyiniz ən əsas
fiqur-insan-şah, qurban verə biləcəyiniz bir neçə ən az dəyərli piyada, rəqiblərinizin
başının üstündən atlayıb onların arxasından iş görən atlılar-əlaltılar. Siz öz
oyununuzda kimsiniz¿ Şah¿ Vəzir¿ Bəlkə siz öz oyununuzda oyunçusunuz, ətrafınızdakıları
insanların birini də şah, o birini vəzir, üçüncüsünü isə top kimi oynadırsınız¿
Özünüzü və yaşamınızı, yəni oyun lövhəsində olanları başqasıyla bölüşməniz
mümkünmüdür, yoxsa eynilə şahmatda olduğu kimi, sizin qələbə mütləq və mütləq
başqa tərəfin məğlubiyyətidi¿
Bəs
yaşama nərd, ya dəbdə olan mafiya, ya bir kart oyunu, məsələn, poker kimi
baxsanız nə görəcəksiniz¿
Bəs ətrafınızdakı
insanlar yaşama oyun kimi baxıb sizinlə sizin oynadığınız oyunu deyil, başqa
oyunu oynasalar necə¿ Məsələn, yaşamı nərd bilib talenin gətirdiyi fürsətləri
istifadə edən birisinin qarşısındakı o biri yaşam oyunçusu yaşama domino kimi
baxıb əlindəki daşları o birinə sırımaq istəsə necə¿ Kim qazanır, kim uduzur¿ Bir
anlığa düşünün. Yaşamın gətirdiyi fürsətdən yararlanan nərd həvəskarı qarşı tərəfi
həriflədiyini fikirləşir deyək ki ondan ucuz qiymətə ev alır. Onun üçün bu qoşa
zərin verdiyi, onun da yararlandığı əla bir gedişdi. Hərif adam bazardakından
çox aşağı qiymətə ev satır...heç belə fürsəti əldən verərlər¿ Dominodakı kimi əlindəki
daşları hər kəsdən öncə masaya qoymağa çalışan qarşı tərəf isə əksinə, özündəki
yükü başqasına sırıdığına görə önündəkini hərif hesab edir. O, sənədləri
qaydasında olmayan, bünövrəsində problemləri olan evi-domino daşlarından birini
əlindən çıxarır. Onun dünyasında hərif heç düşünmür ki, belə ucuz qiymətə ev
olmaz...nə versə qənimətdi, təki evi alsın. Kimdir udan¿ Ümumiyyətlə udan varmı
bu oyunda¿ Bəlkə hər iki tərəf udur ya uduzur¿
Əgər
buraya qədər yazdıqlarım sizə boşboğazlıq kimi görünürsə, onda daha konkret və
daha sadə bir misal verim.
İki
insan düşünün. Birisi üçün məqsəd hər cür vasitəyə haqq qazandırır və məqsəd də
hər şey ola bilər. Onun oynadığı yaşam oyununda əxlaq qaydaları keçmir və alicənab
əxlaqi davranış bir gediş ən yaxşı halda başqalarını hərifləmək üçün maskadır.
O, ev almaq üçün sizin ayağınızın altını qazar, sizə dost deyib evində sizə zəhər
içirdər. Onun üçün öz məqsədlərinə çatmaq hər şeydən üstündür və onun oyununda
hər şeyə yol verilir. O biri insan bunun əksidir. Onun oynadığı yaşam oyununda
hamıya öncədən bəlli etdiyi prinsipləri var, həmin prinsiplərə cani-dildən
sadiqdir, həmin qaydalardan kənara çıxmamağa çalışır, yəni öz davranışlarını müəyyən
prinsiplər əsasında məhdudlaşdırır. Belə insan, sizin evinizə tamah sala bilər,
ancaq deyək ki, inancından dolayı nəfsini qısar və ayağınızın altını qazıb
evinizi başınıza uçurmaz. İndi bu iki insanın biri-birilə oynadığı oyunları
düşünün. Sizcə, kim daha təhlükəlidi və kim daha çox qazanar¿ Belə deyək, sizcə
hansı oyunçunun gediş, taktika imkanları daha çoxdu¿
Yaşam oyununu bütün toplum səviyyəsində düşünün. Hamı oyun oynayır. Hamı ən azı
bir neçə oyunu, bir neçə səviyyədə oynayır. Bütün cəmiyyət oyun oynayır, bəzi oyunlar hamı üçün keçərlidir,
bəziləri isə fərdidi. Bəzi oyunlar kəsişir, bəziləri isə yox. Bəziləri üzdə bir oyun, altda başqa oyun oynayır. Maraqlıdır, deyilmi¿
Yaşama
oyun kimi yanaşmaq onu daha maraqlı edir. Eynilə sualları tərsinə qoymaq və soruşmaq kimi.
No comments:
Post a Comment