Friday, June 12, 2015

İlahinin Ədaləti


İlahi haqqında inanılası ən önəmli ideya, dəyər və ya öz yaşantılarınızda yaşamalı olduğunuz ən əsas münasibət, Allahın təkliyi ya çoxluğu deyil, Onun ədalətliliyidir. Çünki tək, ancaq ədalətsiz ilahiyə ibadətdən daha qorxunc, yazıq bir şey təsəvvür etmək çətindir. İlahiyə ibadətin rasional əsası da insanın nöqteyi-nəzərindən buna dayanır: İlahi ədalətlidir və Onun ədaləti mükəmməldir və buna görə də Ona ibadət etməyə, Ona, türklər demiş, “tapmağa” dəyər. Bu, etiraf edim ki, çox yarımçıq yanaşmadı. Biz İlahiyə sadəcə ədalətli olduğu üçün ibadət etmirik. İlahi, bizə belə bir nəsihət verdiyi üçün Ona ibadət edirik. Ədalət özlüyündə İlahiyə ibadətin tək və yeganə əsası deyil, amma zəruri əsaslarındandır deyilə bilər. 

Xatırlayın ki, İlahinin ədalətli olması, hər üç İbrahim dinində qəbul edilmiş bir doqmadır. O, mənada doqmadır ki, İlahinin ədalətliliyinə inanmaq lazımdır. Əgər Rəbbin ədalətsiz olduğuna inanırsınızsa, onda hər üç inancın öyrətdiyinə görə, İlahini tanımırsınız və ya Allah haqqında bilginizdə ciddi boşluq var.
Lakin işin ən maraqlı tərəfi də elə İlahinin ədalətinə inandıqdan sonra başlayır. Əgər İlahi ədalətlidirsə, onda bu qədər ədalətsizlikləri durdurmaq üçün niyə birbaşa müdaxilə etmir? Və ya ən azından sualı belə qoymaq olar, əgər İlahi ədalətlidirsə, onda dünyada gördüyümüz ədalətslizliklər, Onun ədalətiylə necə bir araya sığır? İlahinin ədaləti məsələsi monoteist dinlərdə daha kəskin ortaya çıxır. Politeist inanclarda ədalətsizliyi ikinci allahın üstünə yıxmaq olar. İbrahim inanclarında isə bunu etmək mümün deyil. Sadəcə bir İlahi var və dünyadakı ədalətslizlikləri də şeytanın üzərinə yıxmaqla iş bitmir: əgər şeytan ya şər ya nəsə başqa bir şey bu qədər ədalətsizliyə səbəb olursa, hamını sevən və ədalətli, hər şeydən güclü Rəbb onu niyə durdurmur?
Əzizlərim, bunlar haqqında düşünülməsi gərəkən suallardır. Ancaq ona görə yox ki, bunları düşünməklə bu sualların birmənalı cavabını tapacaqsınız. Ona görə ki, bunları düşünməklə, İlahi və inancınız barədə təxəyyülünüzü inkişaf etdirəcəksiniz.  

   

No comments:

Post a Comment

gündəlikdə axtarış