Saturday, May 9, 2015

Məsihi Əzabları


“Həvari Peterin Birinci Məktubu”nda deyilir: “Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz. Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır. Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. Amma əgər bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.” (1 Peter 4:12-16)
 Xristianlığın ilk baxışdan həqiqətən absurd, hətta gülünc səslənən yönləri var. Axı niyə İsa Məsih kimi əzab çəkək? Sizcə, bu, sado-mazoxizmi xatırlatmırmı?  İnsanlar bir qayda olaraq əzabdan qaçarlar, daha biz niyə könüllü əzab çəkək?

Əgər bu suallar sizi İsa Məsihin Xoş Xəbərindən uzaqlaşdırırsa, onda həvari Peterin yazdıqlarını yerində anlamamısınız söylənə bilər. Həvari Peter bizi əzab çəkməyə həvəsləndirmir. Həvari Peter başımıza gələn və önlənməsi əlimizdə olmayan əzablara necə yanaşmağı öyrədir. Mətnə diqqət edin. Birincisi, Həvari hər cür əzabdan (qatil kimi haqlı cəzadan əzabı ya qiybətçi kimi dedi-qodudan çəkilən anlamsız əzabı) deyil, sınaq kimi imtahan rolunda gələn əzabdan bəhs edir. Nəzərə alaq ki, Həvari Peter bu məktubu Roma imperatorluğunda təqib olunan Xristianlara yazıb və onlara düşdükləri şəraiti inanc baxış bucağından dəyərləndirməyi öyrədib. Söhbət hər cür təqibdən yox, məhz inanc xatirinə təqibdən gedir. İkincisi, İsa Məsihi də inancı üçün təqib ediblər. İsa Məsih isə başqalarına qulluq edərək, onları xilas edərək əzab çəkib. Başqa sözlə, onun inancı dağıdıcı, məhvedici inanc deyildi. O, insanların qurtuluşu və İlahiyə yaxınlaşmasına, özünün həmin yolda özəl roluna inandığı üçün, dini elitanın qəbul etmədiyi sağaldan, sərbəstlik və azadlıq gətirən möcüzələr göstərdiyi üçün təqib edilib. İsa Məsih yaxşı inandığı və fədakar inancı üçün əcab çəkib. Bir Xristianın İsa Məsih kimi inancı üçün təqib olunması, fədakar, yaxşılıq dolu inancı üçün təqib olunması anlamına gəlir. Həmin yolda çəkilən əzab imtahandır. Üçüncüsü, yada salaq ki, bütün insanlar istəsələr də, istəməsələr də necəsə, hardasa, kimləsə, nəyləsə bağlı əzab çəkirlər. Az ya çox, bu hamının başına gəlir. Peterin öyrətdiyinə görə, anlamsız, əxlaqsız, boş işlərə görə əzab çəkəcəyimizə inancımız üçün çəkilən əzabı imtahan kimi dəyərləndirmək lazımdır, çünki bu bizə daha da yetkinləşməyə imkan verir – Allahın Ruhu bizimlə qalır. Axı, insan həm də İlahinin Məbədidir və həmin məbədin yaxşılıq, səmimi və sevən inanc üçün, başqalarının bağışlanması və doğru yola gəlməsi üçün əzab çəkməsi Müqəddəs Ruhu həmin məbədə dəvət edir.   


Bu əlbəttə Həvarinin öyrətdiyini tam açıqlamır, ancaq onun niyə İsa Məsih yolunda və həqiqi sevgi, yaxşılıq üçün çəkilən əzabı boş görməməsini bir az da olsa aydınlaşdırır. 

Məsihdə çəkdiyiniz əzabdan utanmayın! 

No comments:

Post a Comment

gündəlikdə axtarış