Tuesday, November 27, 2012

Sev(il)mək Hekayətindən Bir Səs


"Ey sevimlilər, biri-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək biri-birimizi sevək. Allahı heç kim heç zaman görməyib. Əgər biz biri-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur." (Yəhyanın birinci məktubu 4:7-12). (Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid.) Müqəddəs Kitab Şirkəti. Bakı-2009. Səh.383)

Bu tərcümə orijinaldakı mənanı az-çox doğru əks etdirir, ancaq dəqiqləşdirilməsi gərəkən bəzi şeylər var. Orijinal mətndə "sevək", "məhəbbət", "sevimlilər" sözləri bir kökdən yaranan sözlərlə ifadə edilir (aqapetoi, aqapomen, aqape, aqapon, eqapesen)  və buna görə də orijinal yunancada açar sözlər təkrarlanır, mövzu aydındır və vuruğulanır. Mətndə bir daxili səs və mövzu ahəngi var. Bizim dilə tərcümədə müxtəlif sözlər işlədildiyi üçün bu özəllik it-bata düşür.
 "Vahid" sözü yunancadakı dəqiq mənanı vermir, ancaq tərcüməçiləri də başa düşürəm, çünki qarşılığı yoxdu. Yunancada "monoqene" sözü işlədilir, təxmini mənası "yeganə", "təkcə", "bircə" "törəmiş", "olmuş" sözlərini bir araya qoymaqla açıla bilər. Yeganə, (birisindən, bir şeydən) ilk və son törəmiş olanı anladır və İsa Məsihin İlahidən törəyən, ilk və yeganə olduğunu ifadə edir. Monoqene sözündəki gene-ni bəzi dillərdəki generasiya (to generate x) sözündən tanımaq olar. Göründüyü kimi vahid sözü (bir olan, tək olan, bölünməmiş) həmin anlamı vermir.
"...Allahı sevməyimizlə bağlı deyil..." ifadəsi daha dəqiq "biz Allahı sevməmiş/sevmədən" (təxminən bu şəkildə: "Sevgi bundan ibarətdir: biz Allahı sevməmiş..." və ya bu cür: "Sevgi budur: ki biz Allahı sevməmiş...") olmalıdır.

Yühənnanın (Yəhya sözü, Yühənnanın ərəbləşdirilmiş şəklidi) bizə ötürdüyü (və onun anlatım şəklində) müjdə İlahi sevgiylə,  İsa Məsihin sevgisiylə, insanların varlığa sevgisiylə iç-içə verilir. Sevgi/məhəbbət bütün incillərdə və məktublarda dolayı ya düzünə bəhs edilər, ancaq bu mövzunun dərindən işləndiyi İncil Yühənnanın İncili və onun məktublarıdı.  

Rəbbin sevgisindən yoxsun qalmayın!

No comments:

Post a Comment

gündəlikdə axtarış