Sunday, August 5, 2012

Pro et Contra


Bir neçə ay bundan öncə fəlsəfə fakultəsində oxuyan bir iranlı tanışımla inanc, inanmağa səbəb haqqında maraqlı söhbətim oldu. Həmin tələbəylə təxminən bir il əvvəl də buna bənzər söhbətim olmuşdu və o vaxtı o, öz aqnostikliyinə haqq qazandıranda demişdi ki, fövqəltəbii varlığı sübut etmək mümkün deyil.
Əslində düz deyir. Hər hansı bir fövqəltəbii varlığın mövcudluğunu tam və birmənalı, hamı üçün keçərli şəkidlə, çağdaş elmi anlayışlar və metodlar vasitəsilə sübut etmək mümkün deyil.


Ancaq İlahinin varlığı üçün sübut istəmədən də Tanrıya inanmaq olar. Buna fideizm deyilir. Fideizm bir növ kor inanc kimi bir şeydi, o mənada ki, İlahinin varlığı üçün verilən sübutu yerli-dibli rədd edir. Bu mənada İlahiyə inanc fideistə görə sübutdan asılı olmamalıdı. Fideistə görə, sübutu mümkün olan fövqəltəbii varlıq əslində fövqəltəbii varlıq deyil. Bundan başqa, fövqəltəbii varlığı sübut etmək mümkündürsə, onda inanca nə hacət? Bu mövqedə duran filosoflardan Sören Kyerkeqorun adını çəkmək olar. 
Ancaq işin o biri tərəfi də var. Əgər İlahiyə inanc üçün sübuta ehtiyac yoxdusa, onda bu inancın uçan kərtənkələ və su altında yaşayan qaranquşların varlığına və ya uşaqların hardan gəlməsi haqqında uşaqlara deyilən nağıllara olan uşaq inancından keyfiyyətcə nə fərqi var? Başqa bir tərəfdən baxanda fideistlərə də bir yerə qədər haqq qazandırmaq mümkündü. İnsanın tam və şərtsiz, onun (əgər həmin obyekt canlıdırsa) iradəsinə və istəyinə bağlı olmadan varlığını sübut edəcəyi bir fövqəltəbii varlıq insan əqlinin gücü, hakimiyyəti altındadı. O mənada ki, o insan əqlinə sığır, onun var olub-olmamasını insan özü həmin varlığın qərarına heç bir bağlılığı olmadan müəyyən edə bilir. Belə ilahi (əgər varsa) gizlinlərdən yoxsun, insanın öz gücünə əli və ağlı çata bilən bir varlıq, obyekt, x və ya y-dir. Bir növ hər hansı mineralı mikroskop altında analiz etməyə bənzəyir bu - həmin mineral sizə heç bir reaksiya vermir, onun cikini-bikini öyrənirsiniz, bilirsiniz, o, tamamən sizin əqlinizin anlama və qavrama gücü altındadı. O passivdir, sizsə aktivsiniz.
Fövqəltəbii varlığın yoxluğunu ya varlığını sübut etməyin mümkünlüyünə inanmaq və belə sübut olmadığı zaman fövqəltəbii varlığa inancı rədd etməyi əsaslı saymaq rasionalist yanaşmadı. 
Mən özümü fideist hesab etmirəm, ancaq İlahiyə inanc məsələsində rasionalist də deyiləm. Mən heç özüm də bilmirəm necəyəm.
Yəqin, fövqəltəbii varlığa inanc məsələsində ən üstün durumda olanlar mistik yollarla İlahiylə şəxsən əlaqəyə girən, daha doğrusu İlahinin özünü tanıtmaqla, özündən bir şeylər açmaqla şərəfləndirdiyi insanlardı. Düşünürəm ki, peyğəmbərləri bu qrupa aid etmək olar. Ancaq bu qrupa girən insanlar sadəcə peyğəmbərlər deyil. İlahinin əlaqəyə girdiyi bununla belə bu barədə susan və sirrini özüylə Tanrıya götürən seçilmişlər də var. Yəqin insan yaşamının ən böyük sualının cavabını bilmək və bu barədə susmaq Tanrı-insan ilişkilərindəki güvəncin bir parçasıdı. Bax, o insanların sübuta ehtiyacı yoxdu, çünki sübutsuz inanıblar. Ancaq paradoks da elə burdadı məhz onların hamıdan çox, hamıdan tutarlı sübutu var. 
Ancaq o adamların da sübutu elə öz həyatlarıdı, özləri üçündü, və hətta onlar istəsələr də fövqəltəbii varlığın mövcudluğunu birmənalı və tam rasional yollarla başqasına qəbul etdirə bilməzlər.
Heç özüm də bilmirəm hara gedirəm bunu yazmaqla. Bəlkə gedə-gedə Tanrıya çıxdıq.
Kim hər nə deyir desin, məncə inanmağa dəyər. 

No comments:

Post a Comment

gündəlikdə axtarış