Friday, August 17, 2012

Övlad Qatili?




İslamdakı bəzi mənbələrə görə İbrahim peyğəmbər oğlu İsmayılı, Xristianlıq və Musəvilikdə isə oğlu İshaqı qurban etmək üçün götürür. Niyə? Çünki Allah belə istəyibmiş. Çağdaş teoloji interpretasiyada bir qayda olaraq İlahinin İbrahimi durdurmasına diqqət ayırarlar, ancaq Xristianlıq və Musəvilikdə bir də qurbanlıq və qurban istəmədə İlahinin rolu məsələsinə də yer ayrılır və bu bucaqdan baxaraq İlahinin xarakteri haqqında fərqli fikirlər irəli sürülür. 

Musəvilik və İsəvilikdə İlahi-İbrahim-İshaq üçbucağında İlahinin xarakteri məsələsi özəlliklə həssasdı, çünki Qurandan fərqli olaraq, Musəvilik İbrahimin qurbanlıq hərəkətini və Allahın da bunu istəməsini detallarıyla nəql edir, Xristianlıqda isə İshaq, İsa Məsih və Ata-Allahın yaxşılığı-sevgisi arasında düzünə bir əlaqə vurğulanır. Bu mənada, Bibliya kontekstini əsas götürsək, Gizlinlər Gizlininin xarakterində bir ziddiyyət, anlaşılmazlıq ortaya çıxır (ki normaldı). Necə ola bilər ki, yaxşı olan Allah İbrahimdən oğlunu qurban verməyi istəsin? O, ata olan İbrahimə, öz peyğəmbərinə belə bir sınağı necə qıydı? Ədalətli və yaxşı İlahi birindən öz oğlunu qurban etməyi necə istəyə bilər? Məgər bu, Allahı qatil etmir? Məgər hər şeyi bilən Allahın İbrahimi sınağa çəkməyə ehtiyacımı vardı?
Musəvilik və Xristianlıqda bu məsələ marginal teoloji yazılarda ələ alınsa da, birmənalı və ümumqəbulolunmuş şərh yoxdu. Bütün izahlar və cavablar gəlib Ağlasığmazın anlaşılmazlığına bağlanır.
Bununla yanaşı, Xristianlıqda çox maraqlı bir şərh, daha doğrusu metaforik fəndgirlik var. Həmin şərhə görə, İlahi Xristianlıqda İbrahim kimi, Oğlu İsa Məsih isə İshaq kimi hərəkət edir. İbrahim-İshaq hadisəsində baş tutmayan qurbanlıq Xristianlıqda ilk və son dəfə bütün insanlıq üçün yerinə gəlir. Bu cür şərh daha pozitivdi, lakin bu, heç bir şeyi həll etmir.
Amma bu, Əhdi-Ətiqdəki Allah obrazı ilə əlaqəni kəsmədən, həmin obrazdakı anlaşılmazlıq və əkslik (polarity) elementini yumşaldır.

No comments:

Post a Comment

gündəlikdə axtarış