Tuesday, April 3, 2012

Bir Ovuc Xatirə


Bhaqavad-Gitanı oxumusunuz? Oxumasanız da bu musiqidən zövq alacağınıza əminəm (musiqinin “kafirliyi” sizi qorxutmasa). Ancaq mahnıda işlənən bəzi cümlələrin alt qatındakıları (məsələn, gözləri nilufər və ya müdrik canlar) anlamaq üçün Bhaqavad-Gitanı oxumağa ehtiyac var və ümumiyyətlə Krişnaizmlə (Hinduizmin bir şəkli) tanış olmanız lazımdı. Mən bu musiqini dinlədikcə, maraqlı xatirələrim yadıma düşür.
Bakıda iki dəfə Krişna Şüuru məbədində olmuşam (tanışlıq üçün getmişdim). Hər ikisində də həm xoş, həm çaşdırıcı hisslərim olub. Ancaq yenə də mədəni və nəzakətli davranışlarına görə onlarla bağlı xoş xatirələrim üstünlük təşkil edir.


Heç yadımdan çıxmaz, ilk dəfə həmin məbədə gedəndə Qara Qarayev metrosundan çıxıb küçədə birisindən həmin məbədin yerini soruşdum. Soruşduğum adam ora getdiyini söyləyib ona yol yoldaşı olmağı təklif etdi və mən də razılaşdım. Yol boyu söhbət etdik və məlum oldu ki, həmin şəxs krişnaçıdı. O vaxtı mən ondan necə krişnaçı olduğunu soruşmuşdum və o da mənə demişdi ki, o İslamdan Krişna inancına gəlib çıxıb, başqa sözlə, İslam keçid dini rolunu oynayıb. Onda mən təəccüblənmişdim, açıqca deməsəm də düşünmüşdüm ki, təkallahlılıqdan çoxallahlılığa neçə keçmək olar (əlbəttə, məsələ o qədər bəsit deyil, sadəcə o vaxtlar krişnaizmi bilmədiyimdən o cür düşünmüşdüm). İndi o adamı mən anlayıram. Düzdü, mən krişnaçı deyiləm, ancaq bir inancdan digərinə yol alan birisi kimi, onu az da olsa anlayıram.
Həmin hadisənin üstündən çox illər keçdi, mən özüm İslamdan uzaqlaşdım. Bir neçə il bundan öncə, o adamı xatırladan, onun kimiləri və özüm kimiləri daha yaxşı anlamağıma yardım edən başqa hadisə oldu. Bir dəfə bir karaoke klubuna getmişdim. Açıq mikrofon vardı, tələbələr çıxıb lətifə danışır, oxuyur, çalır, şeir deyirdilər. Geyim-kecimindən, hərəkətlərindən avantüra tökülən bir koreyalı tələbə çıxıb şeir dedi və həmin şeirdə bir cümlə məni tutdu. Tələbə dedi ki, (cümləni olduğu kimi verirəm) “if you did not change your religion, how can you know the truth?” Öz dilimizcə desək, dinini dəyişməmisənsə, həqiqəti necə bilə bilərsən?
Mən həmin (o cümlədə ortaya qoyulan mövqe) mövqeylə tam razılaşmıram, ancaq açıq etiraf edək ki, düşüncələri qarışdıran, həqiqətdən bir parça qapan bir fikirdi. Doğrudan da bir neçə inancı yaşamamsınızsa, inanclardakı dərinliyi, bir inancdan digərinə yol alan insanları necə anlaya bilərsiniz? Ancaq bütün inanclar eyni dəyərə mi malikdi?  

No comments:

Post a Comment

gündəlikdə axtarış