Sunday, March 6, 2011

Önyarğılar Dünyasında



Hamımızın önyarğıları var. Birincisi ona görə ki, önyarğısız və ya stereotiplərə dayanan mühakimə olmadan yaşamaq qeyri-mümkündü, ikincisi, ona görə ki, yaşadığımız dünyada bol-bol arzuolunmaz, təhrifedici, mənfi informasiyaları qəbul edirik, üçüncüsü ona görə ki, özümüz mükəmməl deyilik. Niyə insanları stereotiplərə dayanaraqdan mühakimə edirik sualının cavabını istədiyiniz qədər uzatmaq olar, buna nədən görmürəm.

Stereotiplər sadəcə mənfi olmaz. Müsbət stereotiplər də var. Ancaq önyarğı bu yazıda mən işlətdiyim mənada stereotiplərə dayanaraqdan mənfi dəyərləndirməni anladır. Ümumiyyətlə insanların mənfi dəyərləndirməsi, bir şeyi rədd etməsi tamamən gözlənilən və yolveriləndi ancaq bunu stereotiplərə dayanaraqdan etmək arzuolunmazdı və nə dəyərləndirən üçün nə də dəyərləndirilən üçün əslində müsbət heç nə vermir.
Sizin önyarğılarınız varmı? Yox deyirsinizsə, bu yazının sonrasını oxumayın, sizlik deyil. Hə deyirsinizsə, onda onları dəyişmək üçün nə etmisiniz? Önyarğıları dəyişməyə dəyər, dünyanız genişlənəcək, insanları daha dərindən və incəliklə başa düşəcəksiniz. Həssas olacaqsınız. Gerçəkliyin ağrı və acılarını bölüşməyi bacaraqsınız, başqalarının görmədiklərini görəcək, anlamadıqlarını anlayacaqsınız.
Önyarğıları anlamaq, öz önyarğılarını tapmaq və onu gerçək, az-çox əsaslandırılmış, tarazlı, şəxsi yaşantılardan ayırmaq çətin işdi. Yaxşı bir Çin atalar sözü var - əslində atalar sözü olub-olmadığından əmin deyiləm, ancaq deyək Çin atalar sözü. “Suyun necə olduğun bilmək istəyirsinizsə, balıqdan soruşmayın”. Biz də onun kimi. İçində böyüdüyümüz önyarğıların fərqində olmarıq. Bu azmış kimi, onların önyarğı olub-olmadığıyla hər kəs razılaşmaz. Bəziləri üçün öz önyarğıları həqiqətin nüvəsidi. Odur ki, öz önyarğılarının fərqinə varmaq və onları atmaq özünü analiz etmək, öz həyatını və düşüncələrini dəyərləndirmək yetənəyi istəyir. Ancaq fərq etməz, hər halda cəhd edin.


No comments:

Post a Comment

gündəlikdə axtarış