Tuesday, December 9, 2014

Onun Gəlişinə Hazırlıq




“...Yaxşı çoban mənəm. Necə ki, Ata məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrudan canımı qurban verirəm. Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.” (Yəhyanın nəql etdiyi müjdə 10:14-16. Müqəddəs Kitab. Bakı 2009)


Bir müddət sonra dünyanın bir çox yerlərinə səpələnmiş kilisələr Rəbb İsa Məsihin doğulmasını – Miladı - və bizim dünyamıza gəlişini xatırlayıb bayram edəcəklər. Bir qayda olaraq kilisələr bu müddətdə Onun doğulmasından bəhs edən  parçalara özəl yer verər, moizələr Onun Gəlişi və həmin gəlişin insanlığa gətirdiyi dəyişikliklərdən bəhs edər

Ancaq mən həmin günü xatırlamaq və Milada hazırlaşmaq üçün başqa bir ideyaya, İsa Məsihin sevgiyə və ibadətə layiq olması ideyasına diqqəti çəkmək istədim. Nəyə görə, İsa Məsih ibadətə layiqdir? Açığı, bu barədə uzun-uzadı yazmaqdan çəkinirəm, çünki İsa Məsihin ilahiliyi ilə bağlı həm daha öncə yazmışam, həm də onun əsrarəngiz dərinliklərini tam anlatmağa nə dilim nə də ağlım yetər. Buna görə də həmin suala yarımcıq, qısa və səthi cavab kimi bir-iki önəmli nüansı vurğulayacam.  

1. İsa Məsih Rəbbin Təcəllasıdır. Müqəddəs Kitaba görə, İsa Məsihdə İlahi özünü bizə göstərib, bizim aramıza gəlib, bizimlə yaşayıb, insaniləşib, insan cismində insan şəklinə girib. İlahinin ən mükəmməl məbədi, biz insanlara əl uzatdığı, bizi sağaltdığı, bizə ümid və müjdə verdiyi Məbəd İsa Məsihdir. 

2. İsa Məsih insancıldır. O, bizim dərd-sərimizi anlayır, çünki Özü bir insanın yaşadığı ağrı-acını yaşayıb. Onun qədər insanı yaxşı tanıyan, onun kədərinə, əzabına şərik olan ikinci kimsə yoxdur. Ancaq Rəbb Məsih insanı lənətləmir, onu mühakimə etmir. Əksinə, İsa Məsih bizi bağışlayır, bizi Özündəki sülhə və Atayla barışığa çəkir. 

3. İsa Məsih Özünü insanlar üçün fəda edir. İnsaniləşməyi özünə ar bilməyən, insanı özünə məbəd seçəcək qədər ona dəyər verən Rəbb özünü bizlər üçün, günahlarımızın bağışlanması üçün qurban verir. Biz İsa Məsihə sadəcə ona görə ibadət etmirik ki, o İlahidir. Həm də ona görə ibadət edirik ki, onun sevgisinə və fədakarlarığına ən yaxşı cavab Ona tapınmaqdır. Əgər İlahi rəhim və rəhmandırsa, bağışlayandırsa, ədaləti və sevgisi dərin və sonsuzdursa, bunu İsa Məsihdən başqa kimdə görə bilərik. 

Bu günlük deyəcəklərim bu qədər. Mən İsa Məsihi bu cür tanıyıram. Sevən, sevilən, bağışlayan, çağıran və fədakar. 

Bəs siz necə, Onu tanıyırsınızmı?


No comments:

Post a Comment

gündəlikdə axtarış