Saturday, January 25, 2014

İsa Məsih və Uşaqlar



"15. Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. 16. Amma İsa uşaqları yanına çağırıb dedi: "Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 17. Sizə doğrusunu deyirəm: kim Allahın padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz"." (Müqəddəs Kitab. Bakı 2009)



Ənənəvi şərhə görə İsa Məsih burada (Lukanın nəql etdiyi Müjdə 18:15-17) imanın saflığından bəhs edir. Allahın Padşahlığına daxil olmaq üçün İsa Məsihin müjdəsini saf və təmiz ürəklə, uşaqcasına inanaraq qəbul etməyə ehtiyac var.
Bu balaca parçada başqa bir nüans da var. Uşaqlar valideynlərindən asılıdırlar. Həm təlim-tərbiyə mənasında, həm də (bir yerə qədər) qorunmaq-yaşam mənasında. Bir yaşa çatana qədər uşaqların təhsili, onların qorunması özlərindən daha çox valideynlərinin üzərinə düşür və uşaqlar bu mənada öz ata-analarına bağlıdırlar. Uşaq olmaq çox vaxt zərif, zəif, səmimi olmaq anlamına gəlir.
İlahiyə də eləcə uşaq kimi güvənmək və inanmaq lazımdı. İlahidən asılı olduğumuzu, onun bizə yol göstərəcəyini qəbul etmək, məncə ona yaxınlaşmanın ilkin şərtidi. Bu, xüsusilə də Allahla insan arasındakı münasibəti valideyn-övlad münasibətinə bənzədən Xristianlıq üçün önəmlidi.
Ancaq Allaha güvənmək asan deyil. Həqiqətən asan deyil. Allaha hamıdan çox güvənənlərdən biri İbrahim peyğəmbərdi, lakin Allah ondan oğlunu qurban verməsini istəmişdi. Allaha özünü tamamən təslim edən İsa Məsih, Rəbbin Mükəmməl Məbədi, olmazın əzablar çəkdi. Başqa sözlə səmimi, saf, uşaqcasına inanc avtomatik olaraq hər şeyin yağ kimi gedəcəyi anlamına gəlmir. Əksinə, çətinliklərlə qarşılaşmağı və bunlarla imanın saflığını qoruyaraq savaş verməyi gərəkdirir.  

No comments:

Post a Comment

gündəlikdə axtarış