“Allahınız
Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin.
Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin.”
(Qanunun Təkrarı 20:13-14)
Bir neçə
gün öncə biri mənə sual verdi ki, Bibliyadakı qəddar ideya və söyləmələri Allah
sevgisi ilə necə bir araya gətirirəm.
Bu və
ya buna bənzər suallar üzərində çox düşünmüşəm, vaxt darlığı olmasaydı və bir
az da tənbəllik etməsəydim bu barədə fikirlərimi ətraflı yazardım. Ancaq fərqli
səbəblərdən bu barədə detallı yaza bilməyəcəm.
Qısacası
onu deyə bilərəm ki, Bibliya İlahinin hər iki yönündən, həm qəddar və sevgi
dolu yönlərindən bəhs edir. Bunu qəbul etmək, əlbəttə, heç nəyi həll etmir, əksinə
daha çox suallar çıxarır. Tanrının qəzəbi ilə bağlı Bibliyada söylənənlər, həm
də İlahinin ədalətli olub-olmaması haqqında suallar qoyur, çünki bu
mülahizələrin bəziləri bizim ədalətlilik anlayışımıza heç də uyğun gəlmir.
Mən,
sadə bir inanclı kimi bununla bağlı bir neçə nüansa həmişə diqqət edirəm.
Birincisi, Tanrının kitabında İlahi və Onun ədaləti haqqında yazılanlar son nəticədə
məhdud insan dili və insan düşüncəsi süzgəcindən keçib qələmə alınanlardı və
onlar insanlardakı məhdudiyyətləri də əks etdirir. Bu mənada, Bibliyadakı belə
fikirlər, sadəcə İlahinin qəzəbi haqqında öyrətmir, həm də onu insan baxış
bucağından keçirən, onu dramatikləşdirən, yumşaldan insan dilinin məhdudiyyəti
haqqında da bir şeylər deyir. Tanrı qəzəbli ola bilər, insanların təsvirində o
daha qəzəbli görünə də bilər. İnsan dili və düşüncəsi bir elementi açanda beş
elementi, özəlliyi də it-bata düşürür. Beləcə, Rəbbin qəzəbi və sevgisi
arasında bizə görünən uçurumu tam yox etmək və ya insan ağlıyla aradan
qaldırmaq məncə mümkün deyil. İkincisi, Bibliya açıq-aşkar Rəbbin sevgisini
vurğulayır. Bibliya Allahı sevməkdə tez, qəzəblənməkdə yavaş birisi kimi
anladır. Məşhur on nəsihətdə deyilir ki, Allah qəzəbini onun cəzasına tuş gələnlərin
övladlarına üç-dörd nəsil, sevgisini isə onun sevənlərin minlərlə nəslinə qədər
verir. Bu söyləm bir tərəfdən İlahinin sevgiyə üstünlük verdiyini göstərirsə
də (Rəbbin qəzəbi cəzalandırılanların üç-dörd nəsli qədər, sevgisi isə onu sevənlərin
minlərlə nəsli qədər davam edir), digər tərəfdən sual çıxarır: ata-ananın
günahına görə övlad niyə cəzalansın? Üçüncüsü, Rəbbin ədaləti insanın ədaləti
kimi deyil və bizə ədalətsiz görünən, ən azından bəzi hallarda Onun planında ədalətli
ola bilər. (Bu başqa bir sual çıxarır ortaya.) Bibliya bununbla bağlı maraqlı
hekayətlər nəql edir. Müqəddəs Kitabda açıq-aşkar deyilir ki, Allahın yolu (yəni işi, üsulu)
insanların yolu deyil və onun yolu insanların təsəvvüründən kənardadır. Bu və
bu kimi fikirlər Hitler, Stalin, atom bombası kimi insan düşüncəsində Allah
sevgisinin əleyhinə gedən gerçəklikləri (Əgər Allah elə sevgi doludursa, daha
niyə Hitlerin insanları qırmasına imkan verirdi? Və ya bizim anlaya bilmədiyimiz, insan
yaşantıları ilə səsləşməyən sevginin bizim üçün nə anlamı var?) aradan qaldırmır.
Gördüyünüz
kimi, mənim bu suallara cavabım yoxdu. Mən Allahın vəkili deyiləm və Yeri Göyü
Var Edən Sevgilinin mənim müdafiəmə ehtiyacı da yoxdu. Mənim tək bildiyim budur
ki, İlahini sevməyə və həmin sevgini başqaları ilə münasibətlərə gətirməyə dəyər.
Mən bunu 2+x=4 tənliyitək sübut edə bilmərəm, axı bu elm deyil. Bütün ədalətsizliklərin acığına Allahın
sevdiyinə inanmaq və Allahın bizim sevgimizə qarşılıq verdiyinə uyğun yaşamaq
bir inanc hədiyyəsidi. Mənim bildiyim bu qədərdi. İnanana, güvəndiyi üçün,
inanmayana da dərinə getdiyi üçün bir çox sağ ol deməkdən başqa əlimdən heç nə
gəlməz.
No comments:
Post a Comment