Saturday, August 11, 2012

Bab-ül-Bibel


Siz elə bilirsiniz, Bibliya sadəcə gəlişgözəl sözlərdən ibarətdi? Bibliyada Rəbb sevgisindən, yaxşı olmaqdan, Onun mərhəmətindən, sədaqətindən və əhdü-peymanından çox danışılır. Ancaq Bibliya çox qarışıq, həm də çox maraqlı kitabdı (daha doğrusu kitablar toplusudu). Orda həqiqətən qorxunc hekayələr də var və onların arasında çağdaş dönəmimizin dəhşət (bəzən də erotik-porno) filmləri üçün zəngin materiallar tapmaq olar. Orda İlahinin verəcəyi cəzalardan, dolayısıyla, həm də onun qəddarlığından, anlaşılmazlığından, bəzən gözlənilməz əməllərindən və s. bəhs edilir.


Nədi?! Bir neçə dildə, az qala bir minilliyi əhatə edən dövrdə, aşağı-yuxarı 30-40 insanın qələmindən çıxan, 10-a qədər janrı əhatə edən, bir neçə sivilizasiyanın izini əks etdirən kitablar kitabının yalnız bir şeydən, bir bucaqdan bəhs edəcəyinimi düşündünüz?
Bibliyadakı müxtəliflik onun qüsuru kimi görülməməlidi. Əksinə, bu onun zənginliyidi. Bu, İlahi iradəsindəki tapmacanın, onun insan yaşantısını bütün incəlikləri və qaranlıq yönləriylə əks etdirməsinin göstəricisidi. Unutmayaq ki, Bibliya sadəcə İlahinin kitabı deyil. O, həm Rəbbdən, həm də insandan gəlir.
Adsız Olanı öz düşüncəmizin stereotip dolablarına dürtüb onu eqomuzun böyüdülmüş proyeksiyasına çevirdiyimizdə xatırlayaq ki, o həm də ziddiyyətlidir, əsrarəngizdir, gizlindir və başdan-başa mistikadır.
Yaxşılara yaxşı, ədalətsizlərə ədalətiylə hakim, şeytana satılmışlara sərt hətta bəzən qəddar olan Rəbb həm də Rahab kimi bir fahişəni qurtaracaq qədər sonsuz mərhəmətli və gözlənilməzdi. Onu həbs edən əsgərin kəsilmiş qulağını yerinə qoyub sağaldan və qılınca qılıncla cavab verməyi rədd edən Məsih, həm də məbədə girib ordakı dəllalları, tacirləri qamçılayacaq, masaları aşıracaq qədər aqressiv ola bilər. Yəhudiləri seçdiyini vurğulayan Tanrı, bir yəhudi peyğəmbər Yonanı qeyri-yəhudi Ninevalıların ayağına onların əyri yoldan çəkindirilməsi və bağışlanması üçün göndərə bilər.
Seçilmişlərin gözləmədiyi halda yuxusuna gələn Müqəddəs Ruh, ən mömin birisinin illər uzunu etdiyi dualara cavab verməyəcəq qədər sirlidir.
Odur ki, əzizlərim, birisinin cəhənnəmliyi haqda fitva verəndə, Allahın adından başqalarının önündə əl-qol atanda, sanki Allahın vəkiliymiş kimi davrananda bir anlığına nəfəsinizi dərin.
Kitablar Kitabı öyrədir ki, Onun gizlinlərinə, anlamadığınız yönlərinə yer buraxaq. Kim bilir, bəlkə sizin yuxarıdan aşağı baxıb cəhənnəm əzabıyla qorxutduğunuz insan sizdən daha çox İlahiyə yaxındı. Hər halda sizi və onu yaradandan çox bilməyəcəksiniz. Onun mühakiməsinə də haqq tanıyın.
Axı O, hər kəsin tanıdığından daha dərin, daha çox, daha gizlindi.   

No comments:

Post a Comment

gündəlikdə axtarış