Monday, October 6, 2014

Xristian Təliminin Məqsədlərindən Biri



İsa Məsihin kimliyinə və həyatına dayanan təlimin məqsədi haqqında Bibliyada bəzi mülahizələrə rastlanılır. Bu ideya və mülahizələrdən birinə bu gün nəzər salacağıq. Sözünü etdiyimiz fikirləri bilmək həm Bibliyanın şərhi, həm də onu inanc gözüylə oxumaq üçün önəmlidir. Bibliya, daha öncə bəhs etdiyimiz kimi, mürəkkəb kitabdır və istənilən ideyanı dəstəkləmək üçün ondan sui-istifadə etmək mümkündür. Buna səbəb Bibliyada bir çox ideya və hadisələrdən və bir çox perspektivdə danışılmasıdır. Bundan başqa Bibliyadakı janr rəngarəngliyi onu şərh etdiyimiz zaman əsas məqsədi gözdən qaçırmaq ehtimalını artırır. Belə yanlışlığın baş verməsi ehtimalını azaltmaq üçün Bibliyanı inanc gözüylə nə üçün oxuduğumuzu bilməliyik.

Pavlosun Timoteyə yazdığı birinci məktubda (1 Tim. 1:5) məsihi təliminin məqsədi haqqında ideyalardan biri açıqlanır. Orada deyilir ki, “Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.” Cümlədəki “Bu əmrin...” söz birləşməsi İsa Məsihin insanlara verdiyi və sonradan onun həvarilərinin yaydığı təlimə istinad edir. Qısaca desək, Bibliyanı inanc gözüylə oxumaqda məqsəd İlahinin köməyiylə bütün yaradılışa qarşı özümüzdə İsa Məsihin etdiyi kimi bir sevgi, məhəbbət gəlişdirməkdir. Həmin sevgi müəyyən özəllikləri olan imandan, ürəkdən və vicdandan qaynaqlanır və həmin özəlliklər də Müqəddəs Ruhun bizi İsa Məsih yolunda Ona doğru və Ona uyğun dəyişməsindən ortaya çıxır. Bu, əlbəttə, aysberqin sadəcə görünən tərəfidi, çünki sözügedən sevgi ideyası İsa Məsihin fədakarlığı, Ən Böyük Nəsihət (Allahı sev, qonşunu sev), Əhdi Ətiqdəki qanun və qurtuluş doqması ilə sıx bağlıdır və onları anlamağı tələb edir.

Ancaq məncə elə bu qədərini bilmək də Bibliyanı və məsihi təlimini anlamağa az da olsa yardım edir. Əgər Bibliyanı oxuduqdan sonra insanlara, heyvanlara qarşı daha rəhmli davranmağı qərara alıb buna uyğun davranırsınızsa, və ya belə davranışı öz prinsipiniz halına gətirirsinizsə, deməli Bibliyadan yazıldığı məqsədə uyğun nəsə ala bilmisiniz. Ancaq Bibliyanı ateist kimi oxumaq olar və ya onu oxuyub oradan nifrət, qarğış kimi fikir və ideyaları qabartmaq və bundan da öz acığını, nifrətini dəstəkləmək üçün yararlanmaq olar. Bu cü yanaşma, həvari Pavlosun öyrətdiyinə görə kitabı inancdan başqa məqsəd üçün oxumaq kimi bir cəhddən qaynaqlanır.  Odur ki, Bibliyanı oxuduğunuzda onu niyə və necə oxuduğunuzu xatırlayın.

No comments:

Post a Comment

gündəlikdə axtarış