Monday, September 24, 2012

Özlərimiz




Hamımızda bir neçə öz var. Birində mərhəmət, sevgi, şəfqət, çalışmaq, çiçəklənmək, yardım etmək, sevmək, bağışlmaq var. Digərində qisas almaq, nifrət etmək, özünü hər cür zövqə, istəyə fərqinə varmadan təslim etmək, kiminsə ayağının altını qazmaq, suda boğulana vecsiz yanaşmaq, tənbəllik var. Hər iki öz biri-birindədi, biri-biriylə qarışıb biri-birindən təsirlənir və onların arasında münaqişələr olur. Heç bir özü tam yox etmək, tam gəlişdirmək mümkün deyil. Onların hər ikisiylə yaşamağa məcburuq. Ancaq onlardan birini gəlişdirə və digərini də qısırlaşdıra bilərik. Sizin hansı özünüz hansı özünüzə nəzarət etdir?

Öz-lər-ünə yəni hisslərinə, düşüncələrinə bir yerə qədər nəzarət etmək məncə ən önəmli özəlliklərdən biridi. Xristianlıqda və başqa inanclarda da buna çox önəm verilər. Ağlına gələni dərhal ağzına gətirməmək, qəzəb və acıqla hərəkət etməmək üçün düşünməyə, düşünmək üçün də soyuq başa, özüylə hissləri arasında bir məsafə qoymağa ehtiyac var. Ata-anamın mənə verdiyi ən böyük hədiyyə özünə nəzarətin önəmini mənə anlatmaq olub.
Ancaq özünənəzarət sadəcə hiss və düşüncəylə bitmir. Bir az geniş yozsaq özünə nəzarəti daha geniş müstəviyə çıxara bilərik. Özünə nəzarət əslində bir baxış tərzi, yaşam şəklidi və yuxarıdan aşağı nəzarət etməyi deyil, özünü və həyatını daha geniş kontekst, daha geniş perspektiv içərisində görməyi və buna uyğun hərəkət etməyi içərir. Özünə nəzarət özümüzdə mənfi, arzuolunmaz özəlliklərin olduğunu qəbul etməyi, özümüzdə gözəl, dərin böyük bir potensialın yatdığını tanımağı və bunu gəlişdirmək ehtiyacını, özümüzə kənardan baxmaq yetənəyini tələb edir. Bu mənada özünə nəzarət etmək həm də gələcəyini düşünmək, keçmişini daim göz önündə tutmaq deməkdi.
Odur ki, hisslərinə və ağlına nəzarət etməklə yanaşı, bədəninə, sağlamlığına, ruhi-mənəvi həyatına fikir vermək, münasibətlərimizin gəlişməsini və həyatımızdakı dəyişiklikləri ara-sıra dərindən düşünmək də özünə nəzarətin bir parçasıdı.

No comments:

Post a Comment

gündəlikdə axtarış