Wednesday, September 29, 2010

DuaLogia

Dua,

Düşünülür,
Pıçhapıç olur,
Söylənir,

Qəfildən gəlir,
Ağızdan qaçdı olur,
Sözlənir.

Friday, September 24, 2010

Olsun, Olmasın?

Azadlıq radiosu Katolisizmin problemlərindən biri haqqında yazır. Kilisə xadimlərinin evliliyinə/cinsəl həyatına gətirilən yasaq və onun aradan qaldırılması ara-sıra Katolisizmdə müxtəlif qalmaqallara, mübahisələrə yol açır. 
Kilisə atalarının, xadimlərinin cinsəl həyatdan imtina etməsi və ya bakirə həyatını seçməsi Pravoslavlıqda, Protestantlıqda könüllü, Katolisizmdə isə məcburi xarakter daşıyır. Pravoslavlıqda az-çox görülsə də Protestantlıqda bakirəlik əhdi rahiblik yaşam tərzinin çökməsiylə birgə iflasa uğrayıb. Bununla belə, indiyə qədər ara-sıra Protestantlarda bakirəlik əhdi götürmüş insanlara rastlanır. 
Yəqin ki, gələcəkdə bakirəlik əhdi Katolik kilisə xadimləri üçün də könüllü olacaq və bir müddət sonra tamamən unudulacaq. Sosial həyatın, mətbuatın gedərək cinsəl mövzulara daha çox yer ayırdığı, cinsəl yaşamın gedərək ortaya çəkildiyi bir dönəmdə belə bir institutu saxlamaq və gəlişdirmək çox çətindir.   

Sunday, September 19, 2010

Pastoral Genəşikdən bir parça


Pastoral genəşiyin dərininə getdikcə, insanlarla görüşüb problemlərini, dərdlərini dinlədikcə bir-iki nüansı yavaş-yavaş aydınlanır. Həmin nüanslar bir pastorun tanıması, qəbul etməsi və izləməsi gərəkən pastoral nəzakət və ruh özəllikləridi. 
Birincisi, insanları dinləmək asan deyil. Bu azmış kimi, insanları hər zaman eyni və ya yaxın mövzularda dinləmək heç yerli-dibli asan deyil. Odur ki, insanların dərdini, problemlərini müntəzəm dinləyən pastorun insan dərdlərinə kütləşmə, problemlərə, insan yanğısına yadlaşma ehtimalı artır. Pastor bundan xəbərdar olmalı və bunu önləməyə çalışmalıdı. İnsanların canyanğısına, ürəkboşaltmalarına yadlaşma, pastorun İlahi ilə münasibətini zəiflədir. Odur ki, pastor, birincisi, yaxşı, aktiv və dərindən dinləməyi bacarmalı, ikincisi də insanları dinləyərəkdən, onların dərd-sərinə aydınlıq gətirərkən onlara və özünə yadlaşa biləcəyinin fərqində olmalı və bunu önləmək üçün tədbir görməlidi. 

Monday, September 13, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 2



Burda bir haşiyə çıxaq. Soruşula bilər ki, niyə gözəlin gözəlliyini anlamaq üçün Haqqı - İlahini bilməyə ehtiyac var? Axı Haqqı tanımayan yəni İlahiyə inanmayan birisi də gözəlin gözəlliyini anlaya və tanıya bilər. Bu suala, əgər biz Nəsiminin dünyası ortamında və Nəsiminin gözüylə baxsaq “yox” cavabı verəcəyik. Ona görə ki, Haqqı tanımayan gözəlliyə baxır, ancaq onu görmür, çünki Nəsimi demiş, gözəlliyi-məhliqanı görmək üçün Haqqı görən göz gərək. Rəbbə inanmayan, İlahiyə inanmayan materialist, ateist üçün gözəllik son nəticədə materiyanın məmnunluq verən fiziki-sosial özəlliyindən başqa bir şey deyil. Nəsiminin dünyasında isə gözəllik sadəcə fiziki gözəlliktək görülmür. Gözəllik, özəlliklə məhliqanın gözəlliyi, yaradılmışın, bir yaratığın gözəlliyidi.

Wednesday, September 8, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 1



Haq görən bir göz gərək, görsün səni, ey məhliqa,
Yüz baхa, görməz хudanı, göz əgər хudbin оla. (Nəsimi)





Yuxarıdakı beyt Nəsiminindi.  Çox maraqlı beytdi, bir neçə həftə bundan öncə İnternetdən tapdım, sonra da bilgisayarıma köçürdüm.  Xoşum gəldi, ona görə. Aşağıda həmin beytlə bağlı qeydlərimi açıqlayıram.

Bu beyt göz sözünün mərkəzi qavram-mənayüklü söz kimi istifadəsi üzərində qurulub. Göz sözü iki dəfə, gözlə bağlı başqa sözlər də bir neçə dəfə işlənir (görsün, baxa, görməz və dolayısıyla xudbin).
Bundan başqa beytdə baxmaq və görmək arasında fərq qoyulur. Baxmaq görməkdən öncə gəlir. Görmək üçün baxmaq lazımdı, ancaq baxmaq öz-özünə görməyə səbəb olmaz. Baxmaq fizikidi və görməyin şərtidi, görmək burda qavramaq, fərqinə varmaq, düzgün və yerində dəyərləndirmək anlamındadı. Beyt dolayısıyla görməyin nəylə şərtləndiyi açıqlayır (X-i görmək üçün Y-i görmək lazımdı).

Saturday, September 4, 2010

Şəkilli Qurani-Kərim


Məncə, Azərbaycandakı müsəlmanların, özəlliklə də modern düşüncəyə yaxın olan müsəlmanların kitab, şəkil, müqəddəs söz, bir sözlə, vəhy və onun materiyada ifadəsi qavramlarını zənginləşdirmək və ümumiyyətlə ağlı olan hər kəsi, xristianı, musəvisi, krişnaçısı da daxil olmaqla düşündürmək üçün müqəddəs kitabların komiksini hazırlamaq olar.
Deyəcəksiniz öncə Bibliyanın komiksini hazırlayın. Onu artıq hazırlayıblar, çap ediblər və yayıblar. Özü də bir deyil, dəfələrlə. Sadəcə bizimkilərin yəqin ki, əlinə keçmir. Komiks janrı Azərbaycanda yayğın deyil. Ancaq əminəm ki, onun da marketini yaratmaq olar, çünki ölkədə istədiyiniz qədər potensial komiks oxucusu var. Komiks, qısacası, şəkilli-sözlü hekayət deməkdi, vəssalam. Hər hansı bir komiksdə hekayə, kitabın anlatmaq istədiyi sadəcə sözlə deyil, həm də şəkillərlə anladılır. Bu, (şəkillərin, rəsmlərin hekayəni anladan əsas vasitəyə çevrilməsi) komiksi digər növ şəkilli kitablardan ayıran başlıca özəllikdi. Odur ki, oxucu cümləni oxuyub, həmin cümlədə bəhs edilən məsələnin təsvirini, şəklini də görmək imkanında olur. Şəxsən mən indiyə qədər bütöv Bibliyanın komiksini tapmamışam, ancaq tapsam böyük məmnuniyyətlə oxuyardım. Ona görə yox ki, komiks həvəskarıyam, ona görə ki, komiks vasitəsilə sözün yanısıra oxucuya əlavə informasiya ötürmək və oxumaq (və baxmaq) yaşantısını zənginləşdirmək olar. 

Monday, August 30, 2010

Tanrıcıl Seçərilik - 3

Üçüncüsü, son nəticədə hər şey İlahiyə aiddir və konkret seçimlərimizdə öz hədlərimiz tanımalıyıq. Bu meyarı, qulluqçu Davudun Abişaya verdiyi cavabda görmək mümkündür. Diqqət etdinizsə, Davud deyir ki, “Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq.” Onun bu sözlərində iki nüans özünü göstərir: a) Ölüm son nəticədə Tanrının əlindədi-onu öldürməsəm də belə, sonucda o öləcək, İlahinin iradəsi yerinə gələcək. 2) “Rəbb onu mütləq vuracaq.” Bu cümlələr mənə belə hiss aşılayır ki, Davud Tanrının padşah Şaulu cəzalandıracağına, Tanrının geniş perspektivdə əslində ona qələbə gətirəcəyinə səmimi inanırmış. Bu, həm də İlahiyə inancın ifadəsidi. Davudun bütün seçimlərinin arxasında İlahiyə inanc və həmin bu inancdan qaynaqlanan şərh durur. Qulluqçu Davudun onun bu qaçaqaçında günahkar insanları lənətləməsi üçün verdiyi səbəb və son xitabı bunu anladır (1 Şamuel 26:19, son cümlə, 23-24).     

Wednesday, August 25, 2010

Tanrıcıl Seçərilik - 2

Soru yaranır: Nəyə görə Davud öz dünyəvi və birbaşa maraqları üçün əlverişsiz seçənəyi seçir və bundan nə öyrənə bilərik? Davud özü soruya cavab verir: ““Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?” Davud yenə dedi: “Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq.”” Davud verdiyi cavabla Abişayın padşah Şaulu öldürməsinə imkan vermir, ancaq Abişay sadəcə icraçıdı. Padşah Şaulun ölümü ya yaşamı əslində buna qərar verən şəxsə, qulluqçu Davuda bağlıdı. Davud da bu öldürmək təklifini-seçənəyi rədd edir. 

Friday, August 20, 2010

Tanrıcıl Seçərilik - 1



İstənilən bir hekayəni müxtəlif şəkillərdə şərh etmək və ondan dəyişik məqsədlərlə, müxtəlif baxış bucaqlarından bir çox şeylər öyrənmək olar. Odur ki, hardan vurub hardan çıxacağımı öncə bir azcıq açıqlayım. Məni sözügedən hekayədə (1 Şamuel 26) ən çox maraqlandıran seçim konsepti və onun necə işlənməsidi. Elə hekayənin önəmli ortanc qavramlarından biri də budur. Seçim, seçmək, seçimin ortamı və s. bu kimi mövzuları ələ almaqla mən inanc və inanclının – İsəvinin seçiminə göz atacam. Göz atmaqda niyyət ümumiyyətlə hekayənin elmi-ədəbi və ya hər hansı akademik analizi-araşdırılması deyil. Hekayəni seçimlə bağlı xırdalamaqda məqsəd inanc (teoloji) baxış bucağından güncəl yaşamımıza gətirə biləcəyimiz bir-iki şey öyrənməkdi.

Sunday, August 15, 2010

Davudun yenə Şaula rəhm etməsi (Birinci Şamuel 26)

Əziz dostlar, aşağıda Bibliyanın Birinci Şamuel kitabından 26-cı bölümü (1-25) tapacaqsınız. Gələn yazımızda həmin bu bölümdən öyrənilməsi mümkün bir-iki qeyd yazacağıq.

1) Ziflilər Giveaya, Şaulun yanına gəlib dedilər: “Davud Yeşimon şəhəri ilə üzbəüz olan Xakila təpəsində gizlənmirmi?” 2) Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi. 3) O, Yeşimonla üzbəüz olan Xakila təpəsindəki yol kənarında ordugah qurdu. Səhrada qalan Davud Şaulun onun ardınca düşüb gəldiyini gördü. 4) Davud kəşfiyyatçılar göndərdi və həqiqətən, Şaulun gəldiyini öyrəndi. 5) O,  qalxıb Şaulun ordugah qurduğu yerə gəldi və Şaulla ordu başçısı Ner oğlu Avnerin yatdığı yerə baxdı. Şaul ordugahın içərisində yatırdı. Xalq onun yanında düşərgə salmışdı.


gündəlikdə axtarış