Friday, June 25, 2010

Vaiz və vəəz

Əgər Azərbaycan ədəbiyyatına, xüsusən də klassik ədəbiyyata göz atsanız zahid, zünnar, sözüylə yanaşı ara-sıra vaiz sözünün də işlədildiyini görəcəksiniz. Vaiz və vəəz hər ikisi ərəb sözüdü. Sözlərinn kökünün və hərfi anlamının nə olduğunu bilmirəm, ancaq kilisədə pastorun, kahinin Qutsal Kitabı anlatmasının - insanları inanca, barışığa, sevgiyə çağırmasının və bu məqsədlə etdiyi çıxışın - vəəz adlandığını və bunu edən şəxsin də vaiz adlandığını bilirəm. İslamda buna bənzər xütbə və xütbə oxumaq anlayışı var. Burda qısa haşiyə çıxım: zahidlər necə rişxənd və kinayə obyekti - metafor olubsa, vaizlərə də ondan bir pay düşüb (“Zahidin bir barmağın kəssən...”i xatırlayın).
Vaizlik inanca dayanır, o inanclılar və qeyri-inanclılar üçündü. Fərqli Məsihilik budaqlarında vaizlik işi fərqli önəmə malikdi. Söz güləşdirməkdə və deyəsən çox danışmaqda Protestantlar atlanıb hamıdan qabağa düşüblər ona görə də Protestantlar arasında vəəz və vaizlik çox gəlişib. Ancaq ciddi yanaşsaq, bunun özünəməxsus teoloi özəlliklərdən qaynaqlanan səbəbləri var.
Aşağıda mən, Pravoslav kilisəsində bir vaizin (İyerey Sısoev) vəəzini yerləşdirmişəm. Daha sonrakı postlarda Katolik və Protestant vəəzlərini yerləşdirəcəm ki, müqayisə edə biləsiniz. Onlardan sonra da vaizlik üzərinə bir – iki cızma-qara edəcəyik. Vaizlərin danışdıqları ilə razılaşmaq önəmli deyil bu halda, və onları seçərkən də mövzusuna görə deyil, aidiyyətinə əsasən seçmişəm. 


Monday, June 21, 2010

İnancın yolları (Romalılara 12:9-21)

“9.Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10.Qardaşlıq sevgisi ilə biri-biriniz sevin. Hörmət göstərməkdə biri-birinizi qabaqlayın. 11.Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12.Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13.Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.

Sunday, June 13, 2010

Islam və Məsihilik: İlahi üzərinə vəhyin ortancı və qırağı

Həm İslamda, həm də Xristianlıqda İlahinin təkliyi qəbul olunsa da fərqli başa düşülür – bunu bir daha təkrarlayım. Bunun daha dərində yatan kökləri var. Məncə, İslam İlahinin kəmiyyətinə, sayına, Məsihilik isə, İlahinin keyfiyyətinə, necəliyinə diqqət yetirir.

İslamda İlahi təkdir, bunu qəbul elə, bundan sonra da Məhəmmədin Allahın təkliyini öyrətdiyinə və onun peyğəmbəri olduğuna inan, olursan müsəlman.

İsəvilikdə isə, vurğu İlahinin sevgi-mərhəmət keyfiyyətinin olması üzərindədi. İlahinin təkliyini İsa Məsihdən öncə də bilirdilər, ondan sonra da bilirlər. Bunu qəbul etməklə birisi xristian olmaz.

Tuesday, June 8, 2010

Teofani və teo-fani


Teofani yunan sözüdü. Bizim dilimizə təcəlla kimi çevirmək olar. Təcəlla İlahinin özünü insanlara bir şəkildə göstərməsidi. Əslində Rəbbin insanlara danışması da Tanrının özünü insanlara göstərməsidi, lakin təcəllada Tanrının insanlara görünməsi və ya insanlarla əlaqəyə girməsi daha intensiv, sıx və daha yaxın olur. Elə buna görə də təcəllaya vəhyin özəl, daha konkret, daha açıq və görməklə qavranılan şəkli deyilə bilər. Teofani (teofaniya, teofanos kimi şəkilləri də var) və ya təcəlla bütün İbrahim dinlərində tanınan bir fenomendir.

Thursday, June 3, 2010

İnanc hədiyyəsi

Bir insan tanıyıram. Dolayısıyla. Fərqli inanclardan keçib Məsihiliyə üz tutmuş bu adamın son günlər gözlərimin önündə göz görəsi, inancından imtina etməsi, ateistləşməsi, sözün düzü, məni bir az üzdü. Ancaq nə etməli? Görünür, belə də olmalıymış. Önəmli olan onun insanlığıdı, vəssalam. Gerisini biz deyil, Tanrı bilər. Ateistləşməsinin başlıca səbəblərindən biri, özünün dediyinə görə, İlahinin varlığı üçün yetərincə sübutun olmamasıymış. Lakin məsələ burasındadı ki, çağdaş elmi qavramların çərçivəsində axtarılan sübutlar Tanrı haqqında hər hansı birmənalı fikrə gəlməyə əsas vermir. Tanrının mövcudluğunu birmənalı sübut etmək mümkün olmadığı kimi, onun yoxluğunu da birmənalı sübut etmək mümkün deyil. Belədə, birinin seçəcəyi ən yaxşı mövqe ateizm deyil, aqnostisizmdi.


Tanrıya inancını dəlil-sübuta dayandırmağa çalışmaq əslində iradəsinin hesabına tam açıqlanması mümkün olmayan bir məsələdə qərara varmaqdan vaz keçməkdi. Bu da başa düşüləndi, çağdaş dünyamızda inanc bir qayda kimi, o qədər marginal bir məsələdi ki, onsuz da yaşamaq olar, onu həyatımızın qeyri-müəyyən parçasına çevirmək olar. Başqa sözlə Tanrının var olub-olmadığını bilmədən yaşamaq da mümkündü, çünki çağdaş dünyamızda çoxluq üçün bu o qədər də önəmli deyil.

Həmin şəxsin dəyişməsini görmək məni bir daha belə fikrə dönməyə vadar edir ki, inanc, daha doğrusu, iman Məsihiliyin öyrətdiyi kimi hədiyyədi. Rəbbin hədiyyəsi. Rəbb onu verməzsə, zorla onu almaq olmaz. Tanrıdan gəlməyən inanc isə son nəticədə qurumağa məhkumdu.

Friday, May 28, 2010

Məsihi jurnalı


Məncə, Azərbaycanda İsəviliklə bağlı gözəl bir jurnal buraxmaq olar. Həm insanları İsəvilik üzərinə aydınlatan, həm inanclıların mənəvi ehtiyaclarını ələ alan, həm də Azərbaycanda Məsihi teoloji-dini məktəbinin, düşüncəsinin oluşmasına, ölkədəki gerçəkliklərə qatqısı olan bir jurnal. Belə bir jurnalı çap etmək üçün isə hər şeydən öncə savadlı və inanclı insanlar, işinə və seçiminə bağlı adamlar lazımdı.


Aşağıdakı prinsipləri təməl götürmək olar:

Saturday, May 22, 2010

Ruhun Qaranlıq Gecəsi

Ruhun qaranlıq gecəsi haqda yazib-yazmadığımı xatırlamıram. Yazmışamsa, onda bir daha yazım və xatırlayaq ki, ruhunun üstünü qaranlıq alan tək bizlər deyilik.


Ruhun qaranlıq gecəsi bir çox inanclıların keçib getdiyi və ya getməli olduğu şübhə və qorxu, ümidsizlik, tənhalıq, həsrət və sevgi qarışıq böhran dönəmini bildirir. Ruhsal yaşamdakı böhran ruhun qaranlıq gecəsinə bənzədilib və bənzətmə də orta əsrlərin ispan mistiki Xaçlı Yuhənnadan gəlir. O, həbsdəykən yazdığı şeirdə öz ruhunun qaranlıq gecəsindən, sevgili İlahiylə görüşə getməsindən danışır. O gündən bu günə, Məsihilikdə ruhi böhranın və həsrətin metaforu aysız gecədə yolunu azmış ruhdu.

Nəyə görə ara-sıra ruhumuz qaranlıq gecədəymiş kimi işığı itirir və büdrəyir? Niyə insanlar inanclarında böhran yaşayırlar? Məncə, bu, təbii bir (dini) inanc gəlişməsidi və inancını tərs kimi, inadkarcasına tutub buraxmayan, gerçəkliklərin fani ancaq güclü yönünə özünü təslim etməyən hər bir inanclı az-çox inancında böhran yaşamağa layiqdi. Düzdür, yanlış oxumadınız, məhz “LAYİQDİR” yazmışam.

Tuesday, May 18, 2010

İnanclı Təhsil


Günümüzdə Xristian dini təhsili bu inanc üzrə ixtisaslaşmış müəssisələrdə, seminariyalarda verilir. Xristian dini təhsili bir neçə ünsürə dayanır. Bunlara teologiya, bibləvi tənqid və ruhi formalaşma daxildi. Teologiya inanc baxış bucağından Müqəddəs Kitabın anlaşılması və Tanrı – varlıq ilişkilərinin araşdırılmasını içərir. Bibləvi tənqid, Bibliyanın fərqli metodları tətbiq edərək araşdırılmasına və öyrədilməsinə deyilir. Bibləvi tənqid, adından da göründüyü kimi, Bibliyanın fərqli baxış bucaqlarından çək-çevir edilməsini (dini, qeyri-dini, elmi, naturalist və s.) anladır. İslam təhsil müəssisələrindən fərqli olaraq, Bibliyanın sekulyar-ateist nöqteyi-nəzərdən, elmi-tarixi və s. yanaşmalarla da öyrədilir və Bibliyanı tənqid etmək də bunun bir parçasıdı - bir çox seminariyalarda bunlara yer verilir.
Ruhi formalaşma inanc və inanca dayanan yaşamla bağlı müəyyən vərdişlərin formalaşdırılmasını, şəxsiyyətin dini baxış bucağıdan yetişdirilməsini, mənəvi məsələləri içinə alır.

Friday, May 14, 2010

Romalılara məktub 13:8-10

8.Bir-birinizi sevməkdən başqa heç nədə, heç kimə borclu qalmayın: çünki başqasını sevən qanunu yerinə yetirmiş olur. 9.Belə ki, zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma” və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: “qonşunu özün kimi sev”. 10.Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət qanunun tamamlanmasıdır.”  


Qanun deyildikdə, burda ümumiyyətlə hər hansı qanun deyil, qədim İbranilərin riayət etdikləri dini qanun başa düşülür. İslamda buna bənzər bir şey varsa, o da şəriət olar. İsəviliyin kökündə duran və vaxtaşırı ortalığa çıxarılan, müxtəlif teoloqların, pastorların və s. ara-sıra mübahisə etdiyi və bölünməyə səbəb olan məsələlərdən biri qanun (şəriət), inanc, İsa Məsih arasındakı əlaqə və bütün bunların bir inanclı üçün nə demək olmasıdı. 
Şəriət və onun inanclı üçün keçərliliyi məsələsində ən ənənəvi davrananlar katoliklər, ən sərbəst davrananlar isə Protestantlardı. Katolisizmdə qanun/şəriət müəyyən şəkildə indiyə qədər də önəmini saxlamaqdadı. Protestantlıqda isə bu məsələ bir qədər başqadı və qanun/şəriət çox az önəmə malikdi. 

Sunday, May 9, 2010

Uşaqlıq xatirələrindən bir yarpaq


Bir vaxtlar hardasa belə bir hekayə oxumuşdum. Dedim, yazım siz də oxuyun. Anlayana eşq, anlamayana mərhəmət olsun.


Bir gün ədəb-ərkanda məşhur Loğmanın yanına gəlib ona deyirlər: “Loğman ədəbi kimdən öyrəndin?” Loğman cavab verir ki, bəs ədəbi ədəbsizlərdən öyrəndim. Soruşanlar mat qalırlar və bir şey anlamırlar. Nənəmin sözü olmasın, dübarə soruşurlar ki, ay Loğman, sən nə danışırsan, heç ədəbsizdən də ədəb öyrənmək olar? Necə öyrəndin ədəbi ədəbsizlərdən?

Loğman cavab verir: "ədəbsizlərin etdiklərinə baxdım, onların əksini etdim."

gündəlikdə axtarış