Monday, December 28, 2009

bap-balaca yeniliklər


Son günlər iki qara xəbər biri-birinə qarışıb. Birincisi budur ki, azəribloq-da yenə də problem var və sayt çalışmır. Ona görə də o biri bloquma girəmmirəm. İkincisi də budur ki, keçən həftə kompüterimdə virus tapılıb və kompüteri “müalicəyə” göndərdiyimə görə, indi özüm kompütersizəm. Ona görə də gündəliyə heç nə yaza bilmirəm. Daha bir neçə gün belə keçməlidi.

Monday, December 21, 2009

Yazının Yozumu: yanaşım başlanışı




Müqəddəs kitabı yozmaq və ya şərh etməyi bacarmaq zahirdən asan görünsə də daxildən çətin və dərinə gedildikdə alışqanlıq, öyrənmək istəyən bir işdi. Bu elənişi (eləmək –eləniş = fəaliyyət) öyrənmək üçün iki ana anlayışa göz ataq. Bunun biri içdən başlanış, digəri isə çöldən başlanışdı. Hər ikisi bir arada Müqəddəs Kitaba yanaşmağımızın hardan və necə başlandığını anladır. Gəlin bu başlanğıca yanaşım başlanışı deyək. Yanaşım başlanışında önəmli olan Müqəddəs Kitabı anlamaq üçün ona hansı baxış bucağından ilk addımı atacağımızıdı.

Monday, December 14, 2009

Gəliş: insanın vəhyləşməsi, vəhyin insaniləşməsi



Bu günlərdə kilisələr dünyanın dörd bir yanında İsa Məsihin, yəni Tanrı Oğlunun və Tanrının gəlişini (Advent) qeyd edirlər. Təxminən son iki həftədir ki, mən də istər-istəməz bayram əhval ruhiyyəsinə köklənirəm. İsa Məsihin doğuluşu Tanrı Sözünün insaniləşməsi, bəşəriləşməsi və doğulub bizim aramızda yaşamasını anladır. Bu, İsa Məsihin birinci gəlişidi. Ölümündən və Dirilişindən sonra Tanrı Sözü bizlərə söz verib ki, bir daha dönəcək və o sözdə də özünü bizə verib. Ancaq Ruhi – Rəvan hər zaman onu bizim içimizə sindirir və İsa Məsih davamlı olaraq bizimlədir. Küçədə sizə uzanan dilənçi ovucunda, kasıbın qətiyyətsiz yerişində, fahişənin saxta və faciə dolu təbəssümündə İsa Məsihin Surətini görsəniz, qorxmayın. Günahkarlarla yeyib-içən, onların evinə gedib onlara ümid verən, xəstələrə şəfa verib onları ayağa qaldıran, kasıb-kusubu yedirib-doyuran İsa Məsih sizə hər halda gözəl saraylardan, lap elə hündür kilisə qüllələrindən gülümsəməz.

Tuesday, December 8, 2009

Tanrı Gözləri




Göy üzü,
Tanrının gözləriylə dolub.
İşıldayır, sayrışır, göz vurur.
Hər yerdə, bir yerdə
O yerdə və
Heç yerdə
Onun gözləri.

Thursday, December 3, 2009

Ədalət üçün tanıqlıq: başlanğıca dönüş - 4

Ədalətlə bağlı cızma-qırmızılarımızı bitirmək vaxtı gəldi. Bir-iki sözlə ədaləti öz axınına buraxalım. Ədalət üçün tanıqlıq sonsuz bir axıntı kimidi. Onun başlanğıcı və sonu yoxdu. Hər bir isəvi doğuluşundan ədalət üçün tanıqlıq etmək işini Tanrıdan əmanət alır və buna uyğun yaşamağa çalışmalıdı. Bu bir İlahi işidi və içimizdəki ədalət naləsi bunu ömrümüz boyu bizə xatırladır. Başqalarından ədalət istəyərik, başqalarının başqalarına qarşı ədalətsizliyinə qəzəblənərik. Bəzən ümidsizləşərik, bəzən bir yerdə, bir məkanda kiçik bir ədalət qığılcımı görəndə içimizə ümid dolar. Bütün bunlar bizə ədaləti xatırladar. Ancaq çox azımız ona diqqət yetirir, ədaləti düşünülmüş, ardıcıl yaşamağa can atdığımız prinsiplərə çevirir.

Friday, November 27, 2009

Qurban Bayramı


Əziz müsəlman qardaş və bacılar. Hamınızın qurban bayramını təbrik edirəm və hamınızın dualarının qəbul olunmasını arzulayıram. Allah könlünüzcə versin! Təəssüf ki, hökumətin bu arada Fatimeyi-Zəhra məscidinin sökülməsinə qol qoyması heç də Qurban Bayramına yaraşan hədiyyə deyil. İnanmaq istəyirəm ki, üzümüzə gələn yeni ildə Azərbaycandakı müsəlman icmaları ilə hökumət arasındakı münasibətlər az-çox məcraya düşəcək və qarşılıqlı anlaşma yaranacaq. Hamınıza uğurlar.

Wednesday, November 25, 2009

Haqqın Çağrısı


Müqəddəs Kitabda ədalət mövzusunda bol-bol mülahizələr var. Bunların bəziləri hekayət, bəziləri şeir, digərləri isə məruzəyə bənzər şəkildə təqdim edilir. Bu mövzuya yanaşma da zəngidir. Məsələn, aşağıdakı məzmurda (məzmur 58) ədalət məsələsi, ədalətsizlərə müraciət bir ağı kimi verilir. Dolayısıyla bu, haqqı tapdanmışn haqqı tapdayana müraciəti və qarğışıdı. Daha bir nüans. Tərcümə mənim deyil. Azerincil.net səhifəsindən almışam və dəqiqliyindən əmin deyiləm.

Friday, November 20, 2009

Ədalət üçün tanıqlıq: ədalətin yolu - 3




İlahi Tapınağı olmaq bir özəllik kimi həm də ədalətsizliyə qarşı durmağı içərir. Ona görə yox ki, biz özümüz ədalətsizlik etmirik və İsa Məsihə inandıqdan sonra, onun vasitəsiylə Müqəddəs Ruhda Ataya döndüyümüz zaman bütün günahlardan uzaqlaşırıq və heç vaxt ədalətsizliyə yuvarlanmırıq. Belə deyil. Məsihiliyin ana şərtlərindən biri insanın öz gücünə özünü çiysüdəmmişlikdən qurtara bilməyəcəyini tanımasıdı. Biz Məsihə inansaq da ara-sıra çiysüdəmmişlik öz işini görür. Deməli, İsa Məsihə inanmaq hələ ədalətsizlikdən, çiysüdəmmişlik təzahürlərindən biryolluq, birdəfəyə və tamamən qurtarmaq anlamına gəlmir. Bəs onda ədalət üçün tanıqlıq etmənin anlamı nədir? Ədalət üçün tanıqlıq etmək İsa Məsihin geri gələcəyinə və bir gün hər kəsin onun qarşısında durub mühakimə ediləcəyinə inancdan, bizim o mühakimədə Tanrı Tapınağı kimi sorğu-sual ediləcəyimizi anlamaqdan, bizim Müqəddəs Ruh vasitəsilə İsa Məsihi özümüzə sindirməyimizdən, onu həvari Paulos demiş, geyinməyimizdən doğan ümiddən başlayır. Biz Tanrı Tapınağı olmaq yetənəyini yaşamağa çalışdığımız üçün Tanrı adına, Tanrının başqalarına olan sevgisi üçün və Tanrının dəyər verdiyi bütün yaradılış üçün ədalətli olmağa çalışmalıyıq. 

Sunday, November 15, 2009

Ədalət üçün tanıqlıq: ədalətin nağılı - 2



İnsanın insana ədalətlə davranmasını zərurləşdirən nədir? Ədalətin köküdür. İnsan Müqəddəs Kitabın öyrətisinə görə Rəbbin, İlahinin surətində yaradılıb. Bu o deməkdir ki, onun dəyəri, həqiqi dəyəri, transsendental dəyəri İlahiyə münasibətdə gizlənib və bu münasibətdə açılır. İnsanlara qarşı ədalətli davranmaq zəruridir çünki biz İlahinin surətiylə davranırıq. Hər birimizdə İlahinin Surəti təkrarsız və bizim bir fərd kimi unikallığımızı da içinə alaraqdan açılmaq potensialına malikdi, çünki lap “Başlanğıc”da bu alnımıza belə yazılıb. Bunu rədd edə bilərsiniz, ancaq bundan kənarda insana ədalətli davranmağın zəruriliyini başqa heç bir yerdə, öyrəti də bu cür əsaslandıra bilməzsiniz. İnsana ədalətli davranmaq elə onun insanlığından, yəni İlahi Surətində yaradılmışlığından törəyir. Ədalət Rəbbdədir, İlahi haqqdır, həqiqət ədalətlidir və bu özəllik insanın xəmirinə qatılmış mayadı. Belədə, ədalət və ədalətli davranmaq kənardan insana qazandırılmış bir şey deyil. İlahinin Surətiylə necə davranmağımız dolayısı ilə İlahinin əl işinə və özünə qarşı münasibətimizi gözlər önünə sərgiləyir.

Tuesday, November 10, 2009

Ədalət üçün tanıqlıq: ədalətin dili - 1






Ədalət üçün tanıqlıq etmək İsəvilərin Tanrıcıl borcudu. Bir Azərbaycanlı üçün bu tanıqlığın köklərini iki yolla açmaq olar: 1) Dillə, 2) İlahi Öyrətisiylə – müqəddəs kitabdan, tarixi təcrübədən, çağdaş teologiyadan və s.
Ədalət əldən sürüşüb düşən balıq kimi bir şeydi. Onu tutmaq olar, ancaq onu sudan çıxarsanız canı çıxacaq. Sudan çıxarsanız, çırpınacaq, can verəcək, əlinizdən qurtulmağa çalışacaq. Onu zatən sudan çıxarmaqla öldürürsünüz. Onu suda əlinizdə tutmaqla onun belə deyək, balıqlığını əlindən alırsınız: balıq axı üzməlidi, sizin suya salınmış əlinizdə yaşayacaq deyil ki. Balığı balıqlığında buraxmaq istəsəniz, ona baxmaqdan uzağa gedə bilməyəcəksiniz. Balıq ədalətin suyu onun konteksti, onun geniş fonudu. Buna görədir ki, ədalət əxlaq və hüquq, yerli adət və ənənələrlə, şəxsin bilavasitə içindəki ortamıyla sıx bağlıdı. Siz ədaləti mücərrədləşdirib ona anlayış verə bilərsiniz, ancaq bu halda ədaləti sudan çıxarırsınız - onun günlük insan münasibətlərindəki qaçınılmaz konkretliyini, yayğınlığını, ortamıyla ilişkisini öldürürsünüz. Odur ki, ədaləti elə ədalət kimi görmək istəsəniz onu öz suyunda buraxmağa məcbursunuz.


Mən ədaləti sudan çıxarıb ona anlayış vermək istəmirəm. Məndən öncə çoxları yazıb-pozub və hələ indiyə qədər də onun nə olduğunu tam bilən və açan yoxdu. Mən ən yaxşı halda ədaləti suda müşahidə edə bilərəm: misallar verməklə ədalətdən bir şeylər anladaram. Sizin bağınızda iş görmüş adama öncədən razılaşdığınız haqqı vermək ədalətdi. Sizin bağınızda iş görmüş və gördüyü işi artıqlamasıyla yerinə yetirmiş adama öncədən razılaşdığınızdan artıq ödəmək, hətta o istəməsə də belə, artıqlamasıyla yerinə yetirdiyi iş üçün ona işinə uyğun ödənc təklif etmək və bunu qəbul etməsi üçün cəhd etmək ədalətdi. Ac-yalavac, küçədə yatan kimsəsizə, İsa Məsih sənin günahların üçün ölüb söyləməyib də onun qalması, yatıb-qalxması üçün yer tapmaq və ya bu işdə ona yardım etmək ədalətdi. Əlinizdə yetərincə sübut olmadığı halda başqaları haqqında ağır nəticələr verə biləcək qərara varmaqdan çəkinmək ədalətdi. Düzgün və tutarlı əsaslarla cəzalandırılan birisinin cəzasını alması üçün çalışmaq ədalətdi. Ətrafınızdakıların haqqını yeməmək ədalətdi. Allahın heyvanlarıyla belə insafla davranmaq ədalətdi. Səhvini etiraf etmək, əxlaqi qəbul olunmaz əməli üçün üzr istəmək ədalətdi. Qısacası, insanla insan kimi davranmaq ədalətdi. Burda deyəsən bir az ümumiləşdirməyə və mücərrədləşdirməyə daldıq.
Ədalət sözünü dilimizdə anlatmaq üçün haqq sözünü də işlədirik. Ədalətli olan haqlıdı. Haqsız olan həm də ədalətsizdi. Haqq dilimizdə həm də həqiqət deməkdi. Haqqı demək həqiqəti söyləməkdi. Haqq həm də birisinin haqqı, yəni qazandığı və ya hər hansı başqa əsasla üzərində tutarlı iddiası olan bu və ya digər şəkildə davranmaq imkanını və ya başqalarından bir şəkildə davranışı istəmək imkanını da içərir. Belədə, ədalət haqq olur. Ancaq ədalət haqq olmaqla qalmır axı. Ədaləti haqla eyniləşdirmək və ya haqqı ədalətlə eynişlədirmək ədaləti həqiqətləşdirmək və həqiqəti də ədalətləşdirmək deməkdi. Həqiqət ədalətlidi. Ədalət həqiqətdi və ya həqiqidi. Ədalət həqqidi. Ədalətin haqqla, həqiqətlə qovuşması və ya əksinə haqqın, həqiqətin həm də ədalətliliyi bizi ədalətin İlahi ölçümünə gətirir. Haqq-ədalət həm də Tanrının adıdı. Tanrı haqlıdı və ya ədalətlidi. Haqq Tanrının istədiyi bir özəllikdi. Haqq həqiqətdirsə, və ya həqiqidirsə, o zaman o Tanrıdandır, çünki Tanrı özü həqiqidir, həqiqətdir. Tanrının istəyinə uyğun davranmağa və yaşamağa çalışan birisi haqq(ın)a uyğun yaşamaq istəyən başqasının haqqını yeməyən, haqqı yeyilənin haqqını yedirməməyə can atan həqiqət carçısıdı.
Beləcə, dilimiz haqq, həqiqət, ədalət və İlahini biri-birilə içləşdirir.
Bu isə havadan gəlmir və məncə dərin köklərə malikdi. Mənim axtardığım və tapdığım, qazıb çıxarmasam da su verib suvardığım, yetişdirdiyi həyat ağacından meyvəsini yemək istəsəm də indiyə qədər nübarını etmədiyim köklər Məsihilikdədi. Bəziləriniz etiraz edəcək. Deyəcəksiniz ki, haqq, həqiqət, ədalət, İlahi, Allah və s. hamısı Ərəb sözləridir, dilimizə ərəbcədən gəlir. Dilimizin ərəbcədən almaqla anlatdığı bu qavramlarda olsa-olsa müsəlmançılığın izi olar - burda Məsihiliyin nə işi var? Ikinicisi, bizim dilimiz İsəviliyi yaşamayıb: bu sözlərin anlatdığı qavramları İsəviliyə ilişkin necə anlatmaq olar? Axı onların arxasında Məsihilikdən bir şey durmur. Bir yerə qədər düz buyurursunuz əziz oxucu, başqa yerə qədər isə əyri. Düz deyirsiniz ki, dilimizdəki bu sözlər ərəbcədən alınmadı, bizim dilimiz İsəviliyi yaşamayan dildi və bu sözlərin arxasındakı qavramlarda da müsəlmançılığın izi ola bilər. Bununla razılaşıram. Ancaq bununla razılaşmıram ki, belə olması mənim əlimdən dilimizdəki bu mətləbləri Məsihilikdəki köklərlə bağlamaq fürsətini alır. Birincisi ona görə ki, ədalət hər nə qədər yerli, konkret, şərait suyunda hərəkət edib gözdən itsə də, milli adət-ənənə, əxlaq axınlarında əlimizdən balıq kimi sürüşüb çıxsa da, dil, tarix, ölkə, coğrafiya, siyasət, hüquq çaylarında və göllərində balıq kimi mövcudluğundan dolayı o adını çəkdiyim çay və göllərdən kənarda ölsə də balıq elə hər yerdə öz özəllikləriylə birlikdə balıqdı. Populist, tarixi ədalətin bərpasını çığırıb-bağıran insanlarda, gerçəkdən ağrı-acıya və əsassız basqıya tuş gələn məzlumlarda bu və ya digər şəkildə ədalət hissimi deyim, anlayışımı adlandırım, instinktimi söyləyim, qavramımı isimləndirim, intuisiyasımı çağırım, var: onu tutub saxlamaq çətindi, onu tam mücərrədləşdirmək olmur, ancaq onun mövcudluğunu tarix və insanlıq inkar etməz. Buna görə də, ərəbin dilimizdəki ədalətini, həqiqətini, haqqını, onların özlərinin yazı-pozularından çox şey öyrəndiyi yəhudinin yunanın teologiyasına bağlamaq normaldı. Qısacası, dilimizdəki ədaləti məsihiləşdirən (həm də) onun həryerdəliyidi (universallıq deyəcəyimə belə deyim). İkincisi, mən axı yazdım mən yaşamımızın lap “Başlanğıc”ında hamımızın qarşısına çıxan, ömür boyu köklərini aradığımız həyat ağacının köklərini tapmışam, ondan yazıram, Zəqqumun köklərindən deyil.






İndi dönək görək dilimizdəki haqqı, ədaləti, həqiqəti İsəvilikdəki köklərə necə calamaq olar. Mən bu kökün dörd qolundan danışacam. Onun birincisi İlahi Surətidi (İmago Dei), ikincisi, günahkarlığın həryerdəliyi və içdəliyidi, üçüncüsü Mükəmməl Surət və insanın Tapınaqlığı yetənəyi və dördüncüsü də Rəbbin bağışlamasına, sevgisinə və mərhəmətinə esxatoloji ümid və tanıqlıqdı. Qulağınıza əcaib gəlir bu sözlər? Eybi yox, düzələr. Əqlinizin toqqasını bərkidin, səbrinizi altdan geyindirib üstən qıfıllandırın, getdik.

gündəlikdə axtarış