Sunday, December 25, 2011

Milad bayramınız mübarək!

Əzizlərim, hamınızın Milad bayramını təbrik edirəm! İlahi sevgisindən əskik olmayasınız!

Friday, December 16, 2011

Milada Gedən Yol



Bir azdan insanlar Milad bayramını qeyd edəcək. Milad bayramını Rəbbimiz İsa Məsihin insaniləşməsi və cismaniləşməsi ilə bağlasalar da sözügedən bayramın Roma İmperiyasının mədəniyyətindən, həmin dönəmdəki digər bayram və təntənələrdən təsirləndiyi var.

Thursday, November 24, 2011

Rafiq Tağı

Azərbaycanlı yazar və jurnalist, mən də daxil olmaqla bir çoxlarının sevimlisi olan Rafiq Tağı aldığı bıçaq yaralarından sonra xəstəxanada vəfat edib. Böyük bir ehtimalla İran və radikal İslam əleyhinə yazılarından dolayı bıçaqlanan Rafiq Tağının qətli ölkəmizin nə qədər məşum bir boşluğa sürükləndiyini anladır.
Rafiq Tağı, qəbrin nurla dolsun! Biriləri sənin əlindən düşən məşəli götürüb sənin yolunla gedəcək.

Saturday, November 5, 2011

Yaşamaq Rəməl Bəhrində

Salam, əzizlərim, bu günlərdə nəfəs dərməyə bir az vaxt var. Fikirləşdim ki, bir-iki cümlə yazsam, qurumuş bloqumuz bir az canlanar. Bu günlər işlə bağlı məşğul olmaq bir az azaldıqca fikirləşirəm ki, arada bir hər şeydən, işdən, evdən, insanlardan az-çox aralanıb özünlə təkbaşına qalmağı bacarmalısan. Güncəl həyatdan bir az aralanmaq bizə hər şeyə kənardan baxmaq şansı verir. Yoxsa, baş hərdən elə qarışır ki, zamanın, insanların, həyatın necə gəlib keçdiyini belə bilmirsən. Ayılanda artıq gec olur. Günlərinin-həftələrinin detallarını itirmişsən, yavaşıyıb üstündə düşünmək gərəkən, zaman, enerji alan və buna layiq nə qədər fürsəti əlindən qaçırmısan.
Hərdən yavaşıyaq ki, həyatımızdan keçənin kim və ya nə olduğunu daha dəqiq, daha yaxşı görə bilək.
 

Monday, August 22, 2011

İkisi Bir Arada


Düzən axtarışında

Əziz dostlar, yəqin fərqinə varırsınız ki, artıq getdikcə bloqa az yazı yerləşdirirəm və yazıların yerləşdirilməsindəki düzən-ardıcıllıq da əvvəlkitək dəqiq deyil. Bunun artıq qeyd etdiyim kimi bir sıra səbəbləri var və son aylar göstərir ki, bloqdakı müntəzəmliyi minimumda dərəcədə saxlamaq da gedərək çətinləşir. Odur ki, bundan sonra bloqa yalnız vaxtım olanda yazmağı düşünürəm. Təxminən ayda bir dəfə və ya hər bir aydan bir yazı yazmaq yəqin mümkün olacaq. Ən azından yaxın altı-yeddi ay üçün əvvəlki müntəzəmliyi bərpa etmək imkanım yoxdu. İndiliksə aşağıdakı yazını bloqa yerləşdirirəm.

Thursday, July 28, 2011

Tarazlıq İfratçılığın Əksi Kimi

İnancınızın necəliyinə bağlı olmadan istənilən hər hansı istiqamətdə ifrata varmaq məncə yolverilməzdi.  Ola bilsin, Allaha, Tanrıya sizdən çox inanan yoxdu yer üzündə, ancaq bu inancınız sizi başqalarına düşmən edirsə, adamlara yuxarıdan aşağı baxmağa haqq verirsə, gec-tez çirkaba yuvarlanacaqsınız. Ola bilsin, Allaha, Tanrıya inancınızda gerçəkliyi, dəyişən zamanı göz önünə alırsınız, o qədər ki, sizdən daha yaxşı inancını ortama, dövrə görə yaşayan da yoxdu.  Amma bu cür liberal yanaşma maraqlarınıza uyğun yeri gələndə öz inancınıza etinasız davranmağa əsas verirsə, inancınız da sözdən uzağa getmirsə, yenə gec-tez çirkaba yuvarlanacaqsınız.

Friday, July 15, 2011

"Sənə yar, səndən yar, şikayətim var"

Bibliyanın önəmli özəlliklərindən biri İlahi ilə insanlar arasındakı əlaqələri nüansları ilə ifadə etməsidi. Bir çoxlarımız Allah haqqında şikayəti, incikliyi adətən güncəl həyatda İlahiyə inanmayanların dilindən eşidərik və belə olması gərəkdiyini düşünərik. Sanki Tanrıya inanan adam İlahidən inciyə bilməz və ya onların inancı şikayətlənmələrini önləyir. Ancaq iş burasındadı ki, həyat bizim görmək istədiyimiz kimi deyil. Çox inanclı, gerçəkdən səmimi insanların da bəzən Allaha şikayət etmələri, daha doğrusu Allahın özünə, Allahın özündən şikayət etmələrinə rast gəlmək mümkündü. Bibliya həm də bu cür səslərə yer verir, onları tanıyır və onları insanla Yaradan arasındakı münasibətlərə gətirir. Şəxsən mən özüm şikayətlənməyi sevməsəm də, ara-sıra bütün inananlar kimi mən də suallar qarşısında çaşıram, gerçəkliyin ağır paradoksları məni də əzir. Haqsız gördüyünüzü, İlahinin ədaləti haqqında inancla barışdıra bilmirsiniz, ancaq sualı, parakdoksu gözardı etmək də mümkün olmur. Mən bu cür şikayətləri “uman yerdən küsərlər” baxış bucağından və ya Füzulinin dediyi kimi, “sənə yar, səndən yar şikayətim var” şəklində qavrayıram. Aşağıda bu cür nisgil sərgiləyən məzmurlardan (Məzmur 22:1-15) bir örnək verirəm (azerincil.net səhifəsindən alınıb).

Tuesday, June 28, 2011

Bizi Nə Birləşdirir?


Hərdən düşünürəm ki, dünyanın ən müxtəlif dinlərini, inanc sistemlərini, ümumiyyətlə fövqəltəbii dünyayla bağlı olan bütün təlimləri nə birləşdirir. Bütün bunları nəyin birləşdirdiyini deyə bilməsəm də məncə, İbrahim ənənəsindən qaynaqlanan inancları birləşdirən ən önəmli bir şey onların İlahi haqqında nə qədər çox şeyi bilmədiklərini etiraf etmələridi. Musəvi, İsəvi və İslamı birləşdirən şey əslində tək Allaha inanmaq, peyğəmbərlik, vəhy konseptlərindən daha çox onların hər birinin Tanrının nə qədər bilinməz olduğunu etiraf etmələridi. Bizim hamımızı o birləşdirmir ki, biz Rəbb haqqında nəsə bilirik. Bizim hamımızı o birləşdirir ki, biz Rəbb haqqında nə qədər sonsuz, ucsuz-bucaqsız və dibsiz şeyləri bilmirik. Bizi birləşdirən Allah haqqında bildiyimiz deyil, bilmədiklərimizdi.

Sunday, June 12, 2011

Pentekost: Qutsal Ruhun Gəlişi



Məsihilikdə önəmli və sonradan bayrama çevrilən hadisələrdən biri Pentekostdur və bu gün Kilisələr bu bayramı qeyd edirlər. Pentekost yunanca əllinci gün anlamına gəlir. “Həvarilərin Əməlləri” (2:1-6) kitabına görə, İsa Məsihin dirilməsindən əlli gün sonra Qutsal Ruh və ya İlahi özü həvarilərin üstünə enir və ya həvarilərin canına hopur. Bunun nəticəsi kimi, həvarilər öyrənmədikləri, bilmədikləri dillərdə danışırlar və İsa Məsihə şəhadət verirlər. Onlarn ətrafında həmin gün yəhudilərin bayramlarından birini qeyd etmək üçün bir çox ölkələrdən gələn insanlar da öz dillərində müjdəni eşidib ona inanırlar (bu mənada Pentekostun yəhudilərin dini bayramlarıyla dolayı əlaqəsi var). 

Thursday, June 2, 2011

Bap-Balaca Detal

“Nə deməkdi pnevmatologiya?” soruşsam nə deyərdiniz? Bir az tibbi terminlərlə tanışlığı olan deyəcək ciyər xəstəlikləri ilə məşğul olan sahə ya buna bənzər bir şey.
Mən də deyəcəm ki, səhv deyirsiniz. Daha doğrusu tam açıqlamırsınız.
Pnevmatologiya həm də Müqəddəs Ruh haqqında olan düşüncələrə, yanaşmalara verilən addı və Xristian teologiyasının bir bölməsidi.
Pnevma (pneuma) qədim yunan dilində nəfəs, külək, yel anlamına gəlir və ruh mənasında da işlədilirmiş.
Maraqlıdı. Bir vaxtlar pnevmatik silahlar olan tirlər olurdu orda gedib pul verdikdən sonra bir-iki çaq-çuq güllə atırdınız, önunuzdən qaçan oyuncaq dovşanları vururdunuz. Bir sözün heç əlaqəsi olmayan sahələrdə tarixçəsi. 

gündəlikdə axtarış