Unutmayaq.
"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü." (H.Cavid)
"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Wednesday, January 19, 2011
Friday, January 14, 2011
Ədalətsizliyə Qarşı Savaşda İnanc
Ədalət üçün aktiv savaş verən bütün insanların iki özəlliyi var: 1) ədalətə, onu qurmanın, bərpa etmənin mümkünlüyünə və ya ədalətsizliyin aktiv savaşla azaldılmasının mümkünlüyünə inanırlar, 2) bunun üçün savaş verməyə dəyər düşünürlər (və buna inanırlar) və ya ədalətsizliyin azaldılması üçün savaş onların dəyərlər sistemində önəmli yer tutur.
Monday, January 10, 2011
Milad Fotolarda
Bu keçiddən Azərbaycan Pravoslavlarının Miladı necə qeyd etmələri haqqında yazı oxuya bilərsiniz. Şərhləri də oxuyun və vətəndaşlarımızın öyrənməsi gərəkən çox şeyləri olduğuna diqqət yetirin. Mənsə bir az dincəlim, bu aralar bloq üçün olmasa da çox yazıram. Dincəlməyə ehtiyac var.
Tuesday, January 4, 2011
Bir Səs
Videoda Qul Nəsiminin (İmadəddin Nəsimi deyil) qəzəllərindən birini türk müğənnisi Ahmet Aslan oxuyur. Mənim çox xoşuma gəldi, sizlərlə də bölüşmək istədim.
Wednesday, December 29, 2010
Elə və Belə
Ekkleziologiya – Kilisə haqqında teoloji təlimlərin məcmusuna və Kilisəni teoloji baxış bucağından araşdıran sahəyə verilən addı (Ekklesia – kilisə). Dilimizdə buna yəqin Kilisə bilimi və ya Kilisəşünaslıq deyilə bilər. Ekkleziologiyanı icmaşünaslıqdan ayırmaq lazımdı. İcmaşünaslıq konkret icmaları insan qrupu, sosial orqanizm kimi və sosioloji, psixoloji baxış bucağından araşdıran bir sahədi (congregational studies). Kilisəşünaslıq daha çox doqmalara bağlıdı. İcmaşünaslıq isə daha çox pastora və ya icma rəhbərlərinə yardım etmək və ümumiyyətlə kilisələri, icmaları elmi məqsədlə öyrənmək məqsədi daşıyır.
Kilisəşünaslıqdakı suallar təxminən buna bənzəyir: Kilisə-icma necə idarə olunmalıdı və bunun teoloji əsasları nədi? Kilisə İsa Məsihin bədəni kimi, bizim İlahi ilə əlaqələrimizdə necə rol oynayır? Bir kilisəni kilisə edən nədir?
İcmaşünaslıqdakı suallar təxminən belədi: İcma üzvləri arasındakı münasibətlərin dinamikası necədi? İcmalardakı konfliktlər nədə görünür? Konkret bir icmanın kimliyini nə təyin edir? Bir icmanın özəlliklərini anlamaq üçün nələrə fikir vermək lazımdı və s.?
Friday, December 24, 2010
Budaq cümləsinin təzəsi hansı ki dilimizdə yenidi
Mənə maraqlıdı, dilimizdə nə vaxtdan hansı ki sözüylə başlayan budaq cümlələr işlədilir, hə? Məsələn belə, mən Bakıda yaşayıram, hansı ki Xəzərin sahilində bir şəhərdi. Ara-sıra mətbuatda harda ki ilə başlayan budaq cümlələrə də rastlamaq olur. Bakıda harda ki Xəzərin sahilində bir şəhərdi cinayət hadisəsi baş verib. Artıq şifahi nitqdə də eşitmək mümkündü belə danışığı.
Məncə bu dilimizdə doğru-düzgün danışammayanların və rus, ingilis digər dillərdən tərcümə edərək yazanların yol verdiyi səhvdi – ordan şifahi nitqə keçib.
Danışıq dili, yazı dilinə nisbətən daha az formaldı, daha çox dəyişkəndi və yazı dilindən fərqli olaraq onun normaları, qayda-qanunları rigid deyil. Ancaq danışıq dili ilə yazı dili arasında əlaqə var, onlar biri-birinə təsir edirlər. Bu gedişlə biri gün sabah hansı ki ilə başlayan budaq cümlələri danışıq və yazı dilində tam qəbul olunmuş, normal bir özəlliyə çevriləcək.
Monday, December 20, 2010
Milad
Milad gəlib.
Bir neçə günə dünyanın hər tərəfində kilisələr İsa Məsihin doğuluşunu qeyd etməyə başlaycaqlar. Məni hər zaman Miladda özünə çəkən ideyanın arxasında duran radikallıq, ağlasığmazlıq və tərsinəlikdi. Milad insan ağlına tərs düşən yox, əksinə insan ağlını lağa qoyan bir inancın oluşmasını anladır. Milad nəyi iddia edir? Milad iddia edir ki, tövlədəki kiçik beşiyin içində yatan köməksiz, ana döşündən süd əmən uşaq İlahidi, Allahdı. Küfrdür, deyilmi? Ancaq Milad daha dərin radikal ideyaları içərir. Həmin körpə həm də Xilaskardır. O Xilaskar ki insanları günahkar təbiətdən xilas etməyə gəlib, onları ədalətə səsləməklə və özü də onlar üçün qurban getməklə ağlasığmaz bir ümidi gözlər önünə sərib. Körpənin özünü soyuqdan, aclıqdan, hətta kəskin hərəkətdən xilas edən lazımdı o ki qaldı o başqalarını xilas edə. Gülüncdür, deyilmi?
Thursday, December 16, 2010
Çoxsəsli Dua
Aşağıdakı şərtlərə cavab verən dua etmək sizcə necə olar: 1) Birdən çox insan, 2) bir yerdə (biri-birini eşidikləri məsafədə) 3) ucadan (ürəklərində deyil), 3) eyni anda, 4) sərbəst (hər kəs istədiyi mövzuda, asinxron) dua edirlər? Söhbət içtimai, öncədən sözləri və şəkli razılaşdırılmış, xorla edilən (eyni anda, eyni sözləri deməklə) qrup dualarından getmir. Söhbət “hər ağızdan bir avaz gəlir” üslubunda duadan gedir.
Mən dəfələrlə bəzi Məsihilərlə bir araya gəlib bu cür dua etmişəm və belə bir dua şəklinin çox maraqlı, özəl olduğundan yazmaq istəyirəm. Ancaq öncə belə bir duanın kənardan nəyə bənzədiyini yazım. Təsəvvür edin ki, bir qrupda hamı eyni anda, ucadan danışır. Siz də danışırsınız. Ara-sıra qulağınız başqalarının sözlərini eşidir, lakin tam anlamırsınız, çünki diqqətiniz tam onlarda deyil. Bəzən diqqətiniz yayınır, bəzən diqqətinizi cəmləyə bilirsiniz.
Friday, December 10, 2010
Hicablamalımı, hicablamamalımı?
Son günlər mətbuatı izlədikcə, Azərbaycanın əslində çox maraqlı və hətta gözəl bir şansı əldən çıxardığı qənaətinə gəlirəm. Yəqin xəbəriniz var, ölkəmizdə artıq başıörtülü və ya hicabla təhsil müəssisələrinə girmək problemə çevrilir və ya çevrilib. Əlbəttə, papaqla, qeyri-dini məqsədlə başınızı bağlayıb məktəbə, universitetə getsəniz yəqin ki problem olmaz, ancaq elə ki dini inancınızın tələblərinə görə başınızı bağladınız, problem başlayır.
Thursday, December 2, 2010
Teoloji Bilgi
İnanc bilgisi ilə bağlı ara-sıra rastlaşdığım yazılarda sözügedən bilgini elmlə, özəlliklə də dəqiq elmlərlə müqayisə edirlər ki, inancın əslində anlamsız bir şey olduğunu göstərsinlər. Məncə, inancın daha doğrusu inanc bilgisinin təbii elmlərlə, digər elmlərlə kəsişdiyi, uyğun gəldiyi, hətta tərs düşdüyü sferalar var ancaq bunlar təbii elmlərlə, ümumiyyətlə çağdaş dönəmdə elm anlayışı altında başa düşülən bilgilərlə inanca dayanan bilginin tam və qəti olaraq eyni tərəziyə qoymağa əsas vermir.
Subscribe to:
Posts (Atom)