Friday, December 24, 2010

Budaq cümləsinin təzəsi hansı ki dilimizdə yenidi


Mənə maraqlıdı, dilimizdə nə vaxtdan hansı ki sözüylə başlayan budaq cümlələr işlədilir, hə? Məsələn belə, mən Bakıda yaşayıram, hansı ki Xəzərin sahilində bir şəhərdi. Ara-sıra mətbuatda harda ki ilə başlayan budaq cümlələrə də rastlamaq olur. Bakıda harda ki Xəzərin sahilində bir şəhərdi cinayət hadisəsi baş verib. Artıq şifahi nitqdə də eşitmək mümkündü belə danışığı.
Məncə bu dilimizdə doğru-düzgün danışammayanların və rus, ingilis digər dillərdən tərcümə edərək yazanların yol verdiyi səhvdi – ordan şifahi nitqə keçib.
Danışıq dili, yazı dilinə nisbətən daha az formaldı, daha çox dəyişkəndi və yazı dilindən fərqli olaraq onun normaları, qayda-qanunları rigid deyil. Ancaq danışıq dili ilə yazı dili arasında əlaqə var, onlar biri-birinə təsir edirlər. Bu gedişlə biri gün sabah hansı ki ilə başlayan budaq cümlələri danışıq və yazı dilində tam qəbul olunmuş, normal bir özəlliyə çevriləcək.  

Monday, December 20, 2010

Milad


Milad gəlib.
Bir neçə günə dünyanın hər tərəfində kilisələr İsa Məsihin doğuluşunu qeyd etməyə başlaycaqlar. Məni hər zaman Miladda özünə çəkən ideyanın arxasında duran radikallıq, ağlasığmazlıq və tərsinəlikdi. Milad insan ağlına tərs düşən yox, əksinə insan ağlını lağa qoyan bir inancın oluşmasını anladır. Milad nəyi iddia edir? Milad iddia edir ki, tövlədəki kiçik beşiyin içində yatan köməksiz, ana döşündən süd əmən uşaq İlahidi, Allahdı. Küfrdür, deyilmi? Ancaq Milad daha dərin radikal ideyaları içərir. Həmin körpə həm də Xilaskardır. O Xilaskar ki insanları günahkar təbiətdən xilas etməyə gəlib, onları ədalətə səsləməklə və özü də onlar üçün qurban getməklə ağlasığmaz bir ümidi gözlər önünə sərib. Körpənin özünü soyuqdan, aclıqdan, hətta kəskin hərəkətdən xilas edən lazımdı o ki qaldı o başqalarını xilas edə. Gülüncdür, deyilmi?

Thursday, December 16, 2010

Çoxsəsli Dua


Aşağıdakı şərtlərə cavab verən dua etmək sizcə necə olar: 1) Birdən çox insan, 2) bir yerdə (biri-birini eşidikləri məsafədə) 3) ucadan (ürəklərində deyil),   3) eyni anda, 4) sərbəst (hər kəs istədiyi mövzuda, asinxron) dua edirlər? Söhbət içtimai, öncədən sözləri və şəkli razılaşdırılmış, xorla edilən (eyni anda, eyni sözləri deməklə) qrup dualarından getmir. Söhbət “hər ağızdan bir avaz gəlir” üslubunda duadan gedir.
Mən dəfələrlə bəzi Məsihilərlə bir araya gəlib bu cür dua etmişəm və belə bir dua şəklinin çox maraqlı, özəl olduğundan yazmaq istəyirəm. Ancaq öncə belə bir duanın kənardan nəyə bənzədiyini yazım. Təsəvvür edin ki, bir qrupda hamı eyni anda, ucadan danışır. Siz də danışırsınız. Ara-sıra qulağınız başqalarının sözlərini eşidir, lakin tam anlamırsınız, çünki diqqətiniz tam onlarda deyil. Bəzən diqqətiniz yayınır, bəzən diqqətinizi cəmləyə bilirsiniz.

Friday, December 10, 2010

Hicablamalımı, hicablamamalımı?


Son günlər mətbuatı izlədikcə, Azərbaycanın əslində çox maraqlı və hətta gözəl bir şansı əldən çıxardığı qənaətinə gəlirəm. Yəqin xəbəriniz var, ölkəmizdə artıq başıörtülü və ya hicabla təhsil müəssisələrinə girmək problemə çevrilir və ya çevrilib.  Əlbəttə, papaqla, qeyri-dini məqsədlə başınızı bağlayıb məktəbə, universitetə getsəniz yəqin ki problem olmaz, ancaq elə ki dini inancınızın tələblərinə görə başınızı bağladınız, problem başlayır.

Thursday, December 2, 2010

Teoloji Bilgi

İnanc bilgisi ilə bağlı ara-sıra rastlaşdığım yazılarda sözügedən bilgini elmlə, özəlliklə də dəqiq elmlərlə müqayisə edirlər ki, inancın əslində anlamsız bir şey olduğunu göstərsinlər. Məncə, inancın daha doğrusu inanc bilgisinin təbii elmlərlə, digər elmlərlə kəsişdiyi, uyğun gəldiyi, hətta tərs düşdüyü sferalar var ancaq bunlar təbii elmlərlə, ümumiyyətlə çağdaş dönəmdə elm anlayışı altında başa düşülən bilgilərlə inanca dayanan bilginin tam və qəti olaraq eyni tərəziyə qoymağa əsas vermir.

Friday, November 26, 2010

Cəhənnəm Düşüncələri

Bu gün bir kitab mağazasında əlimə Tomas Mortanın yazdığı bir kitab keçdi və açıb vərəqlədim. Tomas Mortan müasir Katolisizmin məşhur mistiklərindədi. Onun yazdığı kitablar indi də sevilərək oxunur. Kitabın elə birinci səhifələrindən Mortan cəhənnəmdən bəsh edir.
Orda oxuduqlarım, məni bu postu yazmağa vadar etdi. Maraqlıdır ki, son əsrdə Katolik teologiyasında və ümumiyyətlə Məsihi teologiyasında ölümdən sonrakı yaşamla, varlıqla, olub-bitənlərlə bağlı ilginc baxış bucağı, təxəyyül oyunu, incəlikləri ortaya çıxmaqdadır. Ancaq öncə bir az keçmişə göz ataq ki, fərqi anlamaq mümkün olsun.

Sunday, November 21, 2010

Azadlıq

Bloqqerlər Adnan və Emin azadlıqdadırlar. Bu, sevinməli hadisədi. Sevinməlidi ona görə ki, haqsız yerə sıxma-boğmaya salmışdılar və bu haqsızlığı aradan qaldırıblar. Ancaq Azərbaycanda belə şeylərin baş verməsi insanı üzür. İnsanları kefləri istəyən zaman həbs edib, ürəkləri istəyən zaman sərbəst buraxırlar.

Monday, November 15, 2010

Deyilənlərə görə...


Maraqlı mülahizələrdi. Təəssüf ki, fikri yayımlanan müsahib Xristianlıqdakı müxtəlif konfessiyalara aid şəxslərin evlənməsinin yolverilməzliyini təsdiqləyən mənbələrini göstərmir. Müqəddəs Kitabda bununla bağlı müxtəlif fikirlər var, ancaq ümumilikdə söhbət Bibliyadan gedirsə, Qutsal Yazı fərqli dinlərə məxsus insanlar arasındakı evliliyi ardıcıl və qəti pisləmir - ona birmənalı qiymət vermək bir az çətindi.
Oxumağa dəyər.  

Thursday, November 11, 2010

Çiy Seçkilər


Saxta seçkilərlə razılaşmadığımız zaman dini inanc susmağı önə sürmür. Əksinə, seçkilərin saxtalaşdırıldığını anlatmaq, onun əleyhinə vəəz oxumaq və insanları bundan xəbərdar etmək lazımdı. Ona görə ki, sosial-içtimai həyat hər bir inanclının marağındadı və seçkilərin nəticələri vətəndaş kimi inanclıya da təsir etdiyindən saxta seçkilərə qarşı durmaq, istər dini, istərsə də sekulyar baxış bucağından, inanclının haqqıdı.
Hər vaxt olduğu kimi, yenə də saxta seçkilər keçirildi və parlamentə quzu dərisinə girmiş qurdlar təşrif buyurdu. Bu cür seçkilər daha öncə bəhs etdiyimiz içtimai çüysüdəmmişliyin bir parçasıdı və xeyirli gələcəkdən başqa hər şeyə xidmət edir.   

Sunday, November 7, 2010

Rəbb Qarşısında Vəsatət Qaldırırıq!


Bu günlərdə intercessory prayer sözünün dilimizə vəsatət kimi tərcümə olunduğunu gördüm. Vəsatət hüquqi termindi. Məhkəmə qarşısında vəsatət qaldırılar, bu və ya digər bir sübutun məhkəmə sübutlarına əlavə edilməsi üçün.
Sözün düzü, intercessory prayer sözünün vəsatət kimi dilimizə çevriliməsi bir az qəribə gəldi. İnancın isti, ilıq, bəzən ehtiraslı hisslərdən, yaşantılardan xəbər verən özəlliklərini, bu halda duanı, ifadə etmək üçün quru hüquqşünaslıqdan çoxluğun anlamadığı bir terminin istifadə edilməsi mənə leqalizmi xatırlatdı. Elə bil İlahi hakimdi, biz də hər hansı məsələ ilə bağlı onun qarşısında, kim bilir hansı qanunvericiliyinin, hansı məcəllənin hansı maddəsinə görə vəsatət qaldırırıq. İlahini və bizi biri-birimizi hər ikimizin tabe olması gərəkən bir gözəgörünməz, məşum qanunvericilik bağlayır. Talemi, özündənrazılıqmı, Rəbblə quru-quru danışmaq, formallaşdırmaq qanunvericiliyimi, yoxsa nə deyim, heç özüm də bilmirəm.

gündəlikdə axtarış