Aşağıdakı şərtlərə cavab verən dua etmək sizcə necə olar: 1) Birdən çox insan, 2) bir yerdə (biri-birini eşidikləri məsafədə) 3) ucadan (ürəklərində deyil), 3) eyni anda, 4) sərbəst (hər kəs istədiyi mövzuda, asinxron) dua edirlər? Söhbət içtimai, öncədən sözləri və şəkli razılaşdırılmış, xorla edilən (eyni anda, eyni sözləri deməklə) qrup dualarından getmir. Söhbət “hər ağızdan bir avaz gəlir” üslubunda duadan gedir.
Mən dəfələrlə bəzi Məsihilərlə bir araya gəlib bu cür dua etmişəm və belə bir dua şəklinin çox maraqlı, özəl olduğundan yazmaq istəyirəm. Ancaq öncə belə bir duanın kənardan nəyə bənzədiyini yazım. Təsəvvür edin ki, bir qrupda hamı eyni anda, ucadan danışır. Siz də danışırsınız. Ara-sıra qulağınız başqalarının sözlərini eşidir, lakin tam anlamırsınız, çünki diqqətiniz tam onlarda deyil. Bəzən diqqətiniz yayınır, bəzən diqqətinizi cəmləyə bilirsiniz.