Sunday, May 9, 2010

Uşaqlıq xatirələrindən bir yarpaq


Bir vaxtlar hardasa belə bir hekayə oxumuşdum. Dedim, yazım siz də oxuyun. Anlayana eşq, anlamayana mərhəmət olsun.


Bir gün ədəb-ərkanda məşhur Loğmanın yanına gəlib ona deyirlər: “Loğman ədəbi kimdən öyrəndin?” Loğman cavab verir ki, bəs ədəbi ədəbsizlərdən öyrəndim. Soruşanlar mat qalırlar və bir şey anlamırlar. Nənəmin sözü olmasın, dübarə soruşurlar ki, ay Loğman, sən nə danışırsan, heç ədəbsizdən də ədəb öyrənmək olar? Necə öyrəndin ədəbi ədəbsizlərdən?

Loğman cavab verir: "ədəbsizlərin etdiklərinə baxdım, onların əksini etdim."

Saturday, May 1, 2010

Dilimizin dilimləri - 4

Bundan başqa, dildən alınma sözləri tam, həmişə-fasiləsiz, ardıcıl atmaq və alnma söz olmayan dil qurmaq qeyri-mümkündü. Sözügedən hərəkatın bütün cəhdləri, ən yaxşı halda və son nəticədə dildə mənşəcə alınma sözlərin çəkisini azalda bilər, vəssalam. Bu, ən bəsit, ən ümumi və hər kəsə bəlli olan bir gerçəklikdi. Ancaq buna ehtiyac varmı? Məncə deyil. Bütün dillər söz alış-verişindədir və bütün dillər söz, anlam, konsept, qrammatika elementlərini alıb-verməklə dəyişir, zənginləşir, assimiliyasia olunur/edir, ölür və yeni dilə çevrilir. Keçmiş ölür, onun izindən başqa heç nə qalmır.

Monday, April 26, 2010

Dilimizin dilimləri - 3

Artıq qeyd etdiyimiz kimi, bizim dilimiz bütün sözləri ilə birlikdə, alınma və qeyri-alınma, bizim dilimizdi. Alınma sözlər dilimizdə alındığı dildə olduğundan fərqli tələffüz olunur (eşq sözündə olduğu kimi – biz onu boğazdan gələn “ayn” səsiylə tələffüz etmirik), fərqli işlədilir və fərqli mənalar kəsb edir (müttəhim Ərəbcə ittiham edən deməkdi, biz isə onu ittiham olunan mənasında işlədirik). Hətta bu, bütün sözlər üçün keçərli olmasa da alınma sözlər dilimizdə dönə-dönə işlədilməklə, yeni çalarlar qazanmaqla faktiki olaraq bizimkiləşir.

Saturday, April 24, 2010

Error: "qonshuya umid olan, shamsiz qalar"

Eziz dostlar, bu gunlerde komputerim yene de "xestelenib". En yaxshi halda heftenin birinci gunu yazi yerleshdire bilecem.
Yeni yazi yerleshdirilene qeder siz sag, men salamat.  

Sunday, April 18, 2010

Dilimizin dilimləri - 2

Dildəki müəyyən leksikonun dəyişdirilməsi uğrunda hərəkat isə, məhz bu faktı elə beləcə də dəyərləndirməkdən başlayır. Dilimizdə alınma sözlər var (fakt), bu heç də xoş deyil (dəyərləndirmə) və bunları təmizləmək lazımdı ( dəyərləndirməyə uyğun reaksiya). Bu cür yanaşmada dilimiz ifadəsi dilimizi bütövlükdə deyil, özünün bir komponenti ilə, türk-altay, mənşə komponenti ilə eyniləşdirir. Nəyə görə, dildəki müəyyən leksikonun dəyişdirilməsi uğrunda hərəkatın tərəfdarları belə edir? Ona görə ki, onlar dili yalnız və yalnız bir komponenti, mənşə (Türk-Altay dil ailəsi) və qrammatika (aqqlünativ dil, türk-Altay dil ailələrinin özəlliyi) dilimi ilə eyniləşdirir və burdan da məntiqi sonuca varır: bu komponentdən kənar sözlər alınmadı (tamamən doğru nəticə), alınma olduğuna görə yaddı (yanlış dəyərləndirmə) və dildən çıxarılmalıdı (yanlış dəyərləndirmədən gələn yanlış reaksiya).

Tuesday, April 13, 2010

Dilimizin dilimləri - 1



Bəziləriniz xatırlayar yəqin, bir vaxtlar gündəlikdə dilimizin adı haqqında yazmışdım. İndi də dilimizdə baş verən, daha doğrusu, bir çox tanış-dostun, yazarın fəaliyyətində görülən başqa bir axım haqqında yazmaq istəyirəm. Sözün düzü, bu axımı, cəhdi, necə adlandıracağımı bilmirəm. Məsələn, buna “dilin təmizlənməsi” demək olar və yəqin ki bəziləri elə belə də deyir: “dilin alınma sözlərdən təmizlənməsi”. Bəziləri bu axıma, ara-sıra rastlanan özəlliyə bir ad verməsə də yazılarında bu axımın içində üzdükləri bəlli olur. Məsələn, Niyazi Mehdi, sevdiyim düşüncə insanı, öz yazılarında bir qayda olaraq adda-budda yeni sözlər, neologizmlər işlədir və ya dilimizdə türk mənşəli, vulqar, ədəbsiz sayılan sözləri bu özəllikdən qurtarmağa və dilimizdəki uyğun ərəb-fars sözünün əvəzedicisi kimi aktivləşdirməyə çalışır. Onun “geydirmə” sözünü saxta sözünün əvəzləyicisi kimi işlətməsi buna örnək ola bilər.

Thursday, April 8, 2010

Qığıltı

Göydən üç alma düşdü.


Ardınca üç kəlmə.

Arxasınca da üç nöqtə.

İnsanlar almaları yedilər,

Sözləri,

Gördülər və eşitdilər

Nöqtələri götürdülər.

Sözünü verən Tanrıya

Açıqca yazdılar.

Dedilər: “sağ ol nağıl üçün –

-Dalınca üç nöqtə -

İnanaq buna?”

Göydən üç damla düşdü...

Sunday, April 4, 2010

Diriliş 2010



Bu gün bir çox kilisələrdə İsa Məsihin ölümdən dirilməsi qeyd edilir. Onun ölümdən dirilməsi xristianlar üçün özəl rola malikdi. Tarixi fakt olmasına xristianların inandığı diriliş bayramı İsa Məsih kimi bütün inanclıların ölümdən diriləcəyinə işarət edir. Bundan başqa diriliş İsa Məsihdə insanların çəkdiyi ağrı-acıların anlamca dəyişdiyini, yeni məna kəsb etdiyini anladır.

Bu bayramı qeyd edən hər kəsin bayramını təbrik edirəm.

Tuesday, March 30, 2010

Azərbaycanın içtimai yaşamında kilisələr


Azərbaycanda İsəvi icmaları içtimai həyatda necə iştirak edə bilərlər və buna ehtiyac varmı? Məncə, buna ehtiyac var. Kilisələr insanları müəyyən dəyərlər əsasında birləşdirən qruplardı. Bu qruplardakı insanlar öz inanclarını yaşamağa çalışaraqdan içtimai həyatda fəal rol ala bilərlər. Bu icmalardakı insanlar həm də Azərbaycan Respublikasının vətəndaşlarıdı. Vətəndaşın isə öz ölkəsinin içtimai yaşamında iştirak etməyə haqqı tanınır.


Kilisələr nə edə bilər? Çox şey. Məsihilik inancını yaymanın yanısıra, kilisələr Azərbaycan Respublikasındakı çağdaş problemlərin həllində yaxından iştirak edə bilər. Bunun üçün isə əlbəttə kilisələrdə liderlərin yetişməsi qaçınılmazdı.

Thursday, March 25, 2010

Pastoral genəşik



Tamam, “genəşik” sözünü oxuyub qaşlarınızı çatmazdan, dodaqlarınızı büzməzdən və “bu nə farmazonluqdu” düşünməzdən öncə, deyim bu nədi. Genəşik, dilimizdəki genəşmək felinindən gəlir, birisi ilə məsləhətləşmək, anlamındadı. Özü də necə lazımdı öz sözümüzdü. Millətçilərimizə muştuluq aparın, ay oxucular!:)

Genəşmək sözündən genəşik yəni məsləhət sözünə çıxmaq üçün çox farmazonluq eləməyə də ehtiyac yoxdu. Elə sözün kökündən də göründüyü kimi (gen+əş+mək daha doğrusu genəş – mək), ən az iki adamın qarşılıqlı münasibətə girib biri-birilərinin dünyasını sözlə, biliklə, hisslə genişlətməsi və daralmışlıqdan qurtarması genəşik ünsiyyətində baş verir. Bunun ən geniş yayılmış şəkli sözlədi. Hər hansı haqq-hesab üçün sözlə bilgi-hiss alış-verişinə girməyin başqa adı məsləhətləşməkdi.

Söz oyununu burda qoyaq, keçək pastoral genəşiyin nəliyinə. Pastoral genəşik pastorluğa çağrılmış insana Qutsal Ruhun verdiyi bir işdi. Bu iş pastorla məsləhətləşməyi, pastorla şəxsin və ya şəxslərin (ailə, kiçik qrup) danışmasını və bilgi, dəstək, alış-verişini bildirir.

gündəlikdə axtarış