Wednesday, September 29, 2010

DuaLogia

Dua,

Düşünülür,
Pıçhapıç olur,
Söylənir,

Qəfildən gəlir,
Ağızdan qaçdı olur,
Sözlənir.

Friday, September 24, 2010

Olsun, Olmasın?

Azadlıq radiosu Katolisizmin problemlərindən biri haqqında yazır. Kilisə xadimlərinin evliliyinə/cinsəl həyatına gətirilən yasaq və onun aradan qaldırılması ara-sıra Katolisizmdə müxtəlif qalmaqallara, mübahisələrə yol açır. 
Kilisə atalarının, xadimlərinin cinsəl həyatdan imtina etməsi və ya bakirə həyatını seçməsi Pravoslavlıqda, Protestantlıqda könüllü, Katolisizmdə isə məcburi xarakter daşıyır. Pravoslavlıqda az-çox görülsə də Protestantlıqda bakirəlik əhdi rahiblik yaşam tərzinin çökməsiylə birgə iflasa uğrayıb. Bununla belə, indiyə qədər ara-sıra Protestantlarda bakirəlik əhdi götürmüş insanlara rastlanır. 
Yəqin ki, gələcəkdə bakirəlik əhdi Katolik kilisə xadimləri üçün də könüllü olacaq və bir müddət sonra tamamən unudulacaq. Sosial həyatın, mətbuatın gedərək cinsəl mövzulara daha çox yer ayırdığı, cinsəl yaşamın gedərək ortaya çəkildiyi bir dönəmdə belə bir institutu saxlamaq və gəlişdirmək çox çətindir.   

Sunday, September 19, 2010

Pastoral Genəşikdən bir parça


Pastoral genəşiyin dərininə getdikcə, insanlarla görüşüb problemlərini, dərdlərini dinlədikcə bir-iki nüansı yavaş-yavaş aydınlanır. Həmin nüanslar bir pastorun tanıması, qəbul etməsi və izləməsi gərəkən pastoral nəzakət və ruh özəllikləridi. 
Birincisi, insanları dinləmək asan deyil. Bu azmış kimi, insanları hər zaman eyni və ya yaxın mövzularda dinləmək heç yerli-dibli asan deyil. Odur ki, insanların dərdini, problemlərini müntəzəm dinləyən pastorun insan dərdlərinə kütləşmə, problemlərə, insan yanğısına yadlaşma ehtimalı artır. Pastor bundan xəbərdar olmalı və bunu önləməyə çalışmalıdı. İnsanların canyanğısına, ürəkboşaltmalarına yadlaşma, pastorun İlahi ilə münasibətini zəiflədir. Odur ki, pastor, birincisi, yaxşı, aktiv və dərindən dinləməyi bacarmalı, ikincisi də insanları dinləyərəkdən, onların dərd-sərinə aydınlıq gətirərkən onlara və özünə yadlaşa biləcəyinin fərqində olmalı və bunu önləmək üçün tədbir görməlidi. 

Monday, September 13, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 2



Burda bir haşiyə çıxaq. Soruşula bilər ki, niyə gözəlin gözəlliyini anlamaq üçün Haqqı - İlahini bilməyə ehtiyac var? Axı Haqqı tanımayan yəni İlahiyə inanmayan birisi də gözəlin gözəlliyini anlaya və tanıya bilər. Bu suala, əgər biz Nəsiminin dünyası ortamında və Nəsiminin gözüylə baxsaq “yox” cavabı verəcəyik. Ona görə ki, Haqqı tanımayan gözəlliyə baxır, ancaq onu görmür, çünki Nəsimi demiş, gözəlliyi-məhliqanı görmək üçün Haqqı görən göz gərək. Rəbbə inanmayan, İlahiyə inanmayan materialist, ateist üçün gözəllik son nəticədə materiyanın məmnunluq verən fiziki-sosial özəlliyindən başqa bir şey deyil. Nəsiminin dünyasında isə gözəllik sadəcə fiziki gözəlliktək görülmür. Gözəllik, özəlliklə məhliqanın gözəlliyi, yaradılmışın, bir yaratığın gözəlliyidi.

Wednesday, September 8, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 1



Haq görən bir göz gərək, görsün səni, ey məhliqa,
Yüz baхa, görməz хudanı, göz əgər хudbin оla. (Nəsimi)





Yuxarıdakı beyt Nəsiminindi.  Çox maraqlı beytdi, bir neçə həftə bundan öncə İnternetdən tapdım, sonra da bilgisayarıma köçürdüm.  Xoşum gəldi, ona görə. Aşağıda həmin beytlə bağlı qeydlərimi açıqlayıram.

Bu beyt göz sözünün mərkəzi qavram-mənayüklü söz kimi istifadəsi üzərində qurulub. Göz sözü iki dəfə, gözlə bağlı başqa sözlər də bir neçə dəfə işlənir (görsün, baxa, görməz və dolayısıyla xudbin).
Bundan başqa beytdə baxmaq və görmək arasında fərq qoyulur. Baxmaq görməkdən öncə gəlir. Görmək üçün baxmaq lazımdı, ancaq baxmaq öz-özünə görməyə səbəb olmaz. Baxmaq fizikidi və görməyin şərtidi, görmək burda qavramaq, fərqinə varmaq, düzgün və yerində dəyərləndirmək anlamındadı. Beyt dolayısıyla görməyin nəylə şərtləndiyi açıqlayır (X-i görmək üçün Y-i görmək lazımdı).

Saturday, September 4, 2010

Şəkilli Qurani-Kərim


Məncə, Azərbaycandakı müsəlmanların, özəlliklə də modern düşüncəyə yaxın olan müsəlmanların kitab, şəkil, müqəddəs söz, bir sözlə, vəhy və onun materiyada ifadəsi qavramlarını zənginləşdirmək və ümumiyyətlə ağlı olan hər kəsi, xristianı, musəvisi, krişnaçısı da daxil olmaqla düşündürmək üçün müqəddəs kitabların komiksini hazırlamaq olar.
Deyəcəksiniz öncə Bibliyanın komiksini hazırlayın. Onu artıq hazırlayıblar, çap ediblər və yayıblar. Özü də bir deyil, dəfələrlə. Sadəcə bizimkilərin yəqin ki, əlinə keçmir. Komiks janrı Azərbaycanda yayğın deyil. Ancaq əminəm ki, onun da marketini yaratmaq olar, çünki ölkədə istədiyiniz qədər potensial komiks oxucusu var. Komiks, qısacası, şəkilli-sözlü hekayət deməkdi, vəssalam. Hər hansı bir komiksdə hekayə, kitabın anlatmaq istədiyi sadəcə sözlə deyil, həm də şəkillərlə anladılır. Bu, (şəkillərin, rəsmlərin hekayəni anladan əsas vasitəyə çevrilməsi) komiksi digər növ şəkilli kitablardan ayıran başlıca özəllikdi. Odur ki, oxucu cümləni oxuyub, həmin cümlədə bəhs edilən məsələnin təsvirini, şəklini də görmək imkanında olur. Şəxsən mən indiyə qədər bütöv Bibliyanın komiksini tapmamışam, ancaq tapsam böyük məmnuniyyətlə oxuyardım. Ona görə yox ki, komiks həvəskarıyam, ona görə ki, komiks vasitəsilə sözün yanısıra oxucuya əlavə informasiya ötürmək və oxumaq (və baxmaq) yaşantısını zənginləşdirmək olar. 

gündəlikdə axtarış