Friday, June 25, 2010

Vaiz və vəəz

Əgər Azərbaycan ədəbiyyatına, xüsusən də klassik ədəbiyyata göz atsanız zahid, zünnar, sözüylə yanaşı ara-sıra vaiz sözünün də işlədildiyini görəcəksiniz. Vaiz və vəəz hər ikisi ərəb sözüdü. Sözlərinn kökünün və hərfi anlamının nə olduğunu bilmirəm, ancaq kilisədə pastorun, kahinin Qutsal Kitabı anlatmasının - insanları inanca, barışığa, sevgiyə çağırmasının və bu məqsədlə etdiyi çıxışın - vəəz adlandığını və bunu edən şəxsin də vaiz adlandığını bilirəm. İslamda buna bənzər xütbə və xütbə oxumaq anlayışı var. Burda qısa haşiyə çıxım: zahidlər necə rişxənd və kinayə obyekti - metafor olubsa, vaizlərə də ondan bir pay düşüb (“Zahidin bir barmağın kəssən...”i xatırlayın).
Vaizlik inanca dayanır, o inanclılar və qeyri-inanclılar üçündü. Fərqli Məsihilik budaqlarında vaizlik işi fərqli önəmə malikdi. Söz güləşdirməkdə və deyəsən çox danışmaqda Protestantlar atlanıb hamıdan qabağa düşüblər ona görə də Protestantlar arasında vəəz və vaizlik çox gəlişib. Ancaq ciddi yanaşsaq, bunun özünəməxsus teoloi özəlliklərdən qaynaqlanan səbəbləri var.
Aşağıda mən, Pravoslav kilisəsində bir vaizin (İyerey Sısoev) vəəzini yerləşdirmişəm. Daha sonrakı postlarda Katolik və Protestant vəəzlərini yerləşdirəcəm ki, müqayisə edə biləsiniz. Onlardan sonra da vaizlik üzərinə bir – iki cızma-qara edəcəyik. Vaizlərin danışdıqları ilə razılaşmaq önəmli deyil bu halda, və onları seçərkən də mövzusuna görə deyil, aidiyyətinə əsasən seçmişəm. 


Monday, June 21, 2010

İnancın yolları (Romalılara 12:9-21)

“9.Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10.Qardaşlıq sevgisi ilə biri-biriniz sevin. Hörmət göstərməkdə biri-birinizi qabaqlayın. 11.Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12.Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13.Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.

Sunday, June 13, 2010

Islam və Məsihilik: İlahi üzərinə vəhyin ortancı və qırağı

Həm İslamda, həm də Xristianlıqda İlahinin təkliyi qəbul olunsa da fərqli başa düşülür – bunu bir daha təkrarlayım. Bunun daha dərində yatan kökləri var. Məncə, İslam İlahinin kəmiyyətinə, sayına, Məsihilik isə, İlahinin keyfiyyətinə, necəliyinə diqqət yetirir.

İslamda İlahi təkdir, bunu qəbul elə, bundan sonra da Məhəmmədin Allahın təkliyini öyrətdiyinə və onun peyğəmbəri olduğuna inan, olursan müsəlman.

İsəvilikdə isə, vurğu İlahinin sevgi-mərhəmət keyfiyyətinin olması üzərindədi. İlahinin təkliyini İsa Məsihdən öncə də bilirdilər, ondan sonra da bilirlər. Bunu qəbul etməklə birisi xristian olmaz.

Tuesday, June 8, 2010

Teofani və teo-fani


Teofani yunan sözüdü. Bizim dilimizə təcəlla kimi çevirmək olar. Təcəlla İlahinin özünü insanlara bir şəkildə göstərməsidi. Əslində Rəbbin insanlara danışması da Tanrının özünü insanlara göstərməsidi, lakin təcəllada Tanrının insanlara görünməsi və ya insanlarla əlaqəyə girməsi daha intensiv, sıx və daha yaxın olur. Elə buna görə də təcəllaya vəhyin özəl, daha konkret, daha açıq və görməklə qavranılan şəkli deyilə bilər. Teofani (teofaniya, teofanos kimi şəkilləri də var) və ya təcəlla bütün İbrahim dinlərində tanınan bir fenomendir.

Thursday, June 3, 2010

İnanc hədiyyəsi

Bir insan tanıyıram. Dolayısıyla. Fərqli inanclardan keçib Məsihiliyə üz tutmuş bu adamın son günlər gözlərimin önündə göz görəsi, inancından imtina etməsi, ateistləşməsi, sözün düzü, məni bir az üzdü. Ancaq nə etməli? Görünür, belə də olmalıymış. Önəmli olan onun insanlığıdı, vəssalam. Gerisini biz deyil, Tanrı bilər. Ateistləşməsinin başlıca səbəblərindən biri, özünün dediyinə görə, İlahinin varlığı üçün yetərincə sübutun olmamasıymış. Lakin məsələ burasındadı ki, çağdaş elmi qavramların çərçivəsində axtarılan sübutlar Tanrı haqqında hər hansı birmənalı fikrə gəlməyə əsas vermir. Tanrının mövcudluğunu birmənalı sübut etmək mümkün olmadığı kimi, onun yoxluğunu da birmənalı sübut etmək mümkün deyil. Belədə, birinin seçəcəyi ən yaxşı mövqe ateizm deyil, aqnostisizmdi.


Tanrıya inancını dəlil-sübuta dayandırmağa çalışmaq əslində iradəsinin hesabına tam açıqlanması mümkün olmayan bir məsələdə qərara varmaqdan vaz keçməkdi. Bu da başa düşüləndi, çağdaş dünyamızda inanc bir qayda kimi, o qədər marginal bir məsələdi ki, onsuz da yaşamaq olar, onu həyatımızın qeyri-müəyyən parçasına çevirmək olar. Başqa sözlə Tanrının var olub-olmadığını bilmədən yaşamaq da mümkündü, çünki çağdaş dünyamızda çoxluq üçün bu o qədər də önəmli deyil.

Həmin şəxsin dəyişməsini görmək məni bir daha belə fikrə dönməyə vadar edir ki, inanc, daha doğrusu, iman Məsihiliyin öyrətdiyi kimi hədiyyədi. Rəbbin hədiyyəsi. Rəbb onu verməzsə, zorla onu almaq olmaz. Tanrıdan gəlməyən inanc isə son nəticədə qurumağa məhkumdu.

gündəlikdə axtarış