4.
İlkin, Xristianlıqda İlahi anlayışını, İslamdakı İlahi anlayışı ilə müqayisə edərsənmi?Bu iki tanrı anlayışı arasında böyük fərq vardır. Xristianlığın təbliğ etdiyi tanrı insanlardan ondan qorxmağı tələb etmir, münasibətdə vurğunu sevgiyə qoyur. Xristianlığın Allahı insanları parçalamağa deyil, birləşdirməyə cəhd edir. Yeni Əhdin heç bir yerində “xristian yalnız xristianla dost olmalıdır, kafirləri özünüzə dost tutmayın” kimi düşmənlik təbliğ edən ifadələrə rast gəlməsziniz. Xristianlığın Allahı kitablarını qoruyur və verdiyi sözlərə əməl edərək onların təhrif olunmasına imkan vermir.
Xristianlıqda Allah- Allah (simvolik olaraq Ata), Allahın Sözü (simvolik olaraq Oğul) və Allahın Ruhu (Müqəddəs Ruh) olaraq üç ipostasiyadadır və o üç ipostasiya bir substansiyadır. Xristianlığa görə Allahın Sözü (və ya Kəlamı) heç zaman yaradılmamışdır (çünki yaradılsa idi, belə çıxırdı ki, nə zamansa Allah Kəlamsız olub, bu isə mümkün deyil) və əzəldən olaraq Allahın Özü ilə olmuşdur, həmçinin Allahın Ruhu heç zaman yaradılmamışdır və əzəldən Allahda olmuşdur. Allahın Kəlamı və Allahın Ruhu da yaradılmadıqları üçün məxluq deyillər, Onlar məxluq olmadıqları üçün, Allahdan da başqa hər şeyin məxluq olduğu üçün, Allahın da Kəlamı və Ruhu ilahi təbiətə malikdir və Allahdır. Beləliklə tək, şəriksiz və vahid Allah üç ipostasiyada Özünü tam şəkildə ifadə edir.
Başqa dinlərdə insanlar Allaha doğru meyl edirlər, isəvilikdə isə Allah insanlara doğru meyl edir və bu çox böyük fərqdir. Allahın Kəlamı olan İsa insana çevrilərək həm də insani təbiəti qazanmış, bununla da yarıallah-yarıinsan yox, tam olaraq Allah və tam olaraq insan olmuşdur. İsa Məsih günahdan başqa bütün xüsusiyyətlərdə insanlarla bir olmuşdur, yer təlim etdiyi üç il ərzində bəşəriyyətə çox müdrik bir təlim bəxş edərək insanların günahları uğrunda qurban verilmişdir. Bəziləri soruşurlar ki, Allah necə çarmıxda əzab çəkə bilər. Bu suala cavab bundan ibarətdir ki, çarmıxda həmin əzabı çəkən İsanın insani təbiəti idi, İsa insan olaraq çəkirdi həmin əzabı və insan olaraq da çarmıxda vəfat edərək üç gündən sonra öz gücü ilə ölülərdən dirildi. Diriləndən sonra şagirdlərinə və bir çoxlarına göründü, onlarla ünsiyyətdə oldu və bir müddət sonra insani təbiətini də özü ilə saxlayaraq Allaha qayıtdı. Buna görə də Allah bəşəriyyəti o qədər sevdi ki, hətta öz yeganə Oğlunu bəşəriyyətin xilası üçün qurban verdi. Xristianlığın İlahı belədir.
İslamın tanrısı isə özünə qarşı qorxu hissini çox tələb edir, münasibətdə vurğunu qorxuya qoyur. Bəli, islamda Allah sevgisi də vardır, lakin qorxu sevgidən öndə gedir. Təəssüf ki, islamın tanrısı insanları parçalamağa, müsəlmanı qeyri-müsəlmana qarşı qoymağa meyllidir. Bunu Quran ayələrindən görmək olar. İslamın tanrısı ilahi kitabları, yəni Qurandan öncə göndərdiyini iddia etdiyi kitabları ya qoruya bilməyib, ya da qorumaq istəməyib. Nəticədə sual yaranır- haradan əmin ola bilərik ki, Quranın da aqibəti öncəki mifik kitabların aqibəti kimi olmayıb?
İslamda tanrı bir ipostasiyadan ibarətdir. Lakin bununla belə ortodoksal islam tərəfindən Allahın Kəlamı hesab olunan Quranın, yəni Qurandakı sözlərin, Kəlamların yaradılmadığı iddia olunur. İslam dinində də Allahın hər zaman Kəlama malik olduğuna inam vardır. Eləcə də islam dininə görə Allahın sifəti Allahdan ayrı deyildir və Allahın özüdür. Quranın da islama görə Allahın sifəti olduğunu, yaradılmamış olduğunu nəzərə alsaq, nəticədə Quranın da ilahi təbiətə malik olması qənaətinə gəlmiş olarıq, Allahdan başqa ilahi təbiətli yoxdur, nəticədə Quran da Allah olur, lakin islam bununla razılaşmır və nəticədə bu sahədə boşluq yaranır. Bu məsələ isə xristianlıqda çox önəmlidir, çünki Allahın Kəlamı yaradılmamış olduğundan Allah olduğu üçün Allahın Kəlamı olan İsa Məsih də Allahdır.
5. Səncə Məsihi kimə deyilir? Bir insanın həm müsəlman həm də Məsihi olması mümkündürmü? Mümkündürsə və ya deyildirsə cavabının necə və niyəsini açıqla.
Məsihi sözü ərəb mənşəli sözdür, bu sözün yunan mənşəli alternativi isə xristiandır. İsəvi sözü də bu sözlərin sinonimidir. İsa Məsihin ardıcılı olan, İsa Məsihə lazım olduğu kimi inanan, yəni düzgün inanan (çünki yeqovistlər, mormonlar, müsəlmanlar, bəhailər, munistlər, və hətta bəzi buddistlər də İsa Məsihə inanırlar) Onun təliminə əməl edən, Onun təliminə uyğun yaşayan insan məsihidir.
Bir insanın həm müsəlman, həm məsihi olması qeyri-mümkündür, çünki bu dinlər arasında çoxlu böyük fərqlər vardırlar. Məsihiyə yalnız linqvistik mənada, yəni Allaha təslim olmuş mənasında müsəlman demək olar, lakin Muhəmmədin qoyduğu təlimin ardıcılı mənasında yox.
6. Yaşadığın ölkədə səncə İsəvilərin xristian kimi ən önəmli problemləri hansılardır?
Azərbaycanda cəmiyyətin bir hissəsinin azərbaycanlı xristianlara qarşı fobiyası vardır, bu da Azərbaycan cəmiyyətinin plyuralizmdən və individualizmdən çox uzaq olmasından irəli gəlir. Cəmiyyət kor-koranə şəkildə ənənəvi fikirləri yaşatmaqda davam edir və bu ənənəvi fikirləri yaşlı nəsildən gənc nəslə ötürür, gənc nəsil də həmin ənənəvi fikirləri yaşadaraq gələcək nəsillərə ötürür və bu zəncirvarilik davam edir. Dialektikanın heç bir mərhələsini keçməyən cəmiyyətin bundan artıq olması mümkün deyil. Çünki Azərbaycanda atalar və oğullar problemi yoxdur, Azərbaycanda ancaq atalarvar və oğul da ata olaraq özündən öncə olan ataların bütün fikirlərini heç bir dəyişiklikliyə uğratmadan özünə alaraq gələcək nəsilərə ötürməklə məşğuldur və yalnız ataların olması, oğulların olmaması bunları illərlə yerində saymağa məhkum edir.
Nəticədə çoxları milliyyətlə dini aidiyyatın fərqini anlamır, hesab edirlər ki, azərbaycanlı gərək əcdadlarının dini olan islam dininə inansın. Maraqlıdır ki, əcdad dedikdə nəyə görəsə islamdan öncəki əcdadlar yada düşmür. Yəqin ki, bu da cəmiyyətdə geniş yayılmış ikili standartların formalarından biridir.
7. Azərbaycanda yerli kilsələr arasında münasibətlər necədir?
Yerli kilsələr arasında münasibətlər yaxşıdır.
Mən deyərdim ki, təkcə xristian idarələri arasında deyil, həmçinin Qafqaz Müsəlmanları idarəsi ilə də kilsələr arasında münasibətlər yaxşıdırlar və bu münasibətlər dostluğa doğru atılan addımlar üzərində qurulublar.
8. İlahinin varlığını sübut etmək mümkündürmü?
Allahın varlığını da, yoxluğunu da sübut etmək mümkün deyil. Allahın varlığına da, yoxluğuna da sadəcə inanmaq olar. Allahın varlığının xeyrinə gətirilən arqumentlərin heç biri fakt qüvvəsinə malik olmadığından onlara sübut demək olmaz. Sıfırdan başlasaq, tanrının və ya tanrıların varlıqlarına inam ətraf mühitin, təbiətin müşahidəsindən, seyrindən sonra yarana bilər. Misal üçün, əgər siz indi kompüter qarşısındasınızsa, siz əminsiniz ki, həmin kompüter kimlərsə tərəfindən düzəldilib. Həmçinin də bu dünya da həmin kompüter kimi kimlərinsə işinin nəticəsidir. Sonra tək tanrı prinsipi gəlir. Bu, həm asandır (çoxlu səbəblər üçün çoxlu tanrıların olmasına ehtiyac yaranır, hər dəfə yeni kəşflər edildikcə, yeni tanrılara da ehtiyac yaranır. Təsəvvür edin ki, əgər indiyə kimi çoxallahlı olaraq qalsaydıq, məncə indi texnologiya tanrısına ehtiyac olardı), həm də yaradıcı qüvvənin ideal olmasına inanmaq üçündür. Tək və şəriksiz olan Allahın hər şey yaratması, hər şeyi idarə etməsi və bu təkliyə və şəriksizliyə arqument şəklində yaradılanların bir-birinə möhtəşəm uyğunluğu (misal üçün, qidanın orqanizmə uyğunluğu, erkəyin və dişinin bədənlərinin bir-birilərinə uyğunluğu və sair) görünür. Beləliklə tək və şəriksiz Allah həm də İdeal Varlıqdır. Hətta politeist dinlərin çoxunda hər şeyi idarə edən baş tanrıya, ali qüvvəyə inam vardır.
Çox zaman belə bir sual verirlər ki, nə üçün elm təcrübələr sayəsində demək olar ki, hər şeyi sınaqdan keçirə bilir, istənilən fikrin və iddianın düzgün olub olmaması elmi təcrübələrlə sübut oluna bilər, lakin Allahın varlığı elmi yol ilə sübut oluna bilməz? Bu suala cavab çox sadədir- insan özünün hakim olduğu varlıqlar üzərində təcrübə keçir, onları laboratoriyada sınayır. Allah üzərində insanın hakimiyyəti olmadığı üçün Onun üzərində təcrübə keçirmək qeyri-mümkündür. Bu səbəbdən də elm Allahın varlığını sübut edə bilmir.
9. İlahiyə inanc və ya inanmamaq səncə nə fərq edir?
Bu fərq insandan insana dəyişir. Bu fərq ciddi ola da bilər, ciddi olmaya da bilər. Fərqlər əsasən xasiyyətdə, psixoloji vəziyyətdə, əməllərdə özlərini göstərirlər.
10. Səncə bir azərbaycanlı kimi sənin etnik-mədəni kimliyinlə (azəri, Azərbaycanda doğulub böyümüş, bir vaxtlar müsəlman olmuş) dini kimliyin (isəvi) necə əlaqələnir? Onların arasında münaqişə olubmu və ya varmı?Mən özümü bir vaxtlar müsəlman olmuş heab etmirəm. Doğulandan indiyə kimi Quranın təhrif olunmasına və onun başqa kitablardan köçürülmüş olmasına inanan şəxs müsəlman ola bilməz. Mən millətçi və irqçi deyiləm, insanın hansı milliyyətə aid olması da mənim üçün önəmsizdir, lakin əlaqələndirməyə çalışsaq, mənim etnik-mədəni kimliyim olan azərbaycanlılıq, azərilik elə biz azərbaycanlıların, azərilərin əcdadları ilə tam uyğunluq təşkil edir. Deməli mən, sadəcə olaraq ulu nənə-babalarımın inandığına inanıram. Buna görə də bu iki ünsür bir-birini çox mükəmməl şəkildə tamamlayır və onlar arasında heç bir münaqişə ola bilməz.